Fərdi evlərin tikintisi üçün icazə almaq lazım olmayacaq
28 iyul 2011 13:58 (UTC +04:00)

Fərdi evlərin tikintisi üçün icazə almaq lazım olmayacaq

Azərbaycanda tikintiyə icazə sistemində «susmaq razılıqdır» prinsipi tətbiq ediləcək.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Milli Məclisin «İnzibati və hərbi qanunvericilik» şöbəsinin müdir müavini Səyyad Kərimov Əmlak Məsələləri Dövlət Komitəsinin «Daşınmaz Əmlak» jurnalına müsahibəsində bildirib.


Onun sözlərinə görə, Milli Məclisdə hazırlanan Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər ciddi surətdə sadələşdiriləcək. Sənəddə nəzərdə tutulan yeni prosedur və normativ qaydalar fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməsinə və istifadəyə verilməsinə imkan verəcək.


Tikinti fəaliyyətində tətbiq ediləcək yeni prinsiplərə əsasən şəhərin memarlıq quruluşunda müəyyən qaydanın yaradılması da əvvəldən müəyyənləşəcək. Tikintiyə icazə veriləndə isə tikilinin layihəsinin bu sxemə uyğun olub-olmamağı yoxlanacaq. Ekspertin sözlərinə görə, məcəllədə xüsusilə tikintiyə icazə qaydalarının maksimum sadələşdirilməsi nəzərdə tutulur: “Fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməli və istifadəyə verilməli olduğunu nəzərə alaraq prosedur və normativ qaydalar vətəndaşların tələblərinə uyğun olacaq”.


Tikinti və Şəhərsalma Məcəlləsində ən maraqlı yenilik fərdi evlərin tikilməsi proseduru ilə bağlıdır - bu sahədə «susmaq razılıqdır» prinsipi tətbiq olunacaq, yəni bəzi obyektlərin tikintisi üçün icazə tələb edilməyəcək. S.Kərimovun sözlərinə görə, məcəllədə tikintisi üçün icazə tələb olunan və olunmayan obyektlər müəyyənləşib. Birinci qaydada, yəni tikintisi üçün icazə tələb olunan obyektlər birinci və ikinci məsuliyyət dərəcəli obyektlərdir. Buna misal olaraq hündür mərtəbəli yaşayış evlərini göstərmək olar: «Bu binalar üçün xüsusi təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı məsuliyyət səviyyəsi müəyyən olunub və onların tikintisi üçün mütləq icazə alınmalıdır. Əgər tikilinin layihəsi şəhərsalma normalarına zidd deyilsə, müvafiq qurum 3 ay müddətində icazə üçün cavab verir».


Fərdi yaşayış evlərinin tikintisinə isə icazə tələb olunmayacaq. S.Kərimovun sözlərinə görə, indiyədək fərdi evlərin tikintisi üçün müvafiq icra hakimiyyətindən icazə tələb olunurdusa, məcəllədə bu, «məlumatlandırma icraatı» ilə əvəz olunub. Yəni ev tikmək istəyən vətəndaş onun layihəsini hazırlayır və həmin layihəni ərizə ilə birlikdə tikintiyə icazə verən quruma göndərir. Bu proses məlumat xarakterli olduğu üçün məlumatlandırma icraatı adlanır: «Yəni şəxs tikintiyə icazə verən qurumu məlumatlandırır ki, bu mənim layihəmdir və bu layihəyə uyğun ev tikirəm». Tikintiyə icazə verən qurum layihəni nəzərdən keçirir və onun şəhərsalma planına uyğun olub-olmadığını yoxlayır. Layihəni alan qurumun tikinti sahibinə iradını 30 gün müddətində bildirməlidir: «İrad bildirmə tikintiyə icazə verməmək deyil. İrad bildirən müvafiq qurum layihənin şəhərsalma planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır». İrad əsasında göstəriş tərtib olunur və şəxs bu göstərişi yerinə yetirdikdən sonra işə başlayır. İrad olmadığı halda isə şəxs 30 gün sonra tikintiyə başlaya bilər. Amma bu qayda istənilən fərdi ev üçün yox ev yox, yalnız mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4594

Oxşar yazılar