Qordon: “ABŞ və Rusiya arasında narazılıqlar olub”
29 iyul 2011 11:08 (UTC +04:00)

Qordon: “ABŞ və Rusiya arasında narazılıqlar olub”

ABŞ ATƏT-i Gürcüstan, Moldova və Azərbaycanda dondurulmuş münaqişələrin həllində aparıcı rol oynamaqda davam etməyə çağırır. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu fikir ABŞ Konqresinin Helsinki Komissiyasında iyulun 28-də keçirilən “ABŞ siyasəti və ATƏT: öhdəliklərin yerinə yetirilməsi” adlı dinləmələrdə səslənib.


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordon bildirib ki, dondurulmuş münaqişələrin nizamlanması ABŞ-ın ATƏT regionundakı prioritetlərindən biridir.


Qordonun sözlərinə görə, ABŞ hesab edir ki, dekabrda Vilnüsdə keçiriləcək ATƏT sammitində diqqət 1999-cu ildə Vyanada qəbul edilmiş etibarın və təhlükəsizliyin möhkəmləndirilməsinə dair sənədin modernləşdirilməsinə yönəldilməlidir. Avropada Adi Silahlara dair Müqavilənin müzakirəsi və Avropada iqtisadi təhlükəsizliyin artırılması məsələsi də Vilnüs sammitinin gündəliyində olacaq.

“Biz Vyana sənədi ilə bağlı bir nəticəyə gəlmək və qərar qəbul etmək istəyirik. Bu sənəd modernləşdirilməlidir. Biz informasiya mübadiləsi, xəbərdarlıq sistemi, müşahidə və digər metodlarla təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsini bir daha nəzərdən keçirmişik”.

ABŞ ümid edir ki, sammitdə Avropa iqtisadiyyatının daha da şəffaflaşdırılması və ATƏT regionunda antikorrupsiya tədbirlərinin gücləndirilməsi yollarını müzakirə etmək üçün imkan olacaq.

Qordonun sözlərinə görə, ATƏT regionunda bir sıra məsələlərlə, o cümlədən dondurulmuş münaqişələrlə bağlı ABŞ və Rusiya arasında narazılıqlar olub: “Biz ATƏT regionunda hələ də əsas səsə malik olan dövlətlə birgə işi davam etdirmək niyyətindəyik”.

Dinləmələrin digər iştirakçısı, ABŞ Müdafiə Katibinin köməkçisi Aleksandr Verşbou bildirib ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanda vəziyyət mürəkkəb olaraq qalır və bu məsələ ATƏT-in işində ən çətin məqamlardan biridir.

“Rusiya ilə Gürcüstan arasında münaqişəni nizamlamaq üçün çox az iş görülüb. ABŞ Gürcüstanın ərazi bütövlüyünü tanımaqda davam edir”.

Digər iştirakçılar ATƏT regionunun ağrılı məsələlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsini qeyd ediblər və bu münaqişədə hələ də qurbanların olduğunu bildiriblər. İştirakçılar münaqişənin tezliklə həll olunmasını vacib sayıb və bu istiqamətdə ciddi addımlar atmağa çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar