...Bu qərib şəhər
06 yanvar 2011 11:39 (UTC +04:00)

...Bu qərib şəhər

Ən başlıcası, istər-istəməz qəribsəyirsən. Ona görə yox ki, sənə ögey münasibət bəsləyirlər. Əksinə, o qədər doğma münasibət görürsən ki, qərib olduğunu o dəqiqə hiss edirsən.

Qəribliyin qəribəliyi ondadır ki, qəribsəyərək yaşamaq adi həyat tərzinə çevrilir. Doğma yurdda yaşadıqlarını qərib yurdda görmürsən, bunu ancaq daxilində hiss edirsən. Dil başqa, din başqa, mentalitet başqa... Əgər içində doğma yurda zərrə qədər də sevgin yoxdursa, demək sən özün də başqalaşırsan. Bu başqalaşmaq millət üçün çox təhlükəlidir.

İnteqrasiya və adaptasiya... İyirmi birinci əsrin insanı üçün bu labüddür və vacibdir. Ancaq baxır hansı məsələlərdə. Əgər səhər evdən çıxanda qonşunun radiosundan Qədir Rüstəmovun səsini eşitmirsənsə, bu heç də o demək deyil ki, sənin də yaşadığın evdən “Sona bülbüllər”in səsi gəlməməlidir. Əgər qonşunun mətbəxindən şah plovunun iyi gəlmirsə, bu sənə haqq vermir ki, sən da milli mətbəxini dəyişəsən. Nə isə... Söhbət plovdan getmir. Əsas məsələ odur ki, qərib yurdda mədəniyyətini, adət-ənənələrini, milli mətbəxini, tarixini yaşada biləsən.

Mənim yaşadığım qərib yurdun adı Kiyevdir. Dneprin sağ və sol sahillərində salınan bu şəhərdə milyonlarla insan yaşayır. Geniş və yaraşıqlı prospektləri, xiyabanları, parkları, meydanları ilə könül oxşayan bir məkandır.

Bu şəhərin ən gözəl yerlərindən biri Xreşatik adlanan küçədir. Təxminən Bakının “Torqovı”sı ilə müqayisə etmək olar. Bu iki məkanı bir fərq ayırır. “Torqovı”dan fərqli olaraq Xreşatikdə Azərbaycan gözəllərinin ürkək baxışları ilə üz-üzə gəlmirsən, demək qəribsəyirsən.

Kiyev köhnə şəhərdi, ancaq sevgiləri təzədi. Naz satanla, naz alanın arasındakı fərqin çox cüzi olduğunu görəndə Leyli və Məcnun yadına düşür, yenə də qəribsəyirsən.

Bu şəhərdə ürəkaçan bir məsələ var. İnsanlara geyiminə görə qiymət vermirlər. İstər ucuz kostyum, istər baha, fərq etməz. Əsas məsələ kostyumu geyinən adamın ağlındadır. Nədənsə bu da mənə qəribə gəlir...

Bu qərib yurdun mənə doğma olan bir qəribəliyi də var. Kiyevin qışı Şuşanın qışına bənzəyir. Qar yağanda bura da, ora da bəyaz dona bürünür. Bura yağan qar ayağımı, Şuşaya yağan qar ürəyimi üşüdür.

Qərib yurdun qəribəliklərindən biri də odur ki, doğma yurda daha çox bağlanırsan. Bir qulağın həmişə doğma yurdla bağlı xəbərlərə köklənir. Elə mən də qərib yurdda yaşayan hamı kimi Lent.az vasitəsi ilə hər gün bir neçə dəfə Azərbaycanla hal-əhval tuturam. Yazan əlləriniz var olsun.

Ancaq belə qənaətə gəlmək olmaz ki, qərib yurdda hər şey qəribə olur. Ukraynalılar azərbaycanlılara böyük hörmətlə yanaşırlar. Bu qəribə deyil. Çünki Azərbaycan xalqı hörmətə layiq xalqdır. Milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, musiqimizi ürəkdən bəyənirlər. Bu da qəribə deyil. Çünki zənginik. Təbii ki, qəribə görünməyən bu məqamlar çox vaxt bizi qəribsəməyə qoymur.

Kiyev şəhərində bir çox insanlara abidələr qoyulub, heykəllər ucaldılıb. Tanınmışların, görkəmlilərin, ürəklərdə tunclasan, qranitləşən, əbədiləşən insanların abidələri. Bu abidələr arasında bir abidə də var. Dünyanın tanınmış siyasətçilərindən biri olan Heydər Əliyevin abidəsi. Ukraynada yaşayan azərbaycanlıların ziyarətgahına çevrilən bu abidənin önündə dayananda qərib yurdda özümü heç də qərib saymıram, doğmalaşır mənə bu qərib şəhər.

Azər Qardaşlı,

Kiyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar