Gülər Əhmədova: “Kamran Həsənli “Toylar kralı”nı aparmağa layiq deyil” – MÜSAHİBƏ
29 avqust 2009 14:00 (UTC +04:00)

Gülər Əhmədova: “Kamran Həsənli “Toylar kralı”nı aparmağa layiq deyil” – MÜSAHİBƏ

“Rəqsanənin çoxlu problemləri var, Faiqin nə oxuduğunu bilmirəm”


Sən demə Aygün Kazımova, Namiq Qaraçuxurlu, Röya və daha kimlər tamaşaçılara optimizm bəxş edirmiş. Bir qisim müğənni, məsələn Rəqsanə isə əksinə, onun özünün “optimizm verənə” ehtiyacı var. Bunu mən yox, psixoloq Gülər Əhmədova deyir. Ancaq o bizə müsahibəsində, əlbəttə, təkcə psixoloq kimi açıqlama vermədi; bir ana, millət vəkili, sıravi tamaşaçı kimi danışdı. Beləliklə, Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına psixologiya elmləri namizədi, millət vəkili Gülər Əhmədova danışır.

- Şou-bizneslə nə qədər maraqlanırsınız?

- Çox az. Mənim üçün şou-biznesin maraq kəsb edən hissəsi yalnız ondan ibarətdir ki, mən həm millət vəkili, həm müəllim, həm də övladları olan insanam. Yəni, şou-biznesin səviyyəsi Azərbaycan gəncinin əxlaqına müsbət, yaxud mənfi mənada nə qədər təsir edə bilər. Buna təkcə şou-biznes deyil, televiziya və internet vasitəsilə ötürülən bütün informasiyalar aiddir. Məni bu, bir alim kimi maraqlandırır.

- Hazırda şou-biznes Azərbaycan gəncinə nə qədər və necə təsir göstərir?

- 10 ballıq şkala ilə ölçsək, Azərbaycan yeniyetmələrinə, uşaqlarına 9 bal təsiri var. Burada söhbət şou-biznesin yaxşı, yaxud pis olmasından getməməlidir. Belə bir deyim var: müqəddəs yerlər heç vaxt boş olmur. Bu baxımdan, əgər biz gənclərimizin, uşaqlarımızın maraq dairəsini lazımi istiqamət verə biləcək məsələlərlə, maraqlarla doldura bilsəydik, şübhəsiz ki, şou-biznes onların həyatında bu qədər yer tuta bilməzdi.

- Bəs bir dinləyici, tamaşaçı kimi şou-bizneslə nə qədər maraqlanırsınız?

- Təbii ki, bu da var. Mənim vaxtım az olduğu üçün tamaşaçı və dinləyici kimi hər bir şeyi görüb, eşidə bilmirəm. Ancaq şübhəsiz ki, ətrafda, ailədə, qohum-əqrəbada olan insanlar diqqəti çəkən söz deyirsə, ona diqqət yetirməyə başlayıram.

- Kimlərə daha çox diqqət yetirirsiniz?

- Vallah, mən kiminsə haqqında mən ya tamam müsbət, ya da tamam mənfi danışa bilmirəm. Məsələn, eləsi var ifaçılığı çox xoşuma gəlir, ancaq ifaçılığından kənar danışığı, cəmiyyətə ötürdüyü mesajlar məni qətiyyən qane etmir. Çünki görürəm ki, burada zərərli meyllər var. Yaxud, kimsə çox ağıllı şeylər danışır, ancaq sənəti qətiyyən maraq kəsb etmir. Əgər hər iki cəhətdən müsbət olsaydı, ideal bir variant yaratmaq olardı.

- Xoşladığınız müğənnilərin adını çəkə bilərsinizmi?

- İnsan həmişə eyni halda, vəziyyətdə olmur. İnsan həyatında kədərli, sevincli, adi və s. günləri olur.

- Məsələn, kədərli günlərinizdə kimə qulaq asırsınız?

- Şübhəsiz ki, kədərli gündə bu ab-havaya uyğun bir musiqi dinləyəndə o səni bir az da kövrəldir. Mən lirik, həddən artıq pessimist ruhlu musiqilərə qulaq asa bilmirəm. Ancaq yenə də hesab edirəm ki, hər məclisin öz ab-havasına uyğun musiqisi var.

- Toyda muğam oxunmasına münasibətiniz necədir?

- Bilirsiz, toyda muğam oxunmasına yaxşı baxaram. Əgər orada muğamı başa düşürlərsə.

- Toya 300-400 nəfər adam gəlir, axı bu qədər adamın hamısı eyni vaxtda muğamı necə başa düşə bilər?

- Bir şey deyim. İnşallah övladımın toyu olanda xüsusi sevdiyim insanlar var ki, onları dəvət edəcəyəm. Bunlar Ağaxan Abdullayev, Alim Qasımov və Zabit Nəbiyevdir. Bir nəfər də var, o da çox ürəyimə yatır, yeni oxuyanlardandır.

- Kimdir?

- Onun adını deyə bilməyəcəyəm.

- Əhvalınız yaxşı olanda kimləri dinləyirsiniz?

- Kimə qulaq asıram?... (düşünür) Bizim estradada optimist ruhlu adamlar var, əsasən onlara qulaq asıram. Bir psixoloq kimi deyim ki, hər bir insanın öz aurası və ətrafa yaydığı bir aura var. Elə insan var ki, o, insanlara optimizm bəxş edir. Elə insanlar da var ki, əksinə. Mən optimizm yaradan müğənnilərdən Aygün Kazımovanın adını çəkə bilərəm. O, içində bir güc olan qadındır, ondan belə bir optimizm gəlir.

- Bəs Namiq Qaraçuxurlu?

- O da çox optimist və ağıllı adam təsiri bağışlayır. Ancaq yaxından tanımıram (gülür).

- Röya...

- Ondan da optimizm gəlir.

- Pişik Günel necə?

- Pişik? Onu tanımıram.

- Rəqsanə necə, insanlara optimizm, yoxsa pessimizm bəxş edir?

- O kimdi?

- Rəqsanə də, tanımırsız?

- Hə, tanıyıram. Ancaq onun optimizm bəxş etdiyini deyə bilmərəm. Məncə, onun özünün çoxlu problemləri var. Rəqsanə çox problemli qadın kimi görünür, onun özünə kömək ola biləcək insanlara ehtiyacı var. Bir psixoloq kimi deyə bilərəm ki, onun özünün optimizmə ehtiyacı var. Ona mənəvi cəhətdən dəstək ola biləcək insan lazımdır.

- Analoji sualı Faiq Ağayevlə bağlı da vermək istərdim...

- Faiq Ağayev... Vallah, mən heç onun dərininə getməmişəm ki, optimizm, yoxsa pessimizm verdiyini deyim. Əvvəllər bir-iki mahnısı var idi, onlar yadımda qalıb. Açığı, indi heç bilmirəm nə oxuyur. Vaxtımın azlığındandır ki, bilmirəm o, ekranlarda olur, yoxsa yox. Düzü, axır vaxtlarda onu görməmişəm.
Bilirsiz, bir dəfə müsahibə vermişdim, orada bir cümləylə ifadə eləmişdim. İndi istəyirəm onu sizə də deyim: gərək Azərbaycan kişisinin, qadınının, qızının obrazını ekranlarla silməyə icazə verməyək. Əgər müğənnilərimiz televiziya vasitəsilə hər kəsin evinə girirsə, o kişidirsə, özünü kişi kimi aparmalıdır; yəni azərbaycanlı kişisinə, atasına, qardaşına, uyğun geyimi, davranışı ilə. Məsələn, kişilərin qarğış, dedi-qodu eləməyi mənə əcaib görünür. Bu, Azərbaycan kişisinin obrazı deyil. Analoji sözləri qadınlarla bağlı da demək olar.

- Bu məsələlərdə əsas günahkar kimdir?

- Hər bir şeyə qlobal baxış lazımdır. Məsələn, mən bu mövzuda hələ parlamentdə çıxış etməzdən əvvəl öz aramızda bu mövzuda söhbət edirdik. Həmin vaxt deyirdim ki, bu mövzuda çıxış edin, problemi səsləndirin. Onlar da deyirdilər ki, sonra telekanallar bizi verilişlərə çağırmayacaqlar. Mən bu mövzuda çıxış edəndən sonra 60 nəfər millət vəkili müraciətimizə qoşuldu, daha sonra xalq artistləri və başqaları qoşuldu. Yəni, televiziyalarla bağlı bir xof var idi və bu xof aradan götürüldü. Ancaq təəssüflə bir şeyi demək istəyirəm. Məsələn, günortalar evə gəlib televizora baxanda görürsən ki, hansısa film göstərilir və filmdə yataq səhnələri var. Günün günorta çağı erotik səhnələrin yer aldığı filmləri göstərmək hansı standartlara uyğundur? Dünyanın heç bir yerində axşam saat 9-a qədər belə görüntülər gedə bilməz.

- Sənət adamlarından şəxsən tanıdıqlarınız var?

- Mənim Aybəniz Haşımova ilə dostluq əlaqələrim var, Elza Seyidcahanla, Gülüstan xanımla yaxşı münasibətlərim var.

- Yeri gəlmişkən, Elza Seyidcahan heyvanlar üçün keçirdiyi konsertə bəzi millət vəkillərindən dəstək aldığını da demişdi. Onlar arasında Siz varsınızmı?

- Xeyr, ümumiyyətlə həmin konsert keçirilən vaxt mən burada deyildim. Ancaq Elza çox sevdiyim insanlardan biridir. O, çox təbii insandır. O, həm savadlı, həm də yaradıcı bir adamdır. Onun alleqorik formada dediyi şeyləri bəzi adamlar hərfi mənada başa düşür. Ancaq mən deməzdim ki, “heyvanlara konsert” hərfi mənada idi.

Ümumiyyətlə, bəzən elə adam olur ki, onu kənardan hamı başa düşmür. Məsələn, Alim Qasımovun ölçü vahidi başqadır. Onun dünyası təkcə bizim yaşadığımız Yer planeti deyil. Bizdə belə məsəl var: filankəs yerlə-göylə əlləşir. Mən səmimi deyirəm ki, Alim Qasımov fenomendir.

- Söhbətimizin istiqamətindən kənar bir sual vermək istəyirəm. Kamran Həsənlinin mahnı oxumasına münasibətiniz necədir?

- (gülür) Normal. Nə mane olur ki?

- Axı hər adam əlinə mikrofon götürüb oxuya bilməz, çünki tamaşaçılar arasında buna görə əsəbiləşənlər olur...

- Şəxsən o oxuyanda mən əsəbiləşmirəm. Ona güclü oxuyan kimi baxmıram, inanıram ki, özünün də böyük iddiaları olmaz, çünki ağıllı adamdır. Veriliş aparır, sonda da bir mahnı oxuyur. Yəqin hesab edir ki, o da oxuya bilər. Kim istəmirsə baxmasın. Şəxsən məni Kamran Həsənlidən narazılığım başqadır. Kamran məndən incisə də, küssə də deyəcəm. Narazılığım odur ki, Kamran kimi bir insan nəyə görə “Toylar kralı” kimi bir veriliş aparır? Mən öz aləmimdə həmin verilişi Kamrana layiq bilmirəm.

- Həmin veriliş pisdir?

- Bəlkə də kimin üçünsə yaxşı verilişdir, bunu deyə bilmərəm. Ancaq mən həmin verilişin məna yükünü hələ başa düşə bilməmişəm. Orada ictimaiyyət üçün nə ötürülür, orada nə informasiya var?

- “Yeni ulduz”la “Azəristar”da bəs hansı informasiya var? Orada ictimaiyyət nə götürür?

- Heç olmasa “Yeni ulduz”un ilkin məqsəd və məramı bu idi ki, gənclər özlərinə yer tapa bilmirlər, onlara tribuna verilmir, şou-biznesə ancaq kimin çox pulu var o gəlir və s. Bunu da yaratdılar ki, baxın, biz seçirik. Yəni, həmin yarışmanın məqsədində müsbət və müqəddəs məqamların olduğu üçün ona bir söz demək olmur. Ancaq “Toylar kralı”nı başa düşmək olmur ki, bu nədir, məna yükü nədir, orada konseptual baxış nədir.

- Axı bu yarışmadan qazananlar olur: mobil operator, telekanal və qalib şəxs...

- Qalib məsələsilə bağlı bir şey deyəcəm, ad çəkməyəcəm, heç soruşmayın da. Telekanallardan birində meyxana yarışması gedirdi, indikilər deyildi, bundan qabaqkılar idi. Mənə seçicim olan şəxs gəlib müraciət etdi ki, kömək edin, çoxlu səs göndərmək istəyirik, bunu siz təşkil edin. Soruşdum ki nə kömək edə bilərəm. Dedilər ki, maddi cəhətdən problem yoxdu, ancaq SMS-ləri sürətlə göndərmək istəyirik. Mənə onu da dedilər ki, təxminən 200 min manata yaxın dəyərdə SMS göndərəcəyik. Həmin vaxt meyxana yarışmasında udulacaq avtomobilin qiyməti uzaqbaşı 50-60 min manat idi. Mən bundan dəhşətə gəldim. Gedin pulunuzu verin həmin oğlana maşın alın da, daha 50-60 min manata yüz minlər niyə xərcləyirsiniz? Maşını alın, sonra da gedin pul xərcləyin ona klip çəkdirin, “raskrutka” edin. Bəlkə o qədər pul xərclədiniz heç udmadı.

- Ortada “filan yarışın qalibi” adı məsələsi də var axı...

- Adama istəyirsiz min dənə ad, min dənə titul verin, guya bilinmir ki, kim necə oxuyur?!...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1886

Oxşar yazılar