MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd edilib - FOTO
15 sentyabr 2011 16:05 (UTC +04:00)

MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd edilib - FOTO

Yeni tədris ilinin başlanması ilə əlaqədar respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında da «15 Sentyabr - Bilik günü» təntənəli surətdə qeyd olunub.


Lent.az-ın məlumatına görə, əlaçı kursantlar Dövlət Bayrağını qaldırandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin 21 avqust 2004-cü il tarixli fərmanı ilə hər il 15 sentyabr ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Azərbaycan Avropanın əksər inkişaf etmiş ölkələrini özündə birləşdirən Boloniya prosesinə 2005-ci ildən qoşulub, respublikada təhsilin ən müasir beynəlxalq tələblərə uyğun təşkili, milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyini, dünya təhsil sisteminə inteqrasiyanı təmin etmək məqsədilə 2009-cu il iyunun 19-da “Təhsil haqqında” qanun qəbul edilib.


Şahin Sultanov deyib ki, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adının verilməsi, Ali Baş Komandan İlham Əliyevin Akademiyada Heydər Əliyevin abidəsinin və «Şöhrət» muzeyinin açılışlarında iştirak etməsi, Milli Təhlükəsizlik Nazirliyinin və onun akademiyasının fəaliyyətini yüksək qiymətləndirməsi ən əlamətdar hadisə olmaqla yanaşı, fəaliyyət üçün yeni stimul verib. General-mayor bildirib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı və nəzarəti sayəsində Akademiyada ən mükəmməl təhsil üçün planlı tədbirlər həyata keçirilir, təlim-tədris bazası daha da təkmilləşdirilir və durmadan inkişaf edir.

Şahin Sultanov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından təşəkkür edib.


Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanıb və Akademiyada tədris prosesinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360

Oxşar yazılar