Xaçmazın 7 kəndinin şagirdləri “Dayaq”lı məktəblərdə təhsil alacaq
16 sentyabr 2011 13:00 (UTC +04:00)

Xaçmazın 7 kəndinin şagirdləri “Dayaq”lı məktəblərdə təhsil alacaq

Xaçmaz rayonunda 7 məktəbin şagirdləri yeni tədris ilində də qəzalı məktəblərdə təhsil alacaq. Bunlardan ən pis vəziyyətdə olanı rayonun Müzəffəroba kənd orta məktəbidir. Məktəbin 3 otağı tamamilə yararsız vəziyyətə düşdüyündən onlardan istifadə etmək mümkün deyil. Təhsil ocağı artıq 2 ildir qəzalı vəziyyətdədir. Elə o vaxtdan bu günə kimi məktəb dirəklərin köməkliyi ilə “ayaqüstə” dura bilib. Müzəffərobada yeni məktəb binasının təməli qoyulub. Kənddə 180 yerlik ikimərtəbəli yeni məktəb binası inşa olunur.

Rayonun Qıraqlı kəndində də acınacaqlı vəziyyət hökm sürür. Məktəb 60 il bundan əvvəl sovet dövründə mədəniyyət tədbirlərin keçirilməsi üçün inşa olunan binada yerləşdirilib. Kənd sakinlərinin Lent.az-a verilən məlumata görə, qışda burda vəziyyət daha ağır olur. Təhsil müəssisəsində texniki avadanlıqdan istifadə etmək mümkünsüzdür. Kompüterlər direktorun otağına yerləşdirilib. Qışda isə məktəbdə davamiyyət aşağı düşür. Təhsil müəssisəsində istilik problemi olduğundan şagirdlər məktəbə gəlmirlər.

Bundan başqa, rayonun Köhnə Xaçmaz, Qaradağbuduq, Qıraqlı, Qaraçı, Uzunoba, Hacılar, Müzəffəroba kənd məktəbləri qəzalı vəziyyətdədir. Xaçmaz rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, qəzalı məktəblərin təmiri ilə əlaqədar Təhsil Nazirliyinə müraciət olunub.

Xaçmaz rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, qarşıdakı iki il yarımda bütün qəzalı məktəblər yeniləri ilə əvəz olunacaq.

Vəli Turan
# 1339

Oxşar yazılar