Gələn il qəbul imtahanları 5 bölgədə keçiriləcək
04 sentyabr 2009 19:00 (UTC +04:00)

Gələn il qəbul imtahanları 5 bölgədə keçiriləcək

TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərindəki regional bölmələrin bir aydan sonra tam gücü ilə işləyə biləcək

2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanları regionlarda da keçiriləcək. Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan və Gəncə şəhərlərindəki regional idarələri demək olar ki, formalaşıb.

Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının yekunlarına həsr olunan mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, digər regionlarda - Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələrin təşkili üçün ilkin tədbirlər görülüb. Məhz bunun nəticəsində bu il orta ixtisas məktəblərinə tələbə qəbulu prosesində həmin regional bölmələr də yaxından iştirak edib: “Bu il əsas təhsil bazası üzrə 10 regionda qəbul imtahanları keçirilib. Həmin imtahanları əsasən, regional bölmələrinin işçiləri aparıblar. Onlar yerli nəzarətçilərlə, Sənəd Qəbulu Komissiyaları ilə işi təşkil etmişdilər”.

Məleykə Abbaszadə deyib ki, bir aydan sonra TQDK-nın bütün regional bölmələrinin maddi-texniki bazası möhkəmləndirilməsi tam şəkildə başa çatacaq. Payızda isə bölmələrdə kadr təminatı yekunlaşmalıdır və bundan sonra həmin idarələr sərbəst şəkildə qəbul imtahanlarını təşkil edə biləcək: “Bizim regional bölmələrimizin əsas problemi onların binalarla təmin edilməməsidir. Yəqin ki, bu iş bir ay ərzində başa çatacaq. Kadr təminatı üçün isə işçilər dövlət qulluğuna növbəti qəbulda formalaşdırılacaq”.

Xatırladaq ki, TQDK sədri regionlarda yaşayan ali təhsilli gəncləri həmin yerləri tutmaq uğrunda müsabiqəyə qatılmağa çağırıb.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar