Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni bina tikiləcək
15 iyul 2011 17:56 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni bina tikiləcək

APA-nın məlumatına görə, tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 2011-ci ilin birinci yarım ili ərzində Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən məsələlər, cəmiyyətdə geniş əks-səda doğuran cinayət işlərinin istintaqı barədə, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 62 məlumat hazırlanaraq kütləvi informasiya vasitələrinə yayımlanmasının təmin edildiyini bildirib. O, həmçinin qeyd edib ki, keçən dövr ərzində kütləvi informasiya vasitələri nümayəndələrinin 627 sorğusu cavablandırılıb və bu rəqəm 2010-cu ilin müvafiq dövründə 545 təşkil edib.

Daha sonra tədbirdə çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov cari ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə çərçivəsində vacib tədbirlərin həyata keçirildiyini bildirib. Korrupsiya ilə mübarizə sahəsində ölkə başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan danışan İ. Kərimov ötən dövr ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində əlavə ştatların yaradıldığını, idarə əməkdaşlarının əmək haqlarının artırıldığını və yaxın zamanlarda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni binanın tikilərək istifadəyə veriləcəyini qeyd edib.

Daha sonra tədbirdə çıxış edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində idarənin imkanlarının genişləndiyini bildirib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış aparmaq səlahiyyətinin verildiyini vurğulayan K. Əliyev bütün bunların onların fəaliyyətinin genişlənməsinə xidmət etdiyini deyib. Azərbaycanın korrupsiyaya qarşı mübarizədə dünya ölkələri arasında öncül sıralarda olduğunu qeyd edən idarə rəisi ölkənin qavrama indeksinin səviyyəsinə görə Rusiya və bir çox MDB ölkələri ilə müqayisədə irəlidə olduğunu vurğulayıb. K. Əliyev bütün bunların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini və korrupsiyaya qarşı mübarizə sahəsində bundan sonra da qətiyyətlə mübarizə aparacaqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar