Almaniyada ARDNŞ-in təqaüdçüsü olan tələbələrlə görüş keçirilib
Almaniyanın Berlin şəhərindəki Texniki Universitetdə 28 May-Respublika Günü münasibətilə ARDNŞ-in təqaüdçüsü olan tələbələrlə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir ARDNŞ-in təşəbbüsü və dəstəyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. Görüşün təşkilində Azərbaycanın Almaniyadakı Səfirliyi və Alman-Azərbaycan Forumu da iştirak edib. Tədbirdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı katibi Samira Patzer-İsmayılova, ARDNŞ-in idarə rəisi İlqar Əliyev, Alman Bundestaqının üzvü Eduard Lintner, Azərbaycanın Almaniyadakı Səfirliyinin ikinci katibi Ramil Fərzəliyev, Alman–Azərbaycan Forumunun sədr müavini, Potsdam Universitetinin professoru Vilfrid Furman, Berlin Texniki Universitetinin prorektoru Prof.Dr.Ştaynbax çıxış ediblər. Natiqlər Azərbaycanın Respublika Gününün tarixindən, Azərbaycan dövlətinin müstəqillik uğrunda keçdiyi mübarizə yolundan və s. məsələlər barədə danışıblar. Tələbələr də öz fikirlərini bölüşüblər. Tələbələrlə görüşə qatılanlar arasında Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAKM-nin idarə heyətinin üzvü Bahattin Qaya, Alman tələbə və alimlər cəmiyyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, ARDNŞ təqaüdçülərindən başqa Almaniya təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr, alman gəncləri də olub. “Azərbaycan – yurdum mənim” sənədli filminin nümayişi tədbir iştirakçılarını Azərbaycanın bu günkü vəziyyəti barədə məlumatlandırıb. Sonra Münster Musiqi Məktəbinin tələbəsi Sona Cəfərova “Xəzər”, “Qədim Bakı küçələri” mövzusunda caz improvizasiyalarını ifa edib.
Pərvin ABBASOV
Pərvin ABBASOV
988