Rusiyada öldürülən 21 yaşlı azərbaycanlı qızın faciəvi dramı
18 aprel 2009 16:00 (UTC +04:00)

Rusiyada öldürülən 21 yaşlı azərbaycanlı qızın faciəvi dramı

Lent.az-ın əməkdaşı Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilmiş 21 yaşlı Rumiyyə Kərimovanın Bakının “NZS” qəsəbəsində keçirilən yas mərasimində iştirak edib. Mərhumun anasının vəziyyəti yaxşı olmadığından, onunla söhbətləşmək mümkün olmayıb.

Hadisə isə belə olub: Biznesmen Qafar Kərimovun qızı, Pavlov adına Tibb Universitetin beşinci kurs tələbəsi olan Rumiyyə hər günkü kimi səhər evdən universitetə gedirmiş. Saat 09.27-də evlərinin yaxınlığında 2 nəfər onu oğurlayaraq, aparıb. Rumiyyəyə biri başından, digəri isə çiyin nahiyəsindən olmaqla iki güllə vurulub.

Rumiyyənin qaçırılmasını bir nəfər rus qadın görüb. Belə ki, həmin şahid milisə izahatında iki nəfər qafqazlının slavyan millətindən olan bir qızı qaçırdığını bildirib. Şahidin Rumiyyəni slavyan millətinin nümayəndəsinə bənzətməsinə səbəb isə onun sarışın olmasıdır. Şahid qadın avtomobilin nömrəsini də yadında saxlayaraq, sonradan bunu da milisə deyib.

Qızın atası Qafar Kərimov isə axşam qızının evə gəlmədiyini görəndən sonra şəhər milisinə müraciət edib. Rus qadının şahid ifadəsində göstərilən avtomobilin nömrəsini deyəndə isə Q.Kərimov “mən bu maşının sahibini tanıyıram” deyib. O, avtomobilin sahibinin Elnur Qafarova məxsus olduğunu bildirib. Beləliklə, Elnur və Samir adlı azərbaycanlılar milis tərəfindən saxlanılıb.

Sonradan Q.Kərimov istintaqa cəlb olunduğundan hətta qızının Bakıda keçirilən dəfn mərasiminə də qatıla bilməyib. Belə ki, Samir və Elnur dindirilərkən Rumiyyə Kərimovanın öldürülməsi sifarişinin onun atası Qafar Kərimov tərəfindən Qədir Süleymanova (hələlik həmin şəxsin yerini müəyyən etmək mümkün olmayıb) verildiyini deyiblər. Onlar bildiriblər ki, Q.Süleymanov hadisədən sonra qətlə görə aldığı pulları da götürərək, qaçıb. Bundan sonra qeyd etdiyimiz kimi, Q.Kərimov istintaqa cəlb olunub.

Lakin Rumiyyənin qohumları Lent.az-a bildirib ki, atası Qafar Kərimov da yas mərasiminə qatılacaq. Belə ki, Sankt-Peterburq milisi ondan şəhərdən çıxmamaqla bağlı iltizam alsa da, sonradan atanın yas mərasimində iştirak etmək üçün Bakıya gəlməsinə icazə verib.

Mərhumun dayısı Abdullayev Namiq Rza oğlu bildirib ki, Rumiyyəni oğurlayataq öldürən şəxslər mərhumun atası ilə həmyerli, yəni Ağdam rayonundan olub.

“Lakin Ağdamın ayrı-ayrı kəndlərindəndirlər. Qədir isə əslən Bərdə rayonundandır. Mərhumun atası ilə onların Azərbaycanda tanışlığı olmayıb, Rusiyada tanış olublar. Elnurla Samir Qafarın restoranına çörək yeməyə gəlirmiş. Ancaq aralarında dostluq, yaxud düşmənçilik ola bilməzdi. Çünki Qafarla onların arasında böyük yaş fərqi var. Bu, başqaları tərəfindən verilən sifariş, yaxud bir öyrətmədir ki, gedin filankəsin qızını öldürün, istintaqda da belə ifadə verin. Hələ ailədə heç kim bilmir ki, qızı nəyə görə, hansı səbəbdən öldürüblər”.

Rusiya mətbuatında Rumiyyənin açıq-saçıq geydiyinə görə atası tərəfindən öldürülməsi sifarişini verilməsi barədə yazılanlara gəlincə, qohumlar bu fikirləri qəti şəkildə rədd etdilər: “Rumiyyə təhsil aldığı məktəbdə çalışqanlığına, oxumağına görə çoxlarından seçilirdi. Adətən onu başqa millətlərdən olan tələbələrə nümunə göstərirdilər. O, çox tərbiyəli qız idi. Açıq-saçıq geyinməkdən də söhbət belə gedə bilməz”.

Rumiyyənin əmisi Mübariz Kərimov: “Bəlkə də Rumiyyəni atasından pul tələb etmək məqsədilə qaçırıblar, sonra da görüblər ki, qız bizi tanıdı, ona görə öldürüblər. Ancaq bu bir versiyadı, dəqiq heç nə demək olmur”.

Rumiyyəni qaçıran şəxslərdən biri – Elnur bir müddət əvvəl Qafar Kərimovun “NZS” qəsəbəsindəki evində olub. Elnur ora Qafar Kərimovun kiçik qardaşı Şəmistan Kərimovla gedibmiş: “O, həbsxanadan təzə çıxmışdı. Ümumiyyətlə, Elnur bu hadisəyə qədər iki dəfə adam öldürmək üstündə Rusiya həbsxanalarında cəza çəkib”.

Qohumları Rumiyyənin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə və ağ xalatlı həkim paltarında çəkdirdiyi şəkilləri Lent.az-a təqdim edib.

Rumiyyə Kərimovlar ailəsinin ilk övladı idi. Onun bir bacısı və bir qardaşı var.

Allah rəhmət eləsin...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar