“Bakı meriyasının idarə rəhbərliyi məhkəməyə veriləcək” - MÜSAHİBƏ
21 fevral 2011 15:38 (UTC +04:00)

“Bakı meriyasının idarə rəhbərliyi məhkəməyə veriləcək” - MÜSAHİBƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir neçə ayda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyini 98 min manat, birliyin rəhbərini isə 5 min manat məbləğində cərimələyib, iş hüquq-mühafizə orqanlarına göndərilib

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya müsahibəsi


- Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu günədək nazirliyə şəhərdəki qəzalı ağaclara rəy bildirilməsi ilə bağlı müraciət olunubmu?

- Bundan əvvəl verdiyimiz məlumatlara əsasən deyə bilərəm ki, qəzalı ağacların yaratdığı təhlükəli vəziyyətlə bağlı vətəndaşlar tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxlu sayda müraciətlər daxil olub. Buna baxmayaraq, əfsuslar ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən nazirliyə bu günədək təhlükəli ağaclara rəy bildirilməsi ilə bağlı, ümumiyyətlə, müraciət daxil olmayıb.


- Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərdəki ağaclara aqrotexniki xidmətin göstərilməsi vəziyyəti ilə bağlı ETSN bu qurumda araşdırma aparıbmı?

- Bəli, bir neçə dəfə. Ötən il iyulun 30-da nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən yaşıllıqlara aqrotexniki xidmətin göstərilməsi vəziyyəti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində aparılan araşdırma zamanı ciddi pozuntulara yol verilməsi, o cümlədən qanunsuz ağac kəsintisi faktı müəyyən olunub. Faktla bağlı akt və protokol tərtib edilib. Birlik hüquqi şəxs qismində 40 000 manat məbləğində cərimə olunub, aşma təhlükəsi olan ağaclar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarına məlumatın verilməsi tələbi ilə Birliyə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Lakin bu günlərdə həmin icrası məcburi olan göstərişin tələblərinin yerinə yetirilmə vəziyyəti araşdırılarkən müəyyən edilib ki, Birlik bu istiqamətdə heç bir tədbir görməyib. Bununla əlaqədar bu il fevralın 14-də yenidən protokol tərtib olunub və Birlik hüquqi şəxs qismində 18 000 manat məbləğində cərimə edilib.


- Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şəhərdəki sağlam ağacları kəsməsi faktları varmı?

- Bəli, əfsuslar olsun ki, belə faktlar bir neçə dəfə təkrarlanıb. Əvvəldə də qeyd etdiyim kimi, hələ 2010-cu ilin iyul ayında nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti Bakı şəhərində yaşıllıqlara aqrotexniki xidmətin göstərilməsi vəziyyəti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində araşdırma apararkən qanunsuz ağackəsmə faktlarını müəyyən edərək, birliyi cərimələyib. Növbəti dəfə ötən il dekabrın 17-də nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşlarının apardığı araşdırma zamanı 8-ci mikrorayon, H.Hüseynov küçəsindəki 23 saylı binanın qarşısında 3 ədəd qovaq ağacının Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən müəyyən edilmiş qaydalara zidd olaraq kəsildiyi aşkar olunaraq protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində növbəti dəfə 40 000 manat məbləğində cərimə olunub. Cərimələrin ödənilməsinin təmin olunması üçün materiallar Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Qrupuna göndərilib.

Lakin elə bir neçə gün bundan əvvəl ETSN-nin mütəxəssislərinin apardığı araşdırmalar zamanı bu Birliyin əməkdaşları tərəfindən yaşıllıq ərazilərindəki ağacların aqrotexniki qulluq adı altında kəsildiyi aşkarlanıb. Bununla əlaqədar, bu il fevralın 18-də protokol tərtib olunub və Birliyin direktoru vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Həmin fakt üzrə tərtib olunmuş sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.


- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı və Abşeron yarımadasında hansı növ ağac və kol bitkiləri əkilib?

- Bakı və Abşeron yarımadasında, respublikanın magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Bu günədək Səhmdar Cəmiyyət tərəfindən Bakı və Abşeron yarımadasında Nazirliyin öz tinglik sahələrində yetişdirilmiş yerli torpaq və iqlim şəraitinə uyğun Eldar şamı, sərv, palıd, Şərq çinarı, göyrüş, tuya, zeytun, akasiya, qarağac, nar, iydə, badam, əncir, üzüm, heyva, tut, xarici ölkələrdən isə yalnız Türkiyədən Azərbaycan bazarında satılan qiymətdən də ucuz qiymətə alınmış yüksək keyfiyyətli zeytun, dekorativ ağaclar, kol və gül bitkiləri əkilib.


- Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru mətbuata müsahibədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Rusiyadan baha qiymətə qovaq tingləri aldığını bildirib...

- Düzü, bu iddianın Bakı şəhərinin bilavasitə “yaşıllaşdırılmasını” həyata keçirməli olan, özü də biologiya elmləri namizədi kimi alimlik dərəcəsinə malik rəsmi qurumun rəhbəri tərəfindən irəli sürülməsi bizdə gülüş hissi doğurur. Birincisi, əgər bu şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanından Mərdəkana gedən yolda əkilmiş 50-60 ədəd Şərq çinarını (xan çinarı da deyilir) nəzərdə tutursa, yazıq ona ki, qovaqla Şərq çinarı ağacının fərqini bilmir, amma Bakı şəhərinin yaşıllaşdırılmasına rəhbərlik edir. İkincisi, bu ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə alıb, nə də əkib. Bu həmin yolda yenidənqurma işləri ilə əlaqədar aparılan abadlaşdırma prosesində şirkətlər tərəfindən əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günədək Rusiyadan nəinki qovaq, heç bir ağac növü almayıb. Bakıda aparılan yaşıllaşdırma işlərində, ümumiyyətlə, qovaq ağacından istifadə etməyib.


- Bəs onda Birliyin direktoru niyə belə açıqlamalar verib?

- Belə yalan iddianın hansı məqsədə xidmət etdiyini o, özü yaxşı bilər. Görünür, bu, onun ETSN tərəfindən cərimə olunduğu üçün qisas hissindən irəli gələn reaksiyasıdır. Görülən tədbirlərə, cərimələrə rəğmən fəaliyyətini düzgün istiqamətdə qurmaq əvəzinə ayrı-ayrı qəzetlərdə böhtan xarakterli yazılar dərc etdirir.
Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, Bakıda təqribən 12 min hektarlıq yaşıllıq ərazisi üçün ayrılan vəsait bütövlükdə Azərbaycanın 1,2 milyon hektarlıq meşə fonduna ayrılmış vəsaitdən külli miqdarda artıqdır və bu qədər vəsaitin müqabilində Birliyin xaricdən baha qiymətə alıb gətirdiyi ağacların aqibəti də göz qabağındadır. Əgər Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi xidməti ərazilərindəki ağaclara xidmət olunması və kəsilməsini Nazirlər Kabinetinin 173 saylı Qərarına uyğun icra etsəydi, onda ETSN tərəfindən onlara qarşı cərimə sanksiyaları tətbiq edilməzdi.


Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına böhtan, şər və yalan xarakterli ittihamlar səsləndirildiyinə görə məhkəməyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar