Bakıdakı 1358 nəfərlik cəhənnəm! – REPORTAJ
Lent.az-ın əməkdaşının 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasında görüb-eşitdikləri
“Onlara (ruhi xəstələrə) əl tutun. Çünki onlar bu dünyada cəhənnəmdə yaşayırlar. Öləndə isə onlar cənnətə düşəcəklər”. Məhəmməd Peyğəmbər (ə.s.)
...Buranı belə təsəvvür eləmirdim. Əvvəllər qəzetlərdə bu xəstəxana ilə bağlı müxtəlif informasiyalara rast gəlməyimə baxmayaraq, getdiyim məkan təsəvvürümdə canlandırdığımdan çox fərqli idi: mən bir-iki yanaşı tikilmiş bina, təxminən yarım hektarlıq həyəti ağacla dolu olan yer təsəvvür edirdim. Təkcə ağac məsələsində yanılmamışdım: burada xeyli sayda ağac var (Yeri gəlmişkən, Prezident İlham Əliyevin ağacların kəsilməsi əleyhinə olan çıxışından sonra xəstəxananın həyətində 4 mindən çox ağac kolu əkilib).
Ancaq həyəti nə az-nə çox, düz 40 hektardır. Hasara alınmış 40 hektarlıq bu sahə kimisi üçün sadəcə böyük ərazi, kimisi üçün “dəlixana”, kimisi üçün iş yeri, kimisi üçün qohumunun qaldığı yer, kimisi üçün də cəhənnəm! Bəli, cəhənnəm! Bunu Səhiyyə Nazirliyinin 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasının işçi heyəti və rəhbərliyinin pis çalışıb-çalışmamasına görə deyil, Peyğəmbərimizin (ə.s) kəlamına istinad edərək deyirəm.
Bu dünya ruhi xəstələr üçün doğrudan da cəhənnəmdir. Getdiyim xəstəxana isə dünyanı cəhənnəm kimi anlayanların eyni yerə toplaşdığı məkandır: dəhşətlər məkanı, bu dünyadakı əsl cəhənnəm! Lent.az həmin cəhənnəmdən reportajı təqdim edir.
Haşiyə: Xəstəxanada baş həkimin müavinin müşayiətilə gəzərkən mənə sübut etmək istəyirdilər ki, burada hər şey yüksək səviyyədədir. Tibbi personalın üzvləri xəstələrdən hansından soruşurdularsa, onlar tutuquşu kimi “hər şey yüksək səviyyədədir, müalicə yaxşı gedir” sözlərini eşidirdim. Yalandan nə deyim, xəstəxanada tibbi heyətlə və yeməklə bağlı elə bir ciddi qüsur görmədim ki, onu yazım. Ancaq mənim orada cəmi 3-4 saat qaldığımı nəzərə alsaq, qüsuru görməməyimdə qəribə heç nə yoxdur.
Ona görə məni müşayiət edən həkimə bu cür tərifli məlumatların verilməməsini xahiş etdim; biz daha çox onların talelərilə, faciələrilə maraqlanırdıq. Onsuz da şəraitin istənilən cür olmasının təsiri az-çox fərq edir: bu dünya onlar üçün onsuz da cəhənnəmdir!
Kişi və qadınlar: 50/50-yə!
1 saylı Ruhi-Əsəd Xəstəxanası 1936-cı ildə tikilib. Xəstəxananın 24 şöbəsi rəsmi qeydiyyatdadır. Hazırda şöbələrdən 4-ü (hamısı kişi şöbəsidir) müvəqqəti olaraq, təmirə dayandırılıb. Həmin 4 şöbə hazırda Səhiyyə Nazirliyi tərəfindən təmir etdirilir. Yeri gəlmişkən, xəstəxananın Qəbul şöbəsi də təmirə dayandırılıb.
Xəstəxanada Qəbul şöbəsindən başqa Uşaq şöbəsi, Yeniyetmə şöbəsi, Nevroz şöbəsi, Kişi şöbəsi, Qadın şöbəsi, Narkoloji şöbə, Qocalar şöbəsi, İnfeksiya şöbəsi, Vərəm şöbəsi, Ciddi rejimli məcburi müalicə şöbəsi (ağır cinayət törədən şəxslər məhkəmə qərarı ilə gətirilir), Adi rejimli məcburi müalicə şöbəsi (nisbətən yüngül cinayət törədən şəxslər məhkəmə qərarı ilə gətirilir) və s. şöbələr var.
Bura Azərbaycanın ən böyük ruhi-əsəb xəstəxanasıdır. Ancaq Bakıda daha bir xəstəxana və bir dispanser, regionlarda (Gəncə, Mingəçevir, Qazax, Quba, Lənkəran, Naxçıvan MR və s.) isə dispanserlər var.
Dünyada isə ruhi xəstələr üçün ilk xəstəxanalar məhz İslam ölkələrində tikilib. İlk ruhi xəstəxana hələ 9-cu əsrdə Qüds şəhərində inşan olunub. Növbəti yüzilliklərdə Bağdadda, daha sonra isə Dəməşqdə belə xəstəxanalar istifadəyə verildi. Buna qədər müsəlman ölkələrindəki ruhi xəstələr məscidlərin yaxınlığına sığınır, məscid işçiləri onlara kömək edir, qulluğunda durur, mühafizə edirdi. Xristianlar isə ruhi xəstələri “cinin onların bədəninə girdiyinə görə” yandırırdılar.
1 saylı Ruhi-Əsəd Xəstəxanasında hazırda 1358 nəfər xəstə yatır. Ümumilikdə daim bu rəqəm 50-100 fərqi ilə yuxarı-aşağı dəyişə bilər. Bu isə yeni xəstələrin gəlməsi, sağalan xəstələrin evə buraxılması, həmçinin ölənlərin sayından asılıdır. Xəstəxanadakı çarpayıların sayı tam 1890 ədəddir.
Xəstələrin qadın-kişi nisbəti üzrə rəqəmlər açıqlanmasa da, bu xəstəxanada yatanların təxminən 65%-inin kişi, 35%-inin qadın olduğunu dəqiqləşdirdik (qadın və kişilərin faiz nisbətinin açıqlanmamasının səbəbi də izah edildi. Sən demə, bir müddət əvvəl xəstəxanadan reportaj hazırlayan jurnalist xəstə kişilərin qadınlardan çox olması barədə rəqəmləri öyrənəndən sonra qəzetdə yazdığı məqalənin başlığını belə qoyub: “Azərbaycanda qadınlar kişiləri dəli edir”. Xəstəxana rəhbərliyi də buna görə əsəbiləşib).
Ancaq 65/35 nisbəti ölkədəki və ya dünyadakı kişilərin çoxunun, yaxud qadınların az hissəsinin psixi xəstə olması anlamına gəlmir. Birincisi, sübut olunub ki, qadın və kişilərdə psixi xəstəliyin qeydə alınması 50/50-dir. İkincisi isə, bu, Azərbaycandakı xəstəxananın rəqəmi olduğundan, milli mentalitet də öz sözünü deyir: psixi xəstə olan qadınların heç də hamısı xəstəxanaya yatırılmır. Həm də bu cür xəstə qadınları evdə daha asanlıqla saxlamaq mümkündür, nəinki kişiləri.
Anama deyin, balası gələr...
Yox-yox, “anama deyin balası gözləyir”. Yolunu gözləyir. Özü də illərlə! Ancaq ana gəlmir ki, gəlmir. Heç ata da gəlmir. Ümumiyyətlə, heç kim gəlmir. Bəlkə də heç gözləmir, ata-anası illərdi gəlmədiyindən unudub onları...
Söhbət “Uşaq şöbəsi”ndən gedir. İkimərtəbəli binanın aşağı mərtəbəsində 6-14, yuxarı mərtəbəsində isə 14-18 yaşlı uşaqlar qalır.
Əvvəlcə ikinci mərtəbəyə qalxdıq. Burada bizi Sona adlı baş tibb bacısı ilə bərabər təxminən 17-18 yaşı olan Aslan (ad şərtidir) də qarşıladı. Aslanı küçədə görən onun xəstə olduğuna inanmaz: özündənrazı və qəzəbli görkəmi olan bu oğlan çox qızın ağlını başından çıxaracaq qədər yaraşıqlıdır. Onun valideynlərinin hər ikisi həkimdir, maddi durumları yaxşıdır, şəhərin mərkəzində yaşayır. Ancaq Aslanı evdə saxlaya bilmədiklərini əsas gətirərək, onu xəstəxanaya yatırıblar. 39 ildir, burada çalışan Sona xanım “heç biz də onunla bacarmırıq” deyir: “Bir də görürsən, bizi döyür. Aslanın bir qardaşı var. Ancaq nə qardaşını, nə də anasını görən gözü var. Bir-iki dəfə anası bura gələndə az qalıb, onu boğsun. Ancaq atasını çox istəyir. Atası həftədə 3 dəfə gəlib, dəyir ona. Sağ olsun, gələndə bizim uşaqlara nəzir də gətirir”.
Başqa uşaqların valideynləri isə onların yanına arabir gəlir: eləsi var ayda bir dəfə, eləsi də var üç-altı ayda bir dəfə. Ancaq 6-7 uşaq var ki, onların yanına illərlə gələn olmur. Bəzən xəstəxana işçiləri əlaqədar qurumlara uzun müddət məktub yazandan sonra onların nisbətən insaflısı övladını görməyə gəlir. Uşaqlardan birinin valideynləri – baxmayaraq ki, onlar həyatdadır – 6 ildir, onun yanına gəlmir.
Valideynlərin gəlməməsilə bağlı durum 6-14 yaşlı uşaqların müalicə aldığı aşağı mərtəbədə də təxminən eynidir. “Uşaq şöbəsi”nin müdiri Gülzar Abdullayeva: “Əgər bu yazını oxuyanlar arasında uşağı burada olub özü ona dəyməyən valideynlər, xüsusən analar varsa, onlara müraciət edirəm: övladlarınızı görməyə gəlin”.
Aşağı mərtəbədəki ən kiçik sakinin 6 yaşı var. Bir ay əvvəl gətirilmiş Lalə (ad şərtidir) başqa uşaqlara qoşulmadan tibb bacılarının yanına düşərək, elə hey dəhliz boyu, otaqdan-otağa gəzirdi. Özü də qəti ayaqqabı geyinmir. Deyəsən, hansısa dəri xəstəliyi də vardı onda: üz-gözü və qolları “zelyonka”lı idi...
Bu xəstəxanada mənim ən çox da məhz bu 6 yaşlı uşağa ürəyim ağrıdı. Bu qızcığaz nə xəstəxanadakı digər bəzi uşaqlar kimi eybəcərdi, nə də kəskin hərəkətlər edirdi. Sadəcə danışmır, bir qədər də nadincdi. Başqa valideynləri, xəstələrin qohum-əqrabalarını qınamaq da, bəlkə qınamamaq da olar. Ancaq bu qəşəng qızcığazı xəstəxanada görəndən sonra mən bəzi insanların “ürəyinin daş olması” barədə deyimin əbəs olmadığına inandım. Yəqin ki, Lalənin valideynlərinin ürəyi daşdı, bəlkə də onların heç ürəyi yoxdu!
Ancaq fədakar analar da var. Məsələn, övladı bu xəstəxanada yatdığından gəlib rəhbərliyə müraciət edərək orada ona bir iş verilməsini istəyənlərə təsadüf edilir. Belə qadınlara övladının müalicə aldığı şöbədə deyil, başqa şöbədə iş verirlər. Onlara məhz övladı olan şöbədə iş verilməməsinin də səbəbi var: bu təqdirdə işçi yalnız öz övladına qulluq göstərərək, başqa uşaqlara az diqqət yetirə bilər.
Xəstəxanada olarkən, başqa bir maraqlı faktı da öyrəndik: sən demə, uşaqlarını (eləcə də valideynlərini, başqa qohumlarını) bu xəstəxanaya gətirənlər bunu qohum-qardaşdan gizlətməyə çalışır. Yalnız yaxın ətraf xəstənin harada (yəni xəstəxanada) olduğundan xəbərdar olur. Ancaq adətən cidanı çuvalda çox gizlətmək olmur, bu fakt gec-tez üzə çıxır.
Qarabağ müharibəsi veteranı, dörd qız atası zərgər, oğlu nazirlikdə işləyən ana
“Nevroz şöbəsi”ndəyəm. Bura ikimərtəbəli binadır, şöbənin həkimi isə Günel Əliyeva adlı cavan xanımdır. Şöbənin müxtəlif palatalarında xəstələr 3-3, 4-4 müalicə alır (bəlkə də yaşayır desək, daha düzgün olar). Bu şöbədə yalnız bir xanım xəstəyə rast gəldim. O, palatada tək qalır. 1955-ci ildə anadan olmuş qadın 6 aydır ki, buradadır. Mənimlə söhbətində onu bura kiçik oğlunun gətirdiyini dedi: “Məndə özünəqapanmalar, depressiyalar olur. İki oğlum, bir qızım var. Böyük oğlum evlidir, utanmasını səbəb gətirərək yanıma gəlmir. Qızımı da gəlməyə oğlanlarım qoymur, deyirlər, ayıbdı. Kiçik oğlum tez-tez yanıma gəlir. O, nazirliklərin birində işləyir, tez-tez xaricə gedib-gəlir, hazırda İsveçrədə səfərdədi. Mən artıq sağalmışam, istəyirəm çıxım. Yəqin oğlum xaricdən gələndən sonra məni buradan aparacaq”.
(Ən maraqlısı isə bilirsiniz nədir: qadın övladlarından, xüsusən yanına gəlməyə imkanı olan oğlundan da razılıq edirdi)
Bu qadının boynu-boğazı yanmışdı. Deyir, bir müddət əvvəl televizoru yandırmaq istəyərkən, qısaqapanma baş verib, nəticədə yanıb: “İndi də televizoru işə salanda qorxuram...”
Bu şöbədə başqa bir palataya girmək istəyərkən, xəstələrdən birinin yatdığını görüb fikrimdən vaz keçdim. Növbəti otaq. Sən demə, bura xəstələrin istirahət otağıdır. Otaqda bir küncdə pianino, digər küncdə isə yazı lövhəsi (həkimlərin xəstələrlə işləməsi üçün istifadə olunur), qapının yaxınlığında isə bir divan, 4-5 stul, bir jurnal stolu, jurnalın üstündə isə nazik dəmir külqabı gözə dəyir. Hə, bir də nərdtaxta vardı. Biz içəri girən vaxt xəstələr nərd oynayırdı. Onlarla salamlaşan vaxt birisi nərdtaxtanı götürüb qapamaq istədi. Xahiş etdim “nərdtaxtanı qapamayın, mən gedəndən sonra oyunu davam etdirərsiniz”. Ancaq digər oyunçu – 25-26 yaşlı xəstə oyunçu yoldaşına – yaşlı kişiyə “bağla-bağla“ deyərək, əmrə bənzər tonla səsləndi. Kiçik mübahisədən sonra nərdtaxta bağlandı.
Buradakı adamlardan ikisilə çox normal söhbət etdim. Qalanları isə deyəsən, danışmaq istəmirdi.
Məğrurun (ad şərtidir) 39 yaşı var, Qarabağ müharibəsi veteranıdır. Deyir, Tərtərdən başqa, bütün rayonlarda döyüşüb. Müharibə vaxtı kontuziya alıb: “O qədər meyit görürdük ki... Müharibə çox dəhşətli şeydir...”
Müharibədən sonra o evlənib, hazırda iki övladı var. Biri 5-ci, o biri 4-cü sinifdə oxuyur. O, əvvəllər də əsəbi vəziyyətdə müxtəlif hərəkətlər edib. Məsələn, deyir, heç vaxt döyülməyib, həmişə döyüb, adam bıçaqlayıb. Qollarında sağalmış, lakin dərin şırımları görüb səbəbini soruşuram. Səbəbi maraqlıdır: “Əsəbləşirdim, görürəm ki, kimisə, məsələn, evdə uşaqları vurmalıyam. Onları vurmurdum, özümü doğrayırdım. Evdə də ki, bütün qab-qacağı sındırmışam...”
Ən dəhşətlisi bilirsiniz, nədir? Dəhşətlisi, daha çox isə faciəlisi Məğrurun xəstəxanaya düşmə səbəbidir; o xəstəxanaya Xırdalandakı obyekti əlindən alınandan bir müddət sonra düşüb: “Nəyim vardısa, hamısını həmin obyektə xərcləmişdim... Obyektimin sökülmə məsələsi gələndə, dedim söksəniz, sizi öldürəcəm... 20 gündür bura gəlmişəm”.
İsrafil kişinin (ad şərtidir) isə 64 yaşı var, zərgərdir: “1976-91-ci illərdə zərgər işləmişəm, yaxşı da qazanmışam. Dörd qızım var, hamısı ali təhsillidir. Hətta birinin iki diplomu var”.
İlk dəfə “Beşmərtəbə” deyilən yerdəki mənzilindən çıxanda qarşısına it çıxıb, İsrafil kişi heyvandan qorxub, nəticədə onu ölüncəyə qədər döyüb: “İtin ağzından qan gəldi... Bu hadisə 1971-ci ildə baş verib. Müxtəlif illərdə ayrı-ayrı xəstəxanalara getmişəm, müalicə olunmuşam”.
Onda “görmə hallüsinasiyası” xəstəliyi var...
Ciddi və adi rejimli məcburi müalicə
Dünya mətbuatında, eləcə də yerli KİV-lərdə “manyakın azyaşlı qızlara hücum etməsi”, “şəhərdə manyak peyda olması” və s. bu kimi xəbərlərə arabir rast gəlirik. Xəstəxana rəhbərliyindən 1 saylı Respublika Ruhi-əsəb Xəstəxanada bu cür adamların saxlanıb-saxlanmadığını da soruşdum. Rəhbərlik qəti şəkildə xəstəxanada belə xəstələrin olmadığını iddia etdi. Ancaq baş həkimi müavini Rauf Ələsgərov “Ciddi rejimli məcburi müalicə şöbəsi”ndə saxlanılanların cəmiyyət üçün təhlükəli sayılan adamlar olduğunu söylədii: “Onlar cəmiyyət üçün təhlükəlidir. Ancaq müalicədən sonra təhlükəsiz olurlar”.
“Ciddi rejimli məcburi müalicə şöbəsi”ndə əsasən, bir və daha çox adama xəsarət yetirmiş, öldürmüş adamlar saxlanılır. Yəqin buna görədir ki, məni yalnız “Adi rejimli məcburi müalicə şöbəsi”nə buraxdılar. Ora girərkən isə fotoaparat və diktofonu, hətta mobil telefonumu da qapıdakı polis əməkdaşlarına təhvil verdim. (Yeri gəlmişkən, Dövlət Neft Akademiyasında baş verən məlum hadisə ilə əlaqədar olaraq 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasında da təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə xəstəxananın girişində elan da var).
Buna baxmayaraq, “Ciddi rejimli məcburi müalicə şöbəsi”ndə yatanlardan birini görə bildim: dəmir barmaqlıqlı pəncərə arxasından bizə tərəf baxan təxminən qolları bütöv döymə ilə örtülmüş təxminən 65 yaşında olan kişinin qorxunc gözləri vardı.
Məcburi müalicə olunanların iki şöbə üzrə ümumilikdə sayı 160-a yaxındır. Onlara 14 videokamera vasitəsilə nəzarət edilir.
Nəzarət monitorları həm qapı ağzındakı postda duran polislərin, həm də şöbə müdirinin otağında var. Hər iki şöbə həddindən artıq qapalı şəraitdədir. Belə ki, şöbələr hər tərəfi hasara alınmış xəstəxananın həyətində daha hündür hasar çəkilmiş həyətdə yerləşir.
Digər şöbələrdə xəstələr palatalarda 3-3, 4-4 qalırlarsa, “adi rejimlilər”in bir palatasında (daha doğrusu iri zallarda) təxminən 25-30 nəfər qalır. Hər zalda bir televizor var. Xəstələrlə razılaşmaya əsasən, televizor gecə saat 24.00-da söndürülür. Yalnız şöbə əməkdaşlarına xahiş etməklə televizora 30-60 dəqiqə artıq baxmaq olar. Əgər xəstələr telekanallarını dəyişmək üstündə mübahisə etsələr, onda şöbə əməkdaşları gəlib televizoru söndürür. Bu səbəbdən də xəstələr bu cür mübahisələrə getməməyi üstün tuturlar.
Yəqin oxucuya buradakı xəstələrlə hansı söhbət etməyim maraqlıdır. Təəssüf ki, həkimlər buradakı xəstələrlə ünsiyyətə girməyin pis nəticə verəcəyini əsas gətirərək, onlarla söhbət etməyimə icazə vermədi. Mən onlarla yalnız salamlaşdım...
Xəstəxana rəhbərliyi xüsusi rejimdə saxlanılanlar üçün “karser” olmadığını desə də, hər halda xüsusi otaqların olduğunu etiraf etdilər. Özlərini “pis aparan” xəstələr həmin xüsusi otağa salınır. Həkim müsbət rəy verəndən sonra isə xəstə digər xəstələrin yanına gətirilir. Yeri gəlmişkən, hələ bu xəstəxanaya gəlməzdən əvvəl “Ciddi rejimli məcburi müalicə şöbəsi”ndə saxlanılan şəxslərdən bəzilərinin nəinki təkadamlıq otaqda, hətta zəncirə vurularaq, saxlanılması haqda da eşitmişdim. Ancaq şöbəyə girmək imkanım olmadığından bunun nə dərəcədə həqiqət olub-olmadığını dəqiqləşdirə bilmədim.
Bəziləri müəyyən cinayət əməli törətmiş və psixi xəstə olmayan “Adi rejimli müalicə şöbəsi”nə müvəqqəti yatırıldığını, buradan da azadlığa çıxdığını iddia edir. Bu, bir az ağlabatan üsula da oxşayır. Bir var, hansısa cinayət əməli törədərək gedib cəzaçəkmə müəssisəsində 4-5 il “yatasan”, bir də var, ruhi-əsəb xəstəxanasında 6 ay (bu, məcburi müalicə alanlar üçün minimum müddətdir), uzaqbaşı 10-12 ay qalıb azadlığa çıxasan. Bu cür şəxslərin psixi durumu normal olsa da, onlar cəmiyyət üçün təhlükəli sayılır: azadlıqda olarkən istədiyin adamı bıçaqla, yaxud oğurluq et, sonra da kağızını göstərərək “mən psixi xəstəyəm” deyib, get təzədən 6 aylığa xəstəxanaya gir.
1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasının baş həkimin müavini Rauf Ələsgərov isə qeyd etdiklərimizin həqiqət olmadığını deyir: “Bilirsiniz, birincisi bura məhkəmə qərarı ilə göndərilən şəxsləri biz yox, başqa bir təşkilatın müəyyənləşdirdiyi komissiya yoxlayaraq, rəy verir. Həmin komissiyanın üzvləri professorlardan ibarətdir. Dustaqlarla bağlı işi Məhkəmə-Tibbi Psixiatrik Ekspertiza şöbəsi həyata keçirir. Komissiya şəxsin anlaqlı, yaxud anlaqsız vəziyyətdə olduğunu müəyyənləşdirərək rəy verir. 6 ayda bir dəfə müvafiq komissiya həmin xəstələri yoxlayır. Əgər müsbət rəy verilirsə, həmin şəxsin buradan çıxması məsələsinə məhkəmə baxaraq qərar qəbul edir”.
Bir müddət əvvəl “Ciddi rejimli məcburi müalicə şöbəsi”ndə xəstələr qiyam qaldırmışdı. 2008-ci ilin fevral ayında isə burada qətl hadisəsi baş vermişdi. Ciddi müşahidə altında müalicə alanlar - məhkum olunmuşlar Canəli Babayev Rafiq Hüseynovla birgə məhkum olunmuş Renat Qəhrəmanovu mələfə ilə boğaraq qətlə yetirmişdilər. Bu hadisə xəstəxanada qısa müddətdə elektrik enerjisinin kəsilməsi zamanı olmuşdu.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov həmin hadisənin bir siqaret üstündə baş verdiyini deyir: “Mən xəstəxanaya yenicə baş həkim təyin olunan vaxt həmin şöbədən xəstələrin gizlətdiyi 27 bıçaq, 38 “zatoçka” və s. kəsici-deşici alətlər tapıb çıxardıq...“
Yeri gəlmişkən, əgər “Ciddi rejimli məcburi müalicə şöbəsi”nə kəsici-deşici alət keçirilməyə cəhd edilirsə, “Narkoloji şöbə”yə gizli yolla narkotik vasitə aparılır. Daha doğrusu, aparılarkən nəzarətçilər həmin şəxsləri yaxalayır. Ancaq içəri narkotik keçirməyə nail olanlara da rast gəlinir. Bu, xəstənin uyuşdurucudan istifadə etməsi zamanı üzə çıxır. Belə hal 3-4 ayda bir dəfə baş verir.
Ruhi xəstələrin cinsi tələbatları
Baş həkim burada cinsi zorlanma hallarının olmadığını deyir. Onun sözlərinə görə, 10-12 xəstənin və bir neçə sanitarın yanında belə halın baş verməsi mümkün deyil. Buna baxmayaraq, xəstələrin cinsindən asılı olmayaraq könüllü surətdə cinsi əlaqələrə girməsinə rast gəlinir.
Əvvəllər xəstəxanada “Ümumi şöbə” olub. Bu şöbədə qadınlar və kişilər bir yerdə olurmuş: “Həmin vaxtlar həkimlərimiz qadınları aparıb abort etdirməkdən yorulmuşdu. Sonradan həmin şöbə ləğv olundu. Hazırda burada qadınlardan bilmirəm, ancaq kişilər arasında homoseksual meylli olanlar var. Onları çalışırıq ki, nəzarət altında saxlayaq, belə hallar baş verməsin”.
Homoseksual meyl müşahidə olunan kişilər nəzarətdə saxlanılır. Onlar ya müvəqqəti olaraq izolyasiya edilir, ya da çarpayısı dəhlizə qoyulur ki, hamının gözü qarşısında olsun, yəni özünü başqa kişilərə təklif edə bilməsin.
Başqa bir maraqlı məqam isə xəstələrə psixotrop dərmanların verilməsilə bağlıdır. Psixotrop dərman qəbul edən xəstələrin cinsi fəaliyyəti zəifləyir. Bu səbəbdən, homoseksuallar palataya yeni gələn xəstənin “saqqızını oğurlamağa” cəhd göstərir. Onlar diqqəti cəlb etsələr, istəklərinə nail ola bilmirlər. Əgər həkim və sanitarların gözündən yayınsalar aralarında cinsi əlaqə baş verir. Bu, psixotrop dərmanın aktiv xəstəyə təsir edəcəyi vaxta qədər olur. Dərman öz təsirini göstərəndən – yəni bir neçə gündən (və ya bir neçə həftədən) sonra passiv xəstə yeni sevgili – yeni ruhi xəstənin yolunu gözləyir.
Ancaq istənilən halda psixotrop dərmanların da gücü bir yerə qədərdir. Homoseksual meyilli kişilər dərmanın az təsir göstərdiyi kişilərlə də münasibətlərini davam etdirmək “imkan”ı qazanır. Homoseksualların “xidmətindən” istifadə etməyi özünə sığışdırmayan, utanan, yaxud buna imkan tapmayan xəstələr isə seksual tələbatlarını ödəmək üçün onanizmlə məşğul olurlar...
250 xəstə cəmiyyətdəki bütün əlaqələrini itirib...
Burada ən az yatan xəstə 5 gün, ən çox yatan isə on illərlə (məsələn, 25 il) qalıb. İllərlə yatanlara xroniki xəstələr aiddir. Belələri əsasən, anadangəlmə xəstələr olur.
Ancaq elə valideyn (yaxud ər, qardaş və s.) olur ki, öz övladının (yaxud yaxınının) bu xəstəxanaya düşməsini istəməyərək onu evində saxlayır. Evdə qalan xəstələrin bir qismi ambulator şəraitdə müalicə olunur, bir qismi isə sadəcə evdə yaşayır. R.Ələsgərov da deyir ki, xəstələrin evdə saxlanılaraq, müalicə alması mümkündür. Ancaq elə xəstələr var ki, onların evdə nə saxlanılması, nə də sağaldılması mümkündür.
Xəstələrin yanına, əsasən onlara ən yaxın şəxslər – valideyn, övlad, bacı, qardaş və s. gəlir. Uzaq qohum və ya tanışın gəlməsi halları da olur, ancaq bu, az olur. Burada Bakı sakinləri ilə yanaşı, ölkənin müxtəlif yerlərindən olan xəstələr yatdığından, xəstə yanına gələnlər də ən müxtəlif yerlərdən gəlir. Uşaqlarda olduğu kimi, böyüklər arasında da illərlə yanına heç kimin gəlmədiyi xəstələr var: onlar nəinki xəstələrin yanına gəlmir, onların gələcək taleyini daha da korlayır. Bəli-bəli, söhbət xəstələrin xəstəxanadan çıxandan sonrakı taleyindən gedir. Əgər xəstə kimsəsizdirsə, yaxud onu məhz yaxın qohumları xəstəxanaya saldıraraq, evini öz əlinə keçiribsə, onda xəstənin vəziyyəti bir az fərqli olur.
Elə buna görə də 1 saylı Respublika Ruhi-əsəb Xəstəxananın həyətində psixi xəstələr üçün yataqxana tikilməsi ideyası var. Baş həkim Ağahəsən Rəsulovun sözlərinə görə, bu ideya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda dəstək verdiyi səhiyyə islahatları çərçivəsində gerçəkləşə bilər: “Hazırda bizim xəstəxanada 250 xəstə var ki, onlar cəmiyyətdəki bütün əlaqələrini itirib. Məsələn, birinin anası rəhmətə gedib, bacısı da evini satıb Rusiyaya gedib. İndi bu xəstənin nə evi, nə də qeydiyyatı var. Yaxud, başqa birisinin həyat yoldaşı ondan bezib, onu qeydiyyatdan da çıxarıb, özü də evi sataraq, ayrı yerdə mənzil alıb. Eləsi də var ki, bura düşəndən sonra qonşuları mənzilini ələ keçirib. Bu cür hallarda bəzən sahə müvəkkillərinin də əli olur. Eləsi var ki, həyat yoldaşı Rusiyaya köçüb, oğlu Azərbaycandadır. Oğul evlənib, 2 uşağı var. İndi atasını sağalandan sonra da götürmək istəmir. Deyir ki, o dava eləyir, uşaqları qovmaq istəyir. Xəstə də deyir ki, məni evə buraxın. Biz həmin kişini dəfələrlə evə buraxmışıq, 2 aydan sonra təzədən oğlu bura gətirib. Həmin adam oğlu üçün doğrudan da problem yaradır. İndi gəlinlərin çoxu heç normal qayınataya qulluq etmək istəmir, o ki, ola ruhi xəstənin qulluğunu tuta. Bu adam da gedir evdə siqareti çəkib külünü yerə tökür, evdə tüpürür. Beləliklə, problem yaranır. İndi belə xəstələrin sağalandan sonrakı taleyi müəmmalı qalır. Praktikada biz belə adamları sağalandan sonra da elə xəstəxanadaca saxlayırıq. Əgər buraxsaq, küçələrdə olan polislər onları tutub yenə bura yerləşdirirlər. Yaxud, əgər onun hərəkətlərinə dözməyən övladının yanına getsə, yenə ağırlaşaraq, təzədən bura düşəcək. Bilirsiniz, ümumiyyətlə indi cəmiyyət də səbirsiz olub. Azərbaycanda ruhi xəstələrə küçədə cəmiyyətin göstərdiyi münasibət mənfi mənada dəyişib. Əgər onların yataqxanası olsa, sağalan şəxslər orada yaşayar. Xəstəxananın tələblərindən biri də məhz onun qapılarının küçəyə açıq olması olacaq. Yəni, istənilən adam çölə çıxa biləcək” – deyə, baş həkim bildirdi.
Hollandiya və Almaniya kimi ölkələrdə ruhi xəstələrin 1500-1700 avro təqaüd aldığını deyən baş həkim onu da bildirdi ki, yataqxanada tikilərsə, ilkin mərhələdə 100 nəfərin yaşaması planlaşdırılır: “Həmin adamların əsas xərclərini xəstəxana, hökumət çəkəcək. Ancaq istənilən halda, indi xəstələrə verilən təqaüd onları tam təmin etmir. Yataqxana tikilib istifadəyə veriləndən sonra bu barədə də fikirləşəcəyik”.
Yeri gəlmişkən, xəstələr burada ölürsə, yiyəsi olmayan, yaxud heç bir qohumu sahib çıxmayan meyitlər Hövsan qəsəbəsindəki “Kimsəsizlər qəbiristanlığı”nda basdırılır...
Tanınmış ruhi xəstələr
Xəstəxanada sağalandan sonra evinə dönərək çox normal şəkildə yaşayanlar da var. Ancaq bunlar ümumi xəstələrin təxminən 5-10%-ini təşkil edir. Belələri xəstəxanaya ya heç qayıtmır. Yaxud qayıtsa da 5-10 ildən sonra gəlib qısamüddətli müalicə alandan sonra geri qayıdır.
“Mənim bir xəstəm vardı, böyük bir müəssisənin baş mühəndisi işləyirdi, onun əmrində 550 nəfər adam vardı. Periodik olaraq, 19 ildən bir bu adamın tutması olur. Deyirəm, bir aylıq məzuniyyət götürür, gəlib müalicə olunur, sonra qayıdıb gedir. Bunu həmin adamın qohum-tanışlarından heç kəs hiss etmir. Ümumilikdə isə televizorda çıxıb danışan adamlar var ha, onların arasında o qədər mənə müraciət edən var ki...” – deyir, Ağahəsən Rəsulov.
Ruhi xəstəliyin yaranmasının səbəbi nədir?
Doğrudan da, axı səbəb nədir? Yeni ailə quranlar nə etməlidirlər ki, övladları gələcəkdə bu cür xəstə olmasın? Ağahəsən Rəsulov: “Tibbi nöqteyi-nəzərdən əslində İslamda qadağan olunan şeylərdən – spirtli içki, narkotik maddələrdən istifadə zamanı bunlar insanın qanına keçir. Sonradan isə genetik formada onun nəslində peyda olur. İçki içən, narkotik qəbul edən adamların uşaqları da xəstə doğula bilər. Bu, birinci nəsildə də olmasa, ikinci nəsildə mütləq üzə çıxır. Ancaq ümumilikdə ruhi xəstəliklər nəsillə keçir. Çarlz Darvin özünün və evləndiyi qadının ayrı-ayrılıqda 200 illik genetik tarixini öyrənmişdi. Darvinin özü və arvadı sağlam idi, həmçinin 200 illik genetik tarixin nəticəsi müsbət çıxmışdı. Ancaq onların övladı genetik xəstə doğulmuşdu. Bunun izahı belədir ki, atanın geni ilə ananın geni birləşəndə artıq yeni gen yaranır, nəticədə uşaq xəstə doğulur”.
Son söz əvəzi
El arasında ruhi-əsəb xəstəliklərindən əziyyət çəkənə adətən “dəli” deyirlər. Həkimlər isə xəstələri “dəli” adlandırmağın çox böyük yanlış olduğunu deyir. Həkimlər deyir ki, insan dəli ola bilməz, yalnız ruhi vəziyyətin dəyişməsi mümkündür. Dəli demək, xəstələri təhqir etmək sayılır. Onlar yalnız xəstədir: psixi, yaxud ruhi xəstə. Bura isə onların müalicə olunduğu yerdir.
Dahi filosof və psixoloq Freyd deyirdi: “Dünyada elə adam yoxdur ki, həyatı boyu bir dəfə də olsun ruhi xəstəlik keçirməsin“. Bu, Azərbaycandakı “hərə bir cür dəlidir” el misalının başqa forması, əslində isə təsdiqidir. Yaxud, dahi filosofun dediyini bizim atalar sözü təsdiqləyir. Başqa sözlə, biz hamımız, ruhi xəstə, el dili ilə desək, ...dəliyik. Bəs necə? İnsanların harınlığı, lovğalığı, həsəd aparması, paxıllığı dəlilik (yaxud onun bir forması) deyilmi?
Birinin nazirlikdə süpürgəçi işləməyə, başqasının isə öz rahat kreslosunu yüksək posta çevirməyə can atması nə qədər də ziddiyyətlidir! Bəlkə bunlar heç dəlilik-filan deyil? Bəlkə elə bu cür fikir yürütmək də dəlilikdir və psixi xəstələr də məhz bu cür düşünənlərdir? Eləmi? Onda, fikir yürüdən adamları niyə “elmi savadı olmayan filosof” deyil, “psixi xəstə” adlandırırıq?
Suallar çox, cavabı ondan dəfələrlə artıqdı; çünki bunları hərəmiz öz arqumentlərimizi əsas gətirərək cavablandırırıq. Və nəticə: Bəlkə də nəticə etibarilə insanlar Freydin dediyindən də artıq dəlidir, ...hamımız dəliyik; kimimiz az, kimimiz çox...Ona görə də gəlin “halı daha ağır olan həmkarlarımız”a qarşı həssas olaq, imkan daxilində isə bəziləri kimi əl tutaq...
Pərvin ABBASOV
[email protected]
P.S. Yəqin əziz və hörmətli oxucularımız bizdən xəstələrin şəkillərini də gözləyirdi. Ancaq biz onları çəkə bilməzdik. Buna icazə verilmir. Hətta icazə verilsə də, çəkib saytda yerləşdirməyə ixtiyarımız yoxdur: yazılan və yazılmayan qanunlarla...

3319