Azərbaycanda bələdiyyə məktəbləri yaradılacaq
19 yanvar 2011 15:38 (UTC +04:00)

Azərbaycanda bələdiyyə məktəbləri yaradılacaq

“Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə uyğun olaraq, bundan sonra Azərbaycanda dövlət, özəl ümumtəhsil müəssisələri ilə yanaşı, bələdiyyə məktəbləri də yaradıla bilər.



Təhsil Nazirliyinin (TN) kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov APA-ya açıqlamasında bildirib ki, bələdiyyə məktəbinin yaradılması üçün bələdiyyələr TN-ə müraciət edəcək. Nazirlik isə tələb olunan məsələləri araşdırdıqdan sonra məktəbin fəaliyyətə başlayıb-başlamaması ilə bağlı müvafiq qərar qəbul edəcək.


Bələdiyyə məktəbləri birbaşa bələdiyyələrin nəzdində olacaq. Bu məktəblərin maliyyələşdirilməsində, idarə edilməsindəki müəyyən məsələlərin həllində bələdiyyələr iştirak edəcək. Bələdiyyə orta məktəbinin məzununun aldığı attestatla adi ümumtəhsil məktəbinin məzununun aldığı attestat arasında heç bir fərq olmayacaq, bu sənədlər bərabər hüquqlu olacaq.


Ə.Adıgözəlov deyib ki, nizamnamə əsasında məktəbə fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr, könüllü yardımlar almaq hüququ da verilir: “İanə və yardımları məktəbə istənilən hüquqi, fiziki şəxs verə bilər, bununla bağlı heç bir məhdudiyyət yoxdur. Amma təbii ki, qanunvericilikdə qadağan edilən yardımlar məktəbə göstərilə bilməz”.


Nazirlik nümayəndəsinin sözlərinə görə, ianə və yardımlar hesabına əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin hesabına təsir göstərməyəcək. Məktəblər topladıqları əlavə vəsaitləri sərbəst istifadə edəcəklər: “Amma məktəblərə yardımların edilməsi kortəbii olmayacaq. Sözsüz ki, bunu tam qanuniləşdirmək məqsədilə hər bir məktəbdə İcbari Təhsil Fondu yaradılacaq. Bu fondun yaradılması üçün nazirlik hüquqi-normativ sənəd hazırlayacaq. Həmin sənədə uyğun olaraq, məktəbə daxil olan əlavə vəsaitlər, ianələr fondda cəmlənəcək. Vəsaitin hansı formada xərclənə bilməsi, xərcləmə istiqamətləri hüquqi-normativ sənədlə tənzimlənəcək”.


Ə.Adıgözəlov əlavə edib ki, məktəb rəhbərliyi də əlavə vəsaitin xərclənməsi ilə bağlı hesabat verəcək. Bu işə daha çox Valideyn-Müəllim Assosiasiyası, eyni zamanda Təhsil Nazirliyi nəzarət edəcək: “Nizamnamədən də görünür ki, məktəb vəsaiti sərbəst xərcləyəcək. Amma hər hansı saxtakarlığa yol verilməməsi üçün bu nəzarət həyata keçiriləcək”.


Mütəxəssisin bildirdiyinə görə, yeni nizamnamə ilə orta məktəblərdə siyasi partiyaların, dini qurumların strukturlarının yaradılmasına da qəti şəkildə yol verilmir.
Ə.Adıgözəlov hesab edir ki, ümumilikdə bu nizamnamə əvvəlki nizamnamədən çox fərqlənir. Ən əsası, yeni sənəddə məktəblərin demokratik idarə edilməsinə üstünlük verilib: “Əvvəlki sənəd ümumiyyətlə, nizamnamə hesab olunmurdu, “Ümumtəhsil məktəblərin nümunəvi əsasnaməsi” adlanırdı. Bu əsasnaməyə uyğun məktəblərin nizamnaməsi hazırlanırdı. Yeni sənəd isə nümunəvi nizamnamədir və respublikada fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinə şamil edilir. Bu nizamnaməyə uyğun olaraq, hər bir məktəbin öz nizamnaməsi hazırlanaraq qeydiyyatdan keçiriləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"ni
yanvarın 14-də təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar