Məktəbli forması: acı reallıq, tragikomediya və ümidlər – ARAŞDIRMA
04 sentyabr 2009 18:00 (UTC +04:00)

Məktəbli forması: acı reallıq, tragikomediya və ümidlər – ARAŞDIRMA

2009-2010-cu tədris ilindən Bakı və Sumqayıtda, daha sonra bütün Azərbaycanda vahid geyim formasına keçiləcək

Təhsil naziri Misir Mərdanov bəzi rayonlarda məktəb direktorlarının, icra hakimiyyəti orqanlarının şagirdlər üçün məktəbli formaları satmaları barədə ona məlumatların daxil olduğunu deyib. O bildirib ki, məktəbin, icra hakimiyyəti orqanının valideyn və şagirdin məktəbli forması almasına müdaxilə etməyə haqqı yoxdur.

Əslində bu etiraf gecikib. Hələ iki il əvvəl Təhsil Nazirliyi hər məktəbə öz formasını müəyyənləşdirməklə bağlı səlahiyyət verəndən sonra bu hal kütləvi yayılıb. Burada da şübhəsiz ki, maddi maraq vardı. Əgər maddi maraq olmasaydı, hər hansı məktəb direktoru məktəb forması satışını məhz öz inhisarına keçirməyə, valideynləri məhz məktəbin, əslində özünün əvvəlcədən “razılaşdığı” bir sexin, xaricdən mal gətirən ticarətçinin malını almağa məcbur etməzdi. Bu qarşılıqlı mənfəət sxemi də bəllidir. Məsələn, Azərbaycanın müxtəlif rayonlarında bu müddət ərzində məktəbli paltarlarının (oğlan və qızlar üçün dəstlər) qiyməti minimum 30-40 manat və daha yuxarı olub. Ancaq oxşar rəngdə və keyfiyyətdə eyni, hətta daha keyfiyyətli paltar dəstlərini bazar və yarmarkalardan daha ucuz qiymətə almaq olardı. Ancaq bu halda həmin məktəbli direktorun qəzəbinə gələcəkdi.

Beləliklə, direktor və sex sahibi, xaricdən paltar gətirən ticarətçi malın maya dəyərinin üzərinə əlavə pul qoyur, paltarlar şagirdlərə məcburi yolla baha qiymətə satılır və artıq pul məktəb direktoruyla qarşı tərəf arasında bölünürdü. Təhsil Nazirliyi indi faktiki bu gerçəkliyi etiraf edir.

Bəs vəziyyətdən çıxış yolu necə ola bilər?

Lent.az bununla bağlı təhsil üzrə ekspertlərin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövqeyini öyrənib.

20 manatlıq paltar valideynlərə məcburən 70 manata satılıb

“21-ci Əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev Lent.az-a açıqlamasında bildirdi ki, hələ 2 il əvvəl məktəbli forması məsələsi ortaya çıxanda bu ətrafda geniş müzakirələr olub. Etibar Əliyev özünün də o dövrdə Azərbaycan üzrə vahid məktəbli formasının tətbiq olunması ideyasını müdafiə etdiyini söylədi. O hesab edir ki, ölkədə Təhsil Nazirliyinin nümayəndələrinin, pedaqoji işçilərin və QHT nümayəndələrinin birgə gəldiyi rəy əsasında bir məktəbli forması tətbiq olunmalı idi. Ancaq Təhsil Nazirliyi o dönəmdə hər bir məktəbin öz şagirdləri üçün məktəbli formasını müəyyənləşdirməsinə icazə verib: “İndi də yenidən Təhsil Nazirliyi vahid məktəbli forması ideyasını ortaya atıb. Bu məsələ artıq yumor obyektinə çevrilib və camaat da bu ideyaların müəlliflərinə qeyri-ciddi adamlar kimi baxmağa başlayıb. Məktəbli formasının üzərində 2 ildir ki, baş sındırırlar, nəticə yoxdur. Ölkə üzrə vahid məktəbli forması qəbul olunmalı idi ki, istər rayonda, istər şəhərdə bu geyim məktəblini başqasından fərqləndirsin. Həm də sosial bərabərsizliyi aradan qaldırsın. Bu gün də bu ətrafda müzakirələrin başlanması göstərir ki, vahid ideya yoxdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir ideya verir, rayon təhsil şöbəsi başqa bir ideya. Ola bilməz ki, bir məktəbli başqa bir məktəblidən fərqli geyinsin. Mənə elə gəlir ki, bu məsələ elə beləcə yumor obyektinə çevrilə-çevrilə davam edəcək”.
Etibar Əliyev hesab edir ki, əgər vahid məktəbli forması tətbiq olunsaydı, o halda məktəb direktorları hansısa sexlərlə, sahibkarlarla, ticarətçilərlə danışıb, maxinasiyaya yol verə bilməyəcəkdilər: “Valideynlər də təbii olaraq narazılıq edirdilər. Çünki onlar həmin paltarların oxşarını bir yerdə 20 manata ala biləcəklərini görür, başqa yerdə onlara məcburən 70 manata satırdılar”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub fərqli fikirdədir. O hesab edir ki, əslində məktəbli formasını hər bir məktəb məhz özü müəyyənləşdirməlidir. Vurğun Əyyub son iki ildə məktəb direktorlarının bu məsələdən öz şəxsi mənfəətləri və qazancları üçün istifadə etməsinin səbəbini məktəbə tam muxtariyyat, müstəqillik verilməməsində görür: “Müstəqillik, muxtariyyət hüququ yarımçıq olmur. Məktəb yalnız məktəb direktorunun arzularından asılı olmamalıdır. Məktəbin Valideynlər Şurası, Qəyyumlar Şurası olmalı, qərarlar kollegial şəkildə qəbul edilməlidir. Muxtariyyət, müstəqillik hüququ yarımçıq olanda belə eybəcərliklər baş verir. Azərbaycanda valideynlər də öz hüquqlarını bilmirlər, bunun özü də ciddi problemdir”.

Bakı və Sumqayıtda vahid məktəbli geyiminə hazırlıq görülür, ilkin sifariş də verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı dedi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2007-ci ilin may ayında bir tədbir keçirib və paytaxtda məktəbli geyiminə keçdiyini elan edib. İki ay sonra, avqustun 7-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Həmin əmrdə qeyd olunub ki, 2007-2008-ci tədris ili məktəbli geyiminə keçid ili elan olunur, 2008-2009-cu tədris ilindən isə bütün Azərbaycanın məktəbləri məktəbli geyiminə keçirlər. Əmrdə hər bir məktəbə öz məktəbli geyiminin formasını müəyyənləşdirmək hüququ verilib.

Zəminə Əliqızı bildirdi ki, ötən tədris ilinin sonlarına yaxın Bakı Şəhəri üzrə Təhsil İdarəsi belə qərara gəlib ki, Bakıda vahid məktəbli geyimi tətbiq olunsun. Yəni hər bir məktəbin təyin etdiyi ayrıca geyim olmayacaq, Bakının bütün məktəblərinin şagirdlərinin eyni geyimi olacaq: “Biz nəzərdə tutmuşuq ki, 2009-2010-cu dərs ili boyunca vahid məktəbli geyiminə keçək. 2010-2011-ci tədris ilində vahid məktəbli geyiminə bütünlüklə keçiləcək. Bunun üçün də Bakıda yaşayan valideynlərin nəzərinə çatdırırıq ki, heç kim yeni məktəbli forması almasın. Keçən il uşaqlar hansı geyim geyiniblərsə, bu il də həmin geyimlər qüvvədə qalır. Heç bir məktəb direktorunun yeni geyim aldırmaq hüququ yoxdur. Biz məktəb direktorlarına bu barədə məlumat vermişik. Əgər hansısa məktəb direktoru valideynləri yeni forma almağa məcbur edirsə, valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 441 04 99 və 441 06 99 nömrəli qaynar xəttinə müraciət etsinlər. Biz dərhal müvafiq tədbir görəcəyik. Bir nüansı da deyim. Tutaq ki, uşağın ağ köynəyi cırılıb, şalvarının rəngi gedib. Valideyn uşağına buna görə təzə paltar alırsa, bu, başqa məsələdir. Amma yeni məktəbli forması almağa ehtiyac yoxdur. Yuxarıda da dediyim kimi, bir neçə aydan sonra Bakı məktəblərində vahid məktəbli formasına keçid prosesi başlayacaq ”.

Zəminə Əliqızı nəzərə çatdırdı ki, vahid məktəbli geyimi həmin vaxt televiziyalarda nümayiş olunacaq və valideynlər həmin geyimi yaşadıqları ərazilərdəki xüsusi mağazalardan ala biləcəklər.

O, vahid məktəbli formasına ilkin mərhələdə Bakı ilə bərabər Sumqayıtın da keçəcəyini bildirdi. Təhsil Nazirliyi Bakı və Sumqayıtdan sonra bütün Azərbaycan ərazisində vahid məktəbli formasına keçidə start verəcək.


Vahid geyim formasını “Volodarski” tikəcək, xüsusi mağazalarında satacaq

Zəminə Əliqızı qeyd etdi ki, vahid məktəbli formasına keçiddən sonra məktəb direktorlarının məktəbli formasının sifarişi və satışı ilə bağlı maxinasiyalarının qarşısı alınacaq. Qabaqcadan kimsədən pul alınmadan vahid məktəbli formaları tikiləcək, həmin paltarlar xüsusi mağazalarda, o cümlədən təşkil olunacaq yarmarkalarda satılacaq: “Bakıda 33 500-ə yaxın şagird kontingenti var. Bu il də 29 minə yaxın birinci sinif şagirdi gözləyirik. Bu uşaqlar üçün məktəbli geyimləri tikiləcək və satışa çıxarılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi keçmiş “Volodarski”, hazırkı Bakı Tikiş Fabrikinə sifariş verib. Bu barədə Təhsil Nazirliyi ilə Bakı Tikiş Fabriki arasında razılıq əldə olunub. Biz öncədən qiymətləri elan edəcəyik ki, başqa yerlərdə qiymətlərin artırılması prosesi baş verməsin. Valideynlər də uşaqlarının ölçülərinə uyğun paltarlar alacaqlar. İbtidai siniflərin bir geyimi, 5-11-ci siniflərin isə digər geyimi olacaq. Yəni iki geyim forması sifariş verilib. Müxtəlif rəngli geyimlər sifariş etmişik. O geyimlər hazır olsun, rəngləri də dəqiqləşdiriləndən sonra kütləvi istehsala başlanacaq”.

Zəminə Əliqızı bildirdi ki, Bakı Tikiş Fabriki paytaxtın 11 rayonunun hər birində məktəbli formalarının satışı ilə bağlı xüsusi mağazalar açacaq. Başqa satış məntəqələrində vahid məktəbli geyimi satıla bilməz.

Bütün bunlar bir daha göstərir ki, əslində iki il əvvəl Təhsil Nazirliyinin hər bir məktəbin öz geyim formasını müəyyənləşdirməsi ilə bağlı qərarı yanlış olub və zamanın da sınağından çıxmayıb. İş o yerə çatıb ki, nazir belə məktəb direktorlarının məktəb paltarı satışıyla məşğul olduğunu etiraf edib.

Ancaq Zəminə Əliqızı bu məsələlərə şərh vermək istəmir: “Mən nazirimizin söylədiklərinə şərh vermək niyyətindən uzağam. Məktəb direktorları ilə bağlı nazir fikir söyləyibsə, onun əlində yetərli qədər əsas var. Biz də ona tabe olan qurumun nümayəndələri kimi onun dediklərini təsdiqləyirik”.

Valideynlər narazıdır...

Valideynlər isə məktəbli geyimi ətrafında baş verənlərdən narazıdır. Məsələn, Nizami rayonunda yaşayan Vahid Nuriyev deyir ki, o, keçən il orta məktəbdə oxuyan iki övladı üçün 30-40 manata məktəb geyimləri alıb. Həmin məktəbdə keçən il oğlanlar göy pencək, boz şalvar, ağ köynək, göy jilet, qızlar boz yubka, göy kofta, ağ köynək, göy jilet geyiniblər. Paltarlar üçün də əvvəlcədən sinif rəhbəri pul yığıb, paltarlar sonradan məktəbin anbarından şagirdlərə paylanıb. Vahid Nuriyev deyir ki, övladlarına paltar alanda həmin geyimlərin 2 il geyinilməsini nəzərdə tutub: “İndi deyirlər ki, bu il təzə geyimlər, vahid forma olacaq. Bu, əlbəttə, narazılıq doğurmaya bilməz. Qərar bir dəfə ölçülüb-biçilib verilir ki, insanlar əziyyət çəkməsin, maddi zərərə düşməsinlər”.

Əslində Azərbaycanda məktəbli formalarının gələcəkdə Təhsil Nazirliyinin sifarişiylə məhz bir müəssisə - Bakı Tikiş Fabrikində tikilməsi və məhz fabrikin xüsusi mağazalarında satılması da problemlər vəd edir. İnhisar istənilən halda problem yaradır. Çünki bu halda Təhsil Nazirliyi valideyni, şagirdi faktiki bir müəssisədən və onun mağazalarından paltar almağa məcbur edəcək...


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21282

Oxşar yazılar