MTRŞ milli filmlərin istehsalı ilə bağlı dəyirmi masa keçirdi
16 sentyabr 2011 18:36 (UTC +04:00)

MTRŞ milli filmlərin istehsalı ilə bağlı dəyirmi masa keçirdi

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Azərbaycan Respublikasında milli filmlərin istehsalında qarşıda duran vəzifələr” adlı dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə ölkə başçısı İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün büdcədən ayrılan 5 milyon manatın hansı istiqamətdə sərf olunması ilə bağlı geniş müzakirələr aparılıb.

Bakı Dövlət Universitetinin müəllimi, televiziya mütəxəssisi Zeynal Məmmədli hər şeydən öncə sosialoji sorğunun aparılması zərurətindən danışıb: “Biz müəyyənləşdirməliyik ki, bu seriallara kimlər baxacaq? İkinci məsələ nə tip seriallar çəkilməlidir? Dünya təcrübəsində sənədli serialları çox geniş yayılıb. Bəlkə bu tipdə seriallardan başlayaq?”

İctimai televiziyanın baş redaktoru Rafiq Səməndər güclü ssenarilərə ehtiyac olduğunu vurğulayıb: “Bu məsələni müsabiqə yolu ilə həll etmək olmaz. Çünki bu gün xarici teleseriallarda gördüyümüz tipajlar, xarakterlər milli seriallarımıza gətirilir”.

Azərbaycan Televiziyasının aparıcısı, diktor, kino redaktoru Rafiq Hüseynov peşəkar ssenaristlərə serial sifarişin verilməsinin vacibliyini vurğulayıb: “Mən bu gün yayımlanan seralların ssenaristlərini tanımıram. Dioloqlar biabırçılıqdır”.

MTRŞ sədri sonda öz təkliflərini irəli sürüb: “Prezident tərəfindən serialların və telefilmlərin çəkilişi üçün ayrılan məbləği xərcləməyin birinci variantı ən yaxşı ssenarilər üçün tender elan etməkdir. Yaradılacaq komissiya həmin tenderdə qalib gələn serialın 1-2 seriyasına baxdıqdan sonra davamının çəkilib-çəkilməyəcəyinə qərar versin. İkinci məsələ dövlət özü bu serialların simvolik məbləğ əvəzində mülkiyyətçisi rolunda çıxış etsin. Çünki gələcəkdə dövlətin öz maraqları üçün və xaricdə nümayiş olunmaq üçün bu seriallardan istifadəyə ehtiyac yarana bilər”.

Nailə Rövşənqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar