Bəstəboy nəhəng kişi və qəfil ölüm xəbəri - HEKAYƏT
04 mart 2011 19:18 (UTC +04:00)

Bəstəboy nəhəng kişi və qəfil ölüm xəbəri - HEKAYƏT

«Atam»ı ilk dəfə 20 il bundan əvvəl «Kommunist» nəşriyyatında görmüşdüm. Əli çəlikli bu bəstəboy kişi kim idisə, qarşısına çıxan onunla xüsusi diqqət və hörmətlə salamlaşırdı. Tərəflərin bir-birinə müraciəti də maraqlıydı: «Salam, atam», «Əleyküm salam, atam»!

Və beləcə «atam» səkkizinci mərtəbədə yerləşən iş otağına qalxar, axşam yenə eyni ədəb-ərkanla hamıyla sağollaşar, evinə dönərdi. 30 ildən çoxdur, bu bəstəboy, əli çəlikli kişi nəşriyyatda hamının «atası»dır. Və hamı da onun «atası»!

…Allah ona boy verməyib, amma elə bir güc və həvəs verib ki, adını hətta SSRİ-nin tarixinə belə yazdırıb. «Atam» SSRİ tarixində ən çox fəxri fərmana layiq görülən şəxsdir. «Atam» SSRİ tarixində ilk dəfə uşaqlar arasında futbol turniri təşkil edən kişidir. «Atam» üç dəfə Sovet İttifaqı Qəhrəmanı marşal Aleksey Pokrışkinin şəxsən tanıdığı azərbaycanlıdır. «Atam»…

SSRİ-də ilk şəxsi idman klubunu yaradan şəxs

Bax, elə bu an axı, kimdir bu «atam» sualını verəcəyinizi də gözəl bilirəm, hörmətli oxucu. Gəlin, 75 il bundan əvvələ qayıdaq.

Zaman 1935-ci ilin sentyabırın 23-ü.

Məkan Quba şəhəri.

Həmin gün Qubada kimya elmləri namizədi Aslan Quliyevin evində bir oğlan uşağı dünyaya göz açır. Adını Akif qoyurlar. Üç yaşında tale ona ağır zərbə vurur. Pilləkəni düşərkən böyük bacısı Tavatın qucağından yıxılır. Və tale onun alnına əlillik yazır. Şikəst qalmasına, fiziki qüsuruna baxmayaraq, Akif hələ uşaq yaşlarından Qubada tay-tuşlarının, necə deyərlər, liderinə çevrilir. Təsəvvür edin, hələ orta məktəb şagirdi olarkən Qubada "Sülh prospektinin uşaqları" adlı idman klubu yaradır. Bu, SSRİ tarixində yaranan ilk və yeganə özəl idman klubudur. Az keçmir, balaca bir uşağın yaratdığı bu klubdan nəinki Azərbaycanda, bütün ittifaqda xəbər tuturlar. Balaca Akif həm respublika, həm də Moskva mətbuatının səhifələrində görünməyə başlayır. Bəlkə də sonradan jurnalistikaya gəlişinə məhz erkən yaşlarından «media» ulduzuna çevrilməsi səbəb olacaqmış. Və düz əlli ildir ki, olduğu jurnalistikadan ayrılmayacaqmış.

Akif Quliyevin başı dərdli yeznəsi

Quliyevlər ailəsində Akif müəllim jurnalistikaya üz tutan yeganə adam deyil. Bacısı Xavər Aslan da həmkarımızdır. Bu ad sizə nəsə deyirmi? Xavər xanım filologiya elmləri namizədidir. Uzun illər Türkiyədə və ABŞ-da yaşayan bu xanımın taleyi böyük bir filmə mövzu ola bilər. Hələ sovetlər dönəmində İstanbulda «Xəzər» adlı jurnal çıxaran, 14 il Vaşinqtonda «Amerikanın səsi» radiostansiyasının Azərbaycan redaksiyasına rəhbərlik edən bu qubalı qız necə olub ki, vətəndən ayrı düşüb?

Akif müəllim deyir ki, Xavər xanım universitetdə təhsil alarkən Məmmədtağı Zehtabi adlı bir cənublu soydaşımızla tanış olur. Zeytabi SSRİ-yə 1948-ci ildə gəlmişdi. İranda diktaturanın hökm sürdüyünü, nəinki ictimai-siyasi fəaliyyətlə məşğul olmağın, heç ali təhsil almağın belə mümkün olmadığını gördükdə 1948-ci ildə azadfikirlilər ölkəsi kimi tanıdılan SSRİ-yə qaçmağı qərara alır. Çox çətinliklə də olsa, istəyinə nail olur.

Sovet Azərbaycanına gələn Məmmədtağının ümidləri puça çıxır. Sərhədi keçən kimi onu həbs edirlər. Onu özünə məsləkdaş saydığı “Tudə” və “Azərbaycan Demokrat Firqəsi” belə müdafiə etməmişdi. Onu Sovet sərhədlərini pozmaqda suçlayaraq həbs etmiş və Sibir həbsxanalarına göndərmişdilər.

3 il həbs cəzasına məhkum olmuş Məmmədtağı Zehtabinin Sibirə gedişi və dönüşü 4 il çəkmişdi. O, Sibirdə rus dilini dərindən öyrənmiş, hətta Sovet ümumtəhsil məktəbində oxuyaraq orta təhsil attestatı da almışdı.

Həbsdən sonra yenidən Bakıya dönən gənc şair 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. Son kursda oxuyarkən onu tələbəsi olduğu ali məktəbin şərqşünaslıq fakültəsinin ərəb dili bölümünə ərəb dili və ədəbiyyatı fənnindən dərs deməyə dəvət edirlər. Məhz elə bu zaman Məmmədtağı Zehtabi ilə Xavər xanımın yolları kəsişir. Biri müəllim, digəri tələbə. Az bir vaxtda Məmmədtağı cani-könüldən vurulduğu tələbəsinə ürəyini açır. Amma Quliyevlər bu cənublu balasına qız vermək istəmirlər. Xavər xanımın israrı öz işini görür. Cütlüyün evlənməsinə daha heç kim mane ola bilmir.

Amma sovet rejiminin ikiüzlü siyasətindən cana doyan Zehtabi 1971-ci ildə ailəsini də götürüb İraqa mühacirətə gedir. Onu Bağdad Universitetində professor seçirlər.

1979-cu il İran inqilabı isə Zehtabini və mühacirətə getmiş bir çox ictimai-siyasi xadimi, elm adamını ruhlandırır.

O, Xavər xanıma deyir ki, İrana qayıdır, orda özünə iş tapan kimi onu və övladlarını da ora aparacaq. Amma nə biləydi ki, bu, onun Xavər xanımla sonuncu görüşü olacaq. Az keçmir ki, onu həbs edirlər. Dörd il məhbəsdə qalır. Azadlığa çıxsa da ölkəni tərk edə bilmir. İranda qalıb müəllimliyini davam etdirir. Və 1998-ci ildə ailəsindən uzaqda müəmmalı şəkildə dünyasını dəyişir.

Akif müəllim deyir ki, təxminən 20 illik ayrılıq illərində Xavər xanım bir neçə dəfə həyat yoldaşı ilə telefonla danışıb.

Akif müəllimin bir qardaşı Həsən Quliyev isə tarix elmləri doktoru, professor və Azərbaycanın ilk etnoqraf alimi kimi tanınırdı. İki bacısı isə müəllimdir.

«Pioner»dən «Savalan»a

1956-cı ildə universitetə qəbul olunan gənc Akif 1961-ci ildə "Uşaqgəncnəşr"də çalışır.

1963-cü ildə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi, Məsud Əlizadə onu «Azərbaycan pioneri» qəzetinə işə dəvət edir. Və o gündən iş yerini dəyişməyib. Sadəcə sovet hakimiyyəti dağılandan, Azərbaycan müstəqil olandan bəri «Azərbaycan pioneri»nin adı dəyişərək «Savalan» olub.

Təsəvvür edirsizmi, 48 il eyni qəzetdə! Akif müəllim zarafatla deyir ki, bəlkə «Ginnesin Rekordlar Kitabı»nın müvafiq komissiyasına müraciət etdi: görəsən, dünyada 48 il ərzində bir qəzetdə işləyən jurnalist varmı?

İdeyalarını Moskvanın oğurladığı Akif

Təkcə jurnalist fəaliyyəti ilə kifayətlənməyən Akif müəllim günlərin bir günü həmin illərdə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin nəzdində yaradılan idman və hərbi-vətənpərvərlik üzrə Respublika Qərargahının məsul katibi seçilir. Təşəbbüskar insan olan gənc Akif həmin dövr SSRİ məkanında ilk dəfə uşaq futbolu çempionatını - «Dəri top» kubokunu təsis edir. Tezliklə ittifaqın bütün respublikalarında kütləvi şəkildə «Dəri top» kuboku yarışları keçirilməyə başlayır. Amma Moskva yenə də naxaləflik edir. Akif müəllmin təcrübəsi və təşkilatçılığını öz adına çıxır. 1965-ci ildən başlayaraq kubokun təşkilatçılığını öz üzərinə götürməklə necə deyərlər, başqasının ideyasını mənimsəyir.

Amma bu hələ harasıdır. Moskva Akif müəllimin daha iki ideyasını oğurlayır. O dövrdə yeniyetmələrin, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan "Üfüqdə parıltı" və "Qartal balası" hərbi-idman oyunlarının yaradıcısı olan Akif müəllimin «bu oyunlarına» da Moskva sahib çıxır. Amma bununla belə, o, 25 ilə yaxın bu oyunları təşkil edən generalların, yüksək rütbəli zabitlərin daxil olduğu Respublika Baş Qərargahının da məsul katibi olub.

Allahın boy vermədiyi, amma inanılmaz dərəcədə enerji verdiyi bu adam tezliklə yenə SSRİ-də özündən söz etdirir; uzun müddət ümumittifaq "Qızıl top" (basketbol), "Gümüş top" (voleybol), yüngül atletikanın dörd növü üzrə beynəlxalq "Dostluq" oyunlarının əsasını qoyur. "Ağ top" şahmat yarışlarının əsas təşkilatçılarından biri kimi tanınır.

Akif müəllimin dostu, yazıçı Nahid Hacızadənin dediklərindən: «Xəyalımdan illər gəlib keçir. Mən 60-cı illərin sonunda Azərbaycan Televiziyasında "Gənclik" baş redaksiyasının baş redaktoru idim. Akif isə "Azərbaycan pioneri" qəzetində çalışırdı. Kollektivimiz onu istedadlı jurnalist, bacarıqlı təşkilatçı və həssas insan kimi tanıyırdı. O, "Pioner və məktəblilər" redaksiyasının əməkdaşlarıyla birlikdə ölkənin müxtəlif yerlərində keçirilən "Üfüqdə parıltı" hərbi-vətənpərvərlik oyunlarından baxımlı verilişlər hazırlayırdı. Yazdığı ssenariləri oxuyarkən hadisələrə bələdçiliyinə, peşəkarlığına, jurnalist həssaslığına heyran olurdum».

Pokrışkinin dostu

Akif Quliyev keçib gəldiyi ömür yoluna ötəri də olsa nəzər salanda iftixarla xatırlayır ki, dəfələrlə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin, SSRİ Maarif Nazirliyinin, SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin, Ümumittifaq Futbol Federasiyasının, eləcə də respublikanın bir çox idarə və müəssisələrinin fəxri fərmanlarına, diplomlarına, qiymətli hədiyyələrinə layiq görülüb. Bunların sayı çoxdan yüzü ötüb. Bu sırada üç dəfə Sovet İttifaqı Qəhrəmanı, aviasiya marşalı, SSRİ Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin sədri Aleksey Pokrışkinin, SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının rəisi, ordu generalı Y.Getmanın imzaladığı diplomlar və döş nişanları var.

10 minlərlə məqalə müəllifi

Təsəvvür edin, bu adam o qədər enerjilidir ki, hətta jurnalist müsabiqəsində belə iştirak etməyə vaxt tapır. Azərbaycan tarixində 75 yaşlı birisinin müsabiqə qalibi olduğuna inanardınızmı? Buyurun, 2010-cu ildə o, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə "İdmanın inkişafı-gənclərin fiziki və mənəvi kamilliyinə aparan yol" nominasiyası üzrə qalib adına layiq görülüb.

Hə, yaddan çıxmamış bir məqamı xüsusi vurğulayım; siz təsəvvür edə bilirsinizmi Akif müəllim indiyə qədər nə qədər yazı yazıb? Əslində bunun özü də «Ginnesin Rekordlar Kitabı»na düşəsidir: 10 mindən çox oçerk və məqalə, hərb tariximizdən bəhs edən 500-dək silsilə yazılar, dünya idmanının tarixindən bəhs edən 1000-ə yaxın yazı. İndi neyləsin yazıq Ginnes fədailəri, bunu necə qeydə almaya bilərlər ki?

Yazını «atam»la başlamışdıq. Bəs hardan əmələ gəlib axı bu «atam» ifadəsi? Akif müəllim deyir ki, ona bu adı komsomolda Məsud Əlizadənin yanında veriblər. «Heç özümün də yadımda deyil. Amma bir də gördüm ki, bu söz beynimə düşüb. Pis sözdür ki, «atam»?

Əladır eee, «atam»!!!

Səbuhi Məmmədli

Redaksiyadan: Bu yazı Lent.az-a ötən həftə təqdim olunub. Bu gün yazını redaktə edərkən belə bir faciəli xəbər aldıq: “Martın 3-də saat 19 radələrində Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Yeni Dairəvi yolda Akif Səttərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı dirəyə çırpılıb. Nəticədə sərnişini Akif Quliyev hadisə yerində ölüb. 75 yaşlı Akif Quliyev Azərbaycanın fəxri jurnalisti, prezident təqaüdçüsü olub. Oxucular onu Akif Aslan kimi tanıyıb.

Faktla bağlı araşdırma aparılır...”

Belə də son olardımı, “atam”?
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1793

Oxşar yazılar