Qızıl medal qızıl olacaqmı? - ARAŞDIRMA
14 sentyabr 2010 11:54 (UTC +04:00)

Qızıl medal qızıl olacaqmı? - ARAŞDIRMA

Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ 19-cu əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə “Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri”nin qəbulu ilə başlayıb. Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib.

İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.

1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilir. Medalların diametri 40 mm-dək böyüdülür, amma əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır. Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur. Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalmış olur.

Qızıl

il

diametr

Tərkib

Ustə çəkilmə

Qiymətli metal

1945

32 mm

qızıl 583

qızıl 900

10,45 qram

1954

32 mm

qızıl 375

qızıl 900

5,87 qr.

1960-cı ildən başlayaraq

40 mm

Tompak

qızıl

0,3 qr.

Gümüş

il

Diametr

Tərkib

Ustə çəkilmə

Qiymətli metal

1945

32 mm

gümüş 925

-

15,0 qram

1954

32 mm

gümüş 925

-

15,0 qr.

1960-cı ildən etibarən

40 mm

melxior

gümüş

0,2 qr.



1968-ci ildə gümüş medalla təltif etmə dayandırılır. 1977-ci cildə SSRİ Konstitusiyasının dəyişdirilməsi ilə əlaqədar ittifaqa daxil olan respublikaların da əsas qanunları yenidən qəbul edildiyindən ölkələrin gerblərinə yeni beş ulduzlu simvollar əlavə edilir. Bu dəyişiklik qızıl medalda da öz əksini tapır.

1985-ci ilin avqustun 6-dan SSRİ Nazirlər Şurası 17 illik fasilədən sonra gümüş medalı qızıldan kiçik dəyişikliklə fərqləndirməklə bərpa edir. SSRİ dağıldıqdan sonra isə əksər ölkələrin artıq öz məktəb medalları olur.

Attestatdakı bütün yekun qiymətləri “əla” olanlar qızıl, iki “yaxşı” qiyməti olanlar isə gümüş medal alacaqlar

Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu məsələ yenidən bərpa edilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları “Təhsil haqqında” qanunun 19.8-ci maddəsinə uyğun hazırlanıb. Bu qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələr ilə yanaşı, nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsi məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilə bilər. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsil alanın qızıl və ya gümüş medalla təltif üçün namizədliyinin verilməsi zamanı nəzərə alınacaq. Təhsil alanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Qızıl və ya gümüş medal almaq üçün o şagirdlərin namizədliyi verilə bilər ki, onların ümumi orta təhsil səviyyəsinin 75 faizi “əla” qiymətlərlə bitirilsin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı, 75 faizi “əla” olmalıdır. Eyni zamanda, qızıl medal almaq istəyən məzunun X və XI siniflərdə bütün fənlər üzrə illik qiymətləri “beş” olmalıdır.

Yerli təhsili idarəetmə orqanları şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə Pedaqoji Şuranın qərarını və həmin təhsil alanların fərdi siyahısını hər il mayın 20-dən gec olmayaraq, Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Qızıl və ya gümüş medalla təltif olunmaq üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən maksimum ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görüləcəklər. Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdiriləcək. Qızıl və ya gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim ediləcək.

Şəmsəddin Hacıyev: “Ali məktəbə qəbul zamanı qızıl medalların nəzərə alınması neqativ hallar yarada bilərdi”

Milli Məclisin Elm və Təhsil Məsələsi Komitəsinin sədri Şəmsəddin Haçıyev APA-ya açıqlamasında deyib ki, qızıl və gümüş medalların bərpası ilə bağlı müddəanı yeni “Təhsil haqqında” qanun layihəsinə daxil edəndə çox götür-qoy ediblər. Sonda qərara gəlinib ki, medallar şagirdlər üçün yalnız həvəsləndirici faktor rolunu oynasın. Millət vəkili hazırda medalların verilməsinin yalnız mənəvi baxımdan əhəmiyyəti olduğunu söyləyib.

Ş. Haçıyevin sözlərinə görə, əvvəllər ali məktəbə qəbul zamanı şagirdlərin qızıl medallarının olması nəzərə alınırdı. Amma yeni qanunda bu müddəa qaldırılıb: “Çünki bununla bəzi neqativ hallar yarana bilərdi. Çalışırıq ki, qanunvericiliyi elə düzəldək ki, neqativ halların baş verməsi üçün heç bir əsas yaranmasın, yəni hüquqi baza olmasın”.

Gələcəkdə qızıl medalların ali məktəbə qəbul zamanı nəzərə alınma ehtimalına gəldikdə, Ş. Haçıyev şəxsən buna tərəfdar olmadığını söyləyib: “Qanunvericiliklə məşğul olan insanlar çox dəyişiklər edə bilərlər. Bəlkə də zaman yetişəcək ki, belə bir şey olsun. Amma bu gün üçün mən belə hesab edirəm ki, bu məsələ qanunda tam düzgün göstərilib”.

Medallar şagirdlərin gələcək tərcümeyi-halında əhəmiyyətli yer tutacaq

Qızıl və gümüş medalların orta ümumtəhsil məktəblərində bərpasını çox əhəmiyyətli sayan Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov hesab edir ki, medalların verilməsi şagirdin fəaliyyətinə verilən qiymətin nəticəsidir. Onların verilməsi həm də orta məktəblərdə şagirdlər arasında rəqabət mühitini gücləndirəcək: “Hər bir şagird çalışacaq ki, bu yüksək uğurlara nail olsun, qızıl və ya gümüş medal alsın. Mənə elə gəlir ki, bu, şagirdin gələcək tərcümeyi-halında çox önəmli yer tutacaq”.

Medal alan məzunlara ali məktəblərə qəbul zamanı güzəştlərin verilməsi məsələsinə gəldikdə, A. Mehrabov hesab edir ki, dünya fənn olimpiadalarında qalib gələn şagirdlərin, idmançıların ali məktəblərə müsabiqədən kənar qəbulu təqdirə layiq olsa da, məktəbi qızıl və ya gümüş medalla bitirən şagirdlərə belə güzəştlərin verilməməsi daha düzgündür: “Qızıl və gümüş medalın alınması tələbə qəbulunda üstünlüyün əldə edilməsi demək deyil. Qızıl və ya gümüş medalların verilməsi müəyyən imtiyazların verilməsi üçün əsas deyil. Əgər şagird qızıl və ya gümüş medala layiqdirsə, onda o da öz əməyinin nəticəsini başqaları kimi imtahan vasitəsilə göstərməlidir”.

A. Mehrabovun sözlərinə görə, bütün orta məktəblərdə qızıl və ya gümüş medal alacaq şagirdlərin olacağını gözləmək lazım deyil. Çünki hələ sovet dövründə bir şagirdi belə qızıl və ya gümüş medal almayan məktəblər olub. Lakin elə məktəblər də olub ki, il ərzində onların 2-3 şagirdi qızıl və ya gümüş medal alıb.

Azərbaycanın öz medallarının təsviri bəlli olsa da, onların metal tərkibi hələ də müzakirə edilir

Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədovun APA-ya verdiyi məlumata görə, hazırda mütəxəssislərlə birgə medalların tərkibinin müəyyənləşdirilməsi məsələsinə baxılır: “Medalların metal tərkibi hələ müəyyənləşdirilməyib. Qızıl medal, axı, təmiz qızıldan hazırlanmır. Ona görə də hələlik mütəxəssislərlə birgə tərkib üzərində işləyəcəyik. Bundan sonra hökumət həmin tərkibi təsdiq etməlidir”.

Şöbə müdiri deyib ki, medalların təsviri artıq bəllidir. Medalın üzərində Azərbaycanın dövlət gerbi olacaq, “əla nailiyyətlərə görə”, “xüsusi nailiyyətlərə görə” sözləri yazılacaq. Medalların yan tərəfindən isə “qızıl medal və ya “gümüş medal” sözlərinin yazılması nəzərdə tutulur.

A. Əhmədovun sözlərinə görə, medallar xarici ölkələrdə deyil, elə Azərbaycanın özündə də istehsal edilə bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda məktəb medallarının hazırlanma standartları yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu standartların hazırlanmasına heç bir zərurət də duyulmur. Komitədən bildirilib ki, medalları Təhsil Nazirliyi münasib bildiyi formada və nişanlarla hazırlaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3728

Oxşar yazılar