Tələbə universiteti məhkəməyə verdi
23 sentyabr 2009 15:30 (UTC +04:00)

Tələbə universiteti məhkəməyə verdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Musiqili teatr aktyoru” ixtisasının III kurs tələbəsi Röyal Cəbiyev ona qarşı yaradılmış problemlərlə bağlı “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinə (TBƏ İB) müraciət edib. Bu barədə Lent.az-a TBƏ İB-nin sədri Elnur Məmmədov məlumat verib. Belə ki, R.Cəbiyev “Musiqili teatr aktyoru” ixtisasından “Musiqili teatr rejissoru” ixtisasına köçürülmək üçün hələ I kursda oxuyarkən universitet rəhbərliyinə müraciət edib, lakin onun müraciətinə heç bir cavab verilməyib. Yalnız 10.04.2009-cu il tarixdə ADMİU-nun prorektoru Rafiq Sadıqovun imzası ilə yazılmış məktubda Röyal Cəbiyevin köçürülmə ilə bağlı universitetə heç vaxt müraciət etmədiyi bildirilib, müraciət edərsə məsələyə Təhsil Nazirliyinin 402 saylı əmrinə əsasən yay və qış tətili dövründə köçürülmə ilə bağlı komissiyada baxıla bilməsi barədə məlumat verib.

Bundan sonra Röyal Cəbiyev 15.04.2009-cu il tarixdə köçürülmə ilə bağlı yenidən ADMİU-ya müraciət edib. Lakin yay semestr imtahanında Röyal Cəbiyev “Azərbaycan Ədəbiyyatı Tarixi” fənnindən suallara cavab verib, ona “yaxşı” qiymət yazıldığı bildirilsə də, həmin qiymət “Qiymət Kitabçası”nda qeyd edilməyib. Sonradan isə həmin fəndən imtahan götürən Vəfa Əliyev Röyal Cəbiyevə “Azərbaycan Ədəbiyyatı Tarixi” fənnindən “yaxşı” deyil, “qeyri-kafi” qiymət yazıldığını bildirib. “Qeyri-kafi” ilə razılaşmayaraq şikayət edən Röyal Cəbiyevin şikayətinə cavab olaraq 05.06.2009-cu il tarixdə təkrar imtahan təşkil olunub. Lakin imtahan günü ortaya çıxmış imtahan cədvəlində Röyal Cəbiyevə “yaxşı” qiymət yazıldığı məlum olub, buna baxmayaraq komissiya həmin qiyməti “Qiymət Kitabçasına” qeyd etmək əvəzinə tələbəni yenidən imtahan bileti çəkməyə məcbur edib. Təkrar imtahan Təhsil Nazirliyinin əməkdaşı İradə Quliyevanın müşahidəsi altında keçib, lakin o, prosesə heç bir müdaxilə etməyib.
Ən maraqlısı odur ki, həmin imtahanda Röyal Cəbiyevə qanunsuz olaraq yazılmış “qeyri-kafi” ilə bağlı tərtib olunmuş protokola komissiya üzvü, professor Fikrət Sultanov imza atmaqdan imtina edib.

Baş vermiş qanun pozuntularına görə R. Cəbiyev Yasamal rayon məhkəməsinə müraciət edib. İddia üzrə məhkəmə prosesi sentyabrın 25-də keçiriləcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996

Oxşar yazılar