Bakıda qrip epidemiyası?
04 sentyabr 2009 13:00 (UTC +04:00)

Bakıda qrip epidemiyası?

Paytaxt əhalisi boğaz və baş ağrıları, yüksək hərarət və ürəkbulanmadan şikayətlənir, Səhiyyə Nazirliyi isə narahatçılığa əsas görmür

Son bir Bakıda müşahidə olunan qrip xəstəliyinin uzun müddət davam etməsi paytaxt sakinlərinin narahat etməyə başlayıb. Səbəb həm də xəstəliyin simptomlarının boğaz və baş ağrıları, yüksək hərarət və ürəkbulanma ilə müşayiət olunmasıdır. Hətta paytaxt sakinləri arasında belə bir söhbət də gəzir ki, bu, “donuz qripi”dir. Sadəcə Səhiyyə Nazirliyi əhali arasında təşviş yaratmamaq üçün “donuz qripi”nin Azərbaycanda yayıldığını ictimaiyyətə açıqlamır.

Lent.az bu məlumatın doğru-olub olmadığını səhiyyə orqanlarından dəqiqləşdirməyə çalışıb. Hətta “donuz qripi” olmadığı təqdirdə, tüğyan edən adi qrip xəstəliyinin nədən belə ajiotaja səbəb olduğuna dair kiçik araşdırma aparmışıq.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanın Azərbaycan Xarici İşlər Nazirliyinə bir neçə gün əvvəl göndərdiyi məktub da bu ajiotajı bir qədər artırıb. Səhiyyə Nazirliyi isə qripə yoluxanların sayının artmasına mövsümi dəyişikliklə əlaqələndirirlər. Nazirliyin mətbuat xidmətində deyirlər ki, adətən, mövsüm dəyişikliyi ərəfəsində qripdən əziyyət çəkənlərin sayı artır. Son bir ayda hava şəraitinin tez-tez dəyişməsi və xəfif külək paytaxt əhalisi arasında soyuqdəymə, qrip xəstəliklərinə yoluxma üçün münbit şərait yaradıb.

Nazirlikdə onu da bildirirlər ki, hər kəs yaşadığı ərazidəki poliklinikaya müraciət etməklə qripə qarşı pulsuz peyvənd ala bilər. Ancaq qripə qarşı neçə nəfərin peyvənd olunduğuna dair heç bir məlumat yoxdur. Nazirliyin mətbuat xidmətində deyirlər ki, peyvənd könüllülük prinsipi əsasında olduğundan belə bir qeydiyyata sadəcə lüzum yoxdur.

Nazirliyin Sanitar-Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov isə Bakıda və ümumiyyətlə ölkə ərazisində qrip epidemiyasının olmadığını və belə bir təhlükənin gözlənilmədiyini deyir. Onun sözlərinə görə, əhali arasında boğaz və baş ağrıları, yüksək hərarət və ürəkbulanma ilə müşayiət olunan qrip xəstəliyi var və bu, mövsümi artımla bağlıdır: “Belə xəstəlik həmişə olub və olacaq. Çünki mövsüm dəyişəndə insan orqanizmi bu dəyişikliyə uyğunlaşmalıdır. Bu isə müəyyən bir mərhələdə davam edir və bu müddət ərzində qrip xəstəliyi arta bilər”.

Bununla belə, Viktor Qasımov xəstəliyin epidemiya həddinə çatmadığını deyir. Onun sözlərinə görə, xüsusən payız və qış aylarında qrip adi xəstəliyə çevrilir: “Ona görə mütəmadi olaraq, qripə yoluxmanın səviyyəsi nəzarətdə saxlanır və əvvəlki illərlə müqayisə olunur. Bu il Azərbaycanda qrip epidemioloji həddən hələ çox aşağıdır”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149

Oxşar yazılar