Havanın temperaturu 44 dərəcəyə çatacaq
28 iyul 2011 13:12 (UTC +04:00)

Havanın temperaturu 44 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti həmçinin kəskin istilərlə bağlı məlumat yayıb.


Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda havanın temperaturunun 44 dərəcəyə çıxacağı göstərilib: “Avqust ayının 03-dək kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti gözlənilir ki, bu da zəif küləklərin üstünlüyü fonunda xüsusilə günorta saatlarında əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür”.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva isə APA-a bildiriib ki, Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir: “Lakin son illər qlobal iqlim dəyişmələri ilə əlaqədar olaraq digər ölkələrdə olduğu kimi, Azərbaycanda da isti günlərin sayı artmaqdadır”.

Onun sözlərinə görə, son illər anomal isti günlərin sayı artıb: “İsti dalğaların davamiyyəti daha uzunmüddətli olub. Məsələn, ötən illərdə bir ay ərzində 40 dərəcəlik hərarət 2-4 gün olurdusa, indi isə anomal isti günlərin davamiyyəti 4-5 gün çəkir”.


U.Tağıyeva deyib ki, son günlər ərzində Azərbaycanda maksimal temperatur çoxillik norma ilə müqayisədə 5,3 dərəcə yüksəkdir. O, artıq uzun müddətdir, Azərbaycana cənubdan qızmar hava kütlələrinin daxil olması nəticəsində temperaturun gündən-günə yüksəldiyini deyib: “Eyni zamanda yer səthi üzərində hava şəraitini nisbətən alçaq təzyiq sahəsi təyin edir ki, bu da havada, xüsusən də axşam saatlarında durğunluğa səbəb olur. Havada oksigenin miqdarı bir qədər azalır. Bununla yanaşı, nisbi rütubət, xüsusən də axşam saatlarında normadan bir qədər yüksək olur. Həmin bu amillərin vəhdəti insanlarda, xüsusən də meteohəssas insanlarda narahatlıq hissi yaradır”.


U. Tağıyevanın sözlərində görə, ETSN tərəfindən ölkə ərazisində anomal istilərin olacağı haqqında əvvəlcədən aidiyyəti orqanlara xəbərdarlıqlar edilir. Bu gün aidiyyəti orqanlara növbəti xəbərdarlıqlar edilib.

U. Tağıyeva bu göstəricinin Azərbaycan ərazisi üçün rekord olmadığını da deyib. Yüzillik metroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar