Binəqədidə təhsil işçilərinin konfransı keçirilib - FOTO
13 sentyabr 2011 16:15 (UTC +04:00)

Binəqədidə təhsil işçilərinin konfransı keçirilib - FOTO

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, konfransdan əvvəl rayon ərazisində yaşayan şəhid, əlil, aztəminatlı və məcburi köçkün ailələrindən olan 100 nəfər məktəbliyə RİH başçısı tərəfindən məktəbli çantası, dərs ləvazimatları təqdim olunub, maddi köməklik edilib. Daha sonra millət vəkillərinin, ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin, idarə, təşkilat, müəssisə rəhbərlərinin və təhsil işçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə çıxış edən RİH başçısı Alı Qocayev təhsil sisteminin inkişafının ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafından qaynaqlandığı bildirib.


Hesabat məruzəsi ilə çıxış edən RİH başçısının müavini Eldar Ağayev rayonda fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbində 2010-2011-ci tədris ilində 2466 nəfər şagirdin məktəbi bitirdiyini, bunlardan 2309 nəfərinin ali məktəblərə sənəd verdiyini və 1166 nəfərin ali məktəblərə qəbul olunduğunu deyib. Tələbə adını qazananlardan 72 nəfərinin 600-dən, 15 nəfərinin isə 650-dən çox bal topladığını bildirən natiq eyni zamanda 299 saylı orta məktəbin şagirdi Xavər Feyzullayevanın respublika üzrə 700 bal toplayan 4 nəfərdən biri olduğunu diqqətə çatdırıb.


O, Prezidentin sərəncamı ilə rayonun 3 məktəbinin - 100, 102, 283 nömrəli məktəblərin “ən yaxşı ümumtəhsil məktəbi” adına, 6 nəfər müəllimin “ən yaxşı müəllim” adına və 5 nəfər məktəb məzununun isə yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görüldüyünü bildirib.


Sonda təhsil sahəsində əldə etdiyi uğurlara görə həmin məktəb, müəllim və tələbələrə RİH başçısının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar