Sabir Rüstəmxanlı: “Müəllim məni vurmaq istəyəndə, mən onu vurub, qaçdım...”
18 mart 2011 16:51 (UTC +04:00)

Sabir Rüstəmxanlı: “Müəllim məni vurmaq istəyəndə, mən onu vurub, qaçdım...”

Layihə: “Uşaqlığın son gecəsi”

İlk müsahibəmizdə layihənin məramı barədə məlumat vermişdik. Bildirmişdik ki, tanınmış simaların indiki fəaliyyətləri barədə kifayət qədər oxuyub, məlumatlanan oxucularımıza qonaqlarımızın o qədər yazılıb-çizilməyən tərəfini – uşaqlıq xatirələrini açacağıq. Növbəti qonağımız da uşaqlıq və gənclik illərindən yadında qalan maraqlı xatirələrini bizimlə bölüşdü.

...İkinci dünya müharibəsi təzə başa çatıb. Müharibədən məğlub çıxanlar hələ özlərinə gələ bilməyib, qaliblər isə qalibiyyət sevincini yaşamaqdan hələ də həzz alırlar. Alman faşizmi üzərindəki qələbədən cəmi-cümlətanı bir il keçib. SSRİ-nin faşizm üzərindəki qələbəsində böyük pay sahibi olan Azərbaycan SSR-in ucqar rayonlarında insanlar hələ də qalibiyyətin verdiyi yüksək həzlə yaşayırlar.

1946-cı il mayın 20-si. Günəş qara yazın yandırıcı şüaları altında işləməkdən dəriləri qovrulmuş ucqar Yardımlı rayonu sakinlərinin başına döyəcləyir. Bu gün köklü Rüstəmxanlı ailəsində böyük sevinc yaşanır. Nəslin ilk nəvəsi dünyaya gəlib. O nəvə ki, sonradan böyüyüb, ölkənin ən tanınmış adamlarından biri olacaq. Nazir, deputat, Xalq şairi... Ancaq hələ buralara gəlməyək.

...Müharibədən bir əli yaralı qayıdan Xudu kişi sonradan bu övlad sevincini daha 13 dəfə yaşayacaq. Həm ana, həm də ata tərəfinin ilk payı olan balaca Sabir özünün ardınca daha 13 bacı-qardaş gətirəcək. 9 qardaş, 5 bacı. Elə sonradan özü kimi, qardaşları da rayon və ölkədə çox populyar olacaqlar.

Çoxuşaqlılıq Rüstəmxanlılara xas özəllik deyildi. O zamanlar rayonda az uşağı olana yaxşı baxmazlarmış. Ardını qoy, bir az da özü danışsın.

“...Uşaqlığım Yardımlı rayonun Hamarkənd kəndində keçib. Qəribə bir yerdir. Ətraf hamısı dağlardan ibarətdir. Kəndimizdə bir neçə sülalə məskunlaşmışdı. Onlardan da biri bizim Rüstəmxanlılar tayfası idi. Kəndimizin 30-cu illərdə tikilmiş gözəl bir məktəbi var idi. Ağ bina idi. Haradan baxsan, gözə ən birinci çarpan tikili idi. İki ailənin də ilk nəvəsi olmağım mənim böyük bir sevgi mühitində böyüməyimə səbəb olub. Uşaq vaxtı hər kəsin sevimlisi olmuşam. Yayda yaylaqda, qışda qışlaqda yaşamışıq. O yaylaq yollarının uşaqlıq xatirələrimdə xüsusi yeri var. O zamanlar içimə doya-doya çəkdiyim hava indinin özündə də yadımdadır”.

...Kiçik yaşlarından zəhmətlə böyüyüb. Ənənəvi sovet adamı kimi təsərrüfatla məşğul olan valideynlərinin çəkdiyi bütün əzab-əziyyətlərin şahidi olduğunu, həmin əziyyətlərin bir qisminin də evin böyük övladı olaraq, özünün üzərinə düşdüyünü deyir. Müharibədən qayıdan atasının təkbaşına kənddə tikdiyi evin inşasını xatırlayır. 3 yaşında olarmış o zamanlar. İndi də bəzən o yerləri yuxuda gördüyünü deyir.

“...Atam müharibədən gələndən sonra ona hərbi hazırlıq müəllimi olmaq təklif eləmişdilər. Hətta o zamanlar kənddə rusca bilən az olduğu, atam da əsgərlikdə rusca öyrəndiyi üçün ona kənd məktəbində rus dili müəllimi işləmək belə təklif edilmişdi. Ancaq təsərrüfatımız böyük olduğuna görə, babam buna icazə verməmişdi. Ata babam ta qədimdən xeyli imkanlı olub. Hətta o zamanlar “kulak” sayılan şəxslər arasında olub. Ancaq deyim ki, uşaqlığım ehtiyac içində keçib. Çünki demək olar ki, bütün nəsil atamın öhdəsinə qalmışdı. Atam son dərəcə güclü adam idi. Həm ruhən, həm fiziki cəhətdən. Gecə-gündüz bizim üçün çalışırdı. O qədər qayğısı var idi, ancaq mən onun bir dəfə fikirdən alnını qırışan görməmişdim”.

...Dediyinə görə, kəndlərində bütün uşaqların oxumaqla arası yaxşı imiş. Ancaq təhsilini davam etdirmək üçün Bakıya gələnlər çox az olub. Yeddinci sinfədək kəndlərində oxuyub. 13 yaşında isə kəndlərindən 7 kilometr yolu aşaraq, rayon mərkəzində 11 illik məktəbdə oxumağa gəlib. Uşaqlıqda bəlkə də, ən böyük arzusu kəndin dar mühitindən çıxmaq və böyük dünyaya - Bakıya getmək olub. Sıxıntıdan kəndlərindəki kitabxanada oxumadığı kitab qalmayıb.

“...Uşaq vaxtı kənd yerində ən çox oynadığımız oyun voleybol idi. Uşaqlıqda mənim konstruktorluğa da böyük həvəsim var idi. Məsələn, gəmi düzəldirdim, normal üzürdü. Təyyarə düzəldirdim uçurdu. Bunları o vaxtlar kitablarda göstərilən təlimatlara əsasən hazırlayırdım və alınırdı. Uşaqlıqda nədənsə dəstələrə qoşulan olmamışam. Vaxtımın çoxunu kitab evdə kitab oxumaqla keçirirdim. Hətta anam arada dalaşırdı ki, oxumaqdan gözün kor olacaq, dur, çıx çöldə gəz. Uşaq vaxtından şeirlərim çap olunurdu deyə, kənddə tanıyırdılar məni. Yadımdadır, ilk şeirim kənd yolu haqqında idi”.

...Evin ilk oxuyan uşağı Sabir olub. Deyir, ondan sonra bir yol açıldı deyə, bacı və qardaşları da oxudu. Bacılarının da oxuyub, təhsil almaları üçün evdə çox ciddi inadkarlıq göstərib. Özündən sonrakı 13 uşağın hamısı təhsil alıb. Uşaq vaxtı onun tayları qız ardınca düşdüyü vaxtlarda, o kitab oxuyar, şeir yazarmış. Deyir, mənim hədəflərim böyük idi deyə, qız barədə düşünmürdüm. Ən böyük əyləncəsi ədəbiyyat imiş.

“Müəllimlər deyirdilər, səndən heç nə olmaz, gələcəyin zaydı”

“...Ancaq orta məktəbdə ən dəcəl uşaqlardan biri mən idim. Adətən, yaxşı oxuyan uşaqlarda bu cür ərköyün xüsusiyyət olur. Dəcəl olsam da, müəllimlər heç vaxt döymürdü məni. Bütün müəllimlər, mənə gəlib çatanda əlini saxlayırdı. Əksinə, mən özüm bir dəfə müəllimi vurdum. Həmin müəllim bizim məktəbə kənardan peşə müəllimi kimi gəlmişdi. Sinfimizdə uşaqları vururdu. Özü də elə bərk vururdu ki, həmin uşaq yıxılırdı yerə. O müəllim də məni vurmurdu. Bir dəfə o qədər problem yaratdım ki, axırı, məcbur qalıb məni çağırdı lövhəyə. Məni vurmaq istəyəndə, mən onu vurdum, qaçdım...”

...Bu hadisədən sonra Sabirin məsələsini qaldırıblar məktəbdə. Məktəbdən qovulmaqla üz-üzə qalıb. Ancaq ara sakitləşib. Deyir ki, həmin müəllimi vurmaqda məqsədi dostlarının acığını çıxmaqmış. Bir dəfə də rayonda oxuyanda tələbələri təşkilatlandırıb, dərsə getməyə qoymayıb.

“...Yataqxanada qalanda qışda bizə odun vermirdilər. Bir dəfə danışdıq ki, sabah dərsə getmirik. Hamı bir nəfər kimi dərsə getmədi. Daha sonra bizim bu tələbimizə əsasən, rayon mərkəzindən bizim məktəbə pul ayrıldı. ...Uşaq vaxtı müəllimlər mənə deyirdilər ki, sən eqoistsən. Səndən heç nə olmaz. Gələcəyin zaydı. Heç onda özüm bilmirdim ki, eqoist nə deməkdir?! Çox oxuyurdum, bəzən müəllimlərə sual verirdim və sualın cavabını bilmirdilər. Sən demə, müəllimlər sevmirmiş bunu. Müəllimlərlə dərslə bağlı mübahisə eləməyi sevirdim”.

“Uşaqlıqda elə bilirdim ki, məni heç kim bəyənməz, heç kim baxmaz”

...Babasının evi onun üçün bir universitet olub. Belə deyir. O evdə bütün nəsil yığışar, hər cür mövzuda söhbət edərmiş. Deyir, babamın kefi kök olanda bizə tütək çalardı. Sonradan həmin mənzərəylə bağlı şeir də yazıb.

“...Uşaq vaxtı özümlə bağlı ciddi kompleksim var idi. Mənə elə gəlirdi ki, məni heç kim bəyənməz, heç kim mənə baxmaz. Nə vaxtsa evlənə biləcəyim, çox ağır bir problem kimi görünürdü. Ta ki ilk sevgiyə qədər bu kompleks mənimlə yanaşı olub. O dövrə qədər elə bilirdim ki, mən heç kimə lazım deyiləm”.

“Bir dövr oldu, sanki, ilk eşqin pozulmasının intiqamını alırcasına, çılğınlıq elədim”

...İlk dəfə 16 yaşında sevib. Onuncu sinifdə oxuyanda. İlk sevgisi çoxlarında olduğu kimi, nakam sonluqla yekunlaşıb. Deyir, o vaxtı düşünürdüm ki, bundan o yanda dünya yoxdur, onu əvəz edə biləcək biri ola bilməz və o olmasa, mən bir daha başqasını sevə bilmərəm. Yaşa dolduqca isə anlayıb ki, həmin fikirlərin hamısı çox sadəlövh yanaşmalar imiş. Həyatın çətinliklərini görməyən gəncin düşüncələri imiş. Şairlərin adətən şorgöz olmaları ilə bağlı deyilən fikirlərin doğru olmadığını deyir və...

“...Həyatımın müəyyən dövründə belə bir çılğın, ipə-sapa satmayan vaxtlar da olub, onda da sən deyən kimi şorgözlük-filan olmayıb məndə. Sadəcə, bir dövr oldu, sanki, ilk eşqin pozulmasının intiqamını alırcasına, çılğınlıq elədim. Tələbə vaxtımda qrup yoldaşlarım həmişə mənə hörmətlə yanaşırdılar. Sonradan bildilər ki, rayonda istədiyim qız var və biz bir-birimizi neçə ildir istəyirik”.

... “İlk eşqin pozulduğu” ərəfədə “Azərkitab”ın bazasında işləyirmiş. Tərs kimi də burada işləyənlərin böyük əksəriyyəti qadınlardan ibarət imiş. Həyatının bu hissəsi barədə “Astar” adlı povest yazıb, ancaq çap elətdirməyi düşünmədiyini deyir. Bir az açıq-saçıq hissələr olduğuna görə. Anlaşılmayacağından çəkinir.

“...Həmin ərəfədə mən bir şeyi anladım ki, Bakının bir astar tərəfi də var. Buraya paytaxtın sığallı universitet həyatı və müəyyən tərbiyə sahibi universitet qızları ilə yanaşı, sərt bir gecə həyatı və tələbə qızlarla ziddiyyət təşkil edən başqa tip qadınlar da daxildir. Və həmin “ikinci Bakı” adamı müəyyən reallıqlarla üz-üzə qoyur”.

“Mən o vaxtı at minəndə, elə təxminən, atın başı boyda imişəm”

...Dediyinə görə, uşaqlıq xatirələrini eşələyərkən, bəzi hadisələr var ki, elə bilir, o hadisələri xatırlayır. Ancaq əslində, həmin xatirələri xatırlamasının mümkünsüz olduğunu anlayır.

“...Bəzi epizodlar var ki, onları uşaq vaxtı qohumlar-yaxınlar o qədər danışırlar, elə bilirsən, sənin də ağlına gəlir. Amma o şeylər bizə nağıl olunduğu üçün xatırlayırıq. Mənim də uşaqlıqla bağlı yadıma düşən xatirələrimdə onlarla bu cür epizod var. Yadımdadır, balaca vaxtı at minirdim. İndi xatırlayıram, o vaxtı atdan düşəndə at başın əyirdi, mən də atın başı ilə sürüşüb, düşürdüm yerə. Sən demə, mən o vaxtı at minəndə, elə təxminən, atın başı boyda imişəm”.

...Atası səhər-səhər saat 4-də yuxudan oyadarmış ki, dur get, atı otar. O da hər dəfə yatmaq üçün atasına yalvarsa da, axırda məcbur qalıb dururmuş. İndi erkən oyanmaq vərdişinə sahib olduğu üçün atasına minnətdar olduğunu deyir.

“Baxıcı dedi ki, bu uşaq oxumalıdır, bunun çörəyi qələmindən çıxacaq”

“...5 yaşım olanda bizim kəndə bir baxıcı gəlmişdi. Anam da onun yanına getmişdi. Məni də aparmışdı. Qadınlar yığılıb nəyəsə baxdırırdılar. Çox maraqlı və bəlkə də mənim həyatıma yön verən hadisələrdən biri oldu. Baxıcı mənə baxıb, anama dedi: “Bu uşaq böyük bir xətadan sovuşub. Bunun gözlərini qoruyun. Bu uşaq oxumalıdır, bunun çörəyi qələmindən çıxacaq.” Mən hələ o vaxtlar “çörəyi qələmdən çıxmaq” nədir, anlamırdım! Sonralar düşündüm ki, görəsən, o qadın bütün bunları görüb, deyirdi, yoxsa onun sözləri mənim beynimdə ilişdi, qaldı və mən həyatımı həmin sözlərə uyğunlaşdırmağa çalışdım?! Bu sual həmişə maraqlı olub mənim üçün”.

“...Anam çox əsəbiləşəndə bizi döyərdi”, deyir. Sabir çox vaxt bütün günü evdə kitab oxuduğuna görə döyülərmiş.

“...Düzdü, anamın boyu o qədər də hündür deyildi, amma güclü idi. Bizi qaldırıb, başına, çırpırdı yerə (gülür). Bezikirdi ki, evdə nə qədər oturursan, gözün kor olacaq, dur, çıx havaya”.

...Uşaq vaxtı qardaşlarını döyərmiş. Zarafatla deyir ki, lazım olsa, elə indi də döyər. Uşaqlıqda da, böyüyüb ayrı ailə olduqda da, çox mehriban qardaş-bacı münasibətlərinin olduğunu qeyd etməyi də unutmur.

Sonrası...

Sonra Sabir Rüstəmxanlı böyüdü, şair oldu, yazıçı oldu, Xalq Hərəkatının liderlərindən biri oldu, nazir oldu, deputat oldu...

Bütün bunlar barədə isə onun keçmiş və gələcək müsahibələrində tanış ola bilərsiniz. Biz, sadəcə, balaca və gənc Sabirlə danışdıq.

P.S. Uşaqlıq şəkillərini istədik. Dərin bir təəssüf hissi keçirərək, uşaqlıq şəkillərinin olmadığını dedi. “5-6 şəkil var idi uşaqlığımdan, onlar da hardasa it-bata düşdü”. Bir sözlə, balaca Sabirin necə olduğunu görmək qismət olmadı bizlərə. Ancaq gəncliyinə dair şəkillərini oxuculara təqdim etmək üçün verdi bizə.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764

Oxşar yazılar