Qeyri-ənənəvi dinlər və təriqətlərlə bağlı inanılmaz faktlar – ARAŞDIRMA – II hissə
07 avqust 2010 14:30 (UTC +04:00)

Qeyri-ənənəvi dinlər və təriqətlərlə bağlı inanılmaz faktlar – ARAŞDIRMA – II hissə

Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin, dinlərin olması barədə adətən ümumi danışılır.


Əslində isə ölkədə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var. Lent.az bu yazıda Azərbaycandakı qeyri-ənənəvi təriqət, cərəyan və dinlərin bütün siyahısını təqdim edərək, onlarla bağlı qısa məlumat verir. Həmçinin, onlardan ən populyarı olan vəhabilik barədə ayrıca yazıda geniş məlumat verəcəyik. Yazıdan gəlinə biləcək ümumi qənaət bu olacaq ki, qeyri ənənəvi dinlər və təriqətlərin hamısının arxasında müxtəlif maraqlar var. Lakin onların arasında zərərsizi, nisbətən az zərərli və dəhşətli dərəcədə zərərlisi var ki, oxucular yazını oxuduqdan sonra bunu ayırd edə biləcəklər.

(əvvəli bu linkdə: http://www.lent.az/news.php?id=36028)


Qeyri-ənənəvi dinlər

Bəhailik. Bəhai dini XIX əsrin ikinci yarısında İranda yaranıb. Seyid Məhəmməd adlı şəxs 12-ci imamın babı (qapı), yəni nümayəndəsi olduğunu iddia edir. Sonra isə daha da irəli gedərək 12-ci imam – Mehi olduğunu elan edir. Bab yazıdığ “Bəyan” adlı kitabında öz düşüncələrini açıqlayıb.
“Həzrət Bab” adı ilə məşhurlaşan Seyid Əli Məhəmməd ətrafına müəyyən qədər tərəfdarlar toplasa da, hakimiyyət tərəfindən kəskin münasibətlə üzləşir. 1842-1852-ci illərdə Babilər üsyanı olur. Üsyan yatırılır və İran hakimiyyəti Seyid Əli Məhəmmədin edamına qərar verir. Sonralar onun çağ qalan davamçılar yolunu davam etdirirlər.
Bəhai dinində üç namaz mövcuddur, mömin həmin namazlardan biri seçib qılır. Bəhai qibləsi İsraildəki Əkka şəhərində yerləşir. Bəhailər müsəlmanlar kimi oruc tutaraq səhər günq çıxandan axşam gün batana qədər yemir, içmir. Ancaq onlar orucu martın 2-dən 20-dək 19 gün müddətində tutur.
Bakı və Sumqayıt da daxil olmaqla ölkədə bəhailərin iki dini icması və bir mərkəzi fəaliyyət göstərir. Hər üç qurum “Dini etiqat azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə qədər qeydiyyatdan keçib. Qanuna əlavə və dəyişikliklərdən sonra isə onlardan biri təkrar qeydiyyatdan keçib.

Krişnazim. “Beynəlxalq Krişna şüuru cəmiyyəti” (Hare Krişna) hinduizm ənənələrinə uyğun Şərq kultudur. Cəmiyyət “İlahi A. Ç. Bxak-tivedanta Svami Prabxupada” (əsl adı Abxai Şaran De) tərəfindən yaradılıb. Bu hərəkat dünyanın bir çox ölkəsində, eləcə də Amerika və Qərbi Avropada geniş yayılıb.
Krişnaizm kütləyə hinduizm fəlsəfəsini yeritmək üçün yaradılıb. Hinduizmdə Tanrı simasız və görünməzdir. Krişnaçılar isə Tanrını şəxsləndirib və Krişna kimi şəxsləndirilmiş Tanrının simasına sitayiş edirlər.
Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz, Krişnaya aid olmayan söhbətlər apara bilməzlər. Qəzet və jurnal oxumaq, televizora baxmaq isə qəti qadağandır. Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnaçının şəxsi mülkü ola bilməz. Şagirdlər məbəd təklif edən yeməkdən və yaşayışdan tam asılıdırlar. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar.
Kişilər peysərində bir dəstə tük saxlayaraq başlarını qırxmalıdırlar və s.
Azərbaycanda krişnaçılar “Bakı şüuru” dini icmasında bir araya gəliblər. İcmanın fəaliyyət dairəsi əsasən Bakı şəhəridir.

Munçuluq. Rəsmi adı Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyəti olan və “Vəhdət kilsəsi” kimi tanınan munçuluq bu gün dünyada aktual dini cərəyanlardan birinə çevrilib. Cərəyanın banisi San-Myen Mun 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlib. Sonradan – 1950-ci ildə Cənubi Koreyaya gedib. O, Cənubi Koreyada başlatdığı dini hərəkatını yaymaq üçün dünya səyahətinə çıxıb, 1965-ci ildə çıxdığı ilk səyahət 40 ölkəni əhatə edib. İkinci səyahətə isə 1969-cu ildə çıxıb. 1971-ci ildə ABŞ-a köçüb. 1992-ci ildə o, özünü yeni bəşəriyyətin “Həqiqi Atası” adlandırıb. Onun fikrincə, 1993-cü ildə dünya üçün Mun dövrü gəldiyini bəyan edib.
Cərəyan maddi qaynaq əldə etməkdən ötrü ticarət işinə başlayaraq balıqçılıq və müalicəvi bitki kökləri biznesindən zənginləşmək imkanı əldə edib. 80-ci illərin əvvəllərində isə “Vəhdət kilsəsi” artıq bir çox ölkədə müxtəlif sənaye müəssisələrinə sahib idi. Bu biznes şəbəkəsinə müxtəlif istehsal və xidmət sahələrilə bağlı müəssisələri birləşdirən 150 korporasiya daxildir.
Munçuluq bir tərəfdən sərmayə qazanmaq üçün çalışıb, digər tərəfdən isə elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərib. Ali təhsil tədqiqatları üçün iki “İlahiyyat məktəbi” yaradılıb. Onlar KİV sahəsində də fəaliyyət göstərərək Tokio, Nyu-York və Vaşinqtonda qəzet və jurnallar təsis ediblər, informasiya agentliyi yaradıblar.
Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. Yəqin buna görədir ki, xristianları birləşdirmək cəhdlərinə baxmayaraq, onlar ənənəvi mənada xristian sayılmırlar. Munun tərəfdarları “təslis” inancını, İsa Məsihin çarmıxa çəkilməsini onun missiyasının iflasa uğraması kimi qiymətləndirirlər. Yazdığı əsərlərin əksəriyyətinin Koreya dilindən Qərb dillərinə tərcümə olunmaması Munun dünyagörüşünü dəqiq tədqiq etməyə mane olur.
“Vəhdət hərəkatı” San-Myen Munun fikirlərini yaymaq məqsədi daşıyan və onun yaratdığı bir sıra dini, siyasi-ictimai və mədəni təşkilatların birliyidir. “Vəhdət hərəkatı”na bir sıra fond, təşkilat, federasiya və assosiasiyalarla yanaşı, dəzgəhqayırma, gəmiqayırma, balıq emalı, hərbi silah və texnika istehsal edən müəssisələr də daxildir. Cərəyanın xüsusən təhlükə doğuran cəhətlərindən biri də ölkə daxilində siyasi hakimiyyəti və ölkəni idarə edən iqtisadi mənbələri ələ keçirməyə can atmaqdır.
SSRİ dağıldıqdan sonra munçuların fəaliyyəti digər postsovet məkanlarında olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb. Azərbaycanda əsasən qocalar, kimsəsizlər və uşaq evlərinə yol tapan munçular keçirdikləri “xeyriyyə tədbirləri“ altında Mun ideyalarını yaymağa çalışırlar. Munçular əsasən gəncləri öz tərəflərinə çəkməkdən ötrü onları maraqlandıra biləcək seminarlar təşkil edib, müəyyən psixoloji testlər vasitəsilə meyarlarına uyğun gələnləri sıralarına qatırlar.

İbrahimilik. İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin (s.) hədislərini qəbul etməyib, “Qurani-Kərim”ə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.
Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. O, hələ Sovetlər dönəmində şiə kimi fəaliyyətə başlayıb, sonralar vəhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək İbrahimilər adlı qeyri-İslam təriqətini yaradıb.
İbrahimilər (sonralar Ələsgər Musyevin adına uyğun olaraq “ələsgərilər” adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər.
Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun (Bakı) Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.
Daha sonra Ələsgər Musayev özünü peyğəmbər elan edib, ətrafına topladığı həmfikirlərini isə ümmət adlandırıb. Təriqət üzvləri qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən “Şeyx Nizaməddin” məscidini seçiblər.
Təriqətin əsas dini kitabı Ə.Musayevin Azərbaycan dilinə tərcümə etdiyi “Quran”dır. İcma üzvləri öz qazanclarının beşdə biri qədər zəkat verir, bu isə icmanın büdcəsini formalaşdırır. İbrahimilər şeytanı mələk adlandırır, ona lənət etməyi isə günah sayırlar.
İbrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq “qədr gecələri” keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualını həyata keçirirlər.
Bu və digər səbəblərdən Ələsgər Musayevin fəaliyyəti yerli dindarların hiddətinə səbəb olub, 1998-ci ildə icma üzvləri döyülərək Əmircan qəsəbəsindən qovulublar. Bundan sonra Ə.Musayev Mərdəkan qəsəbəsindəki bağ evinə köçərək fəaliyyətini orada davam etdirib. O, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o, yaşadığı qadının qızı da daxil olmaqla, 3 azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb (onun “kəbinli arvad” adı altında cinsi əlaqəyə girdiyi qızlardan biri ürək xəstəsi olduğundan ölüb. Həmin qız Ə.Musayevin arvadlarından birinin 11 il əvvəl ölmüş anasının qəbrində basdırılıb). Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib.

Ələsgər Musayevin qardaşı oğlu Əlixan Musayev “Nərimanov dindarları” dini icmasının aktiv üzvlərindən olub, sonradan o həm icmadan, həm də “Əbu bəkr” məscidindən uzaqlaşdırılıb.

Hazırda icmanın əsas özəyi Bakıda fəaliyyət göstərir, həmçinin, bölgələrdə, əsasən də Bərdə, Xaçmaz, Salyan və Qubada təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s.

(Sonuncu yazı vəhabiliyə həsr olunacaq)

Pərvin ABBASOV

Yazı hazırlanarkən Cabir İskəndərlinin “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabından istifadə olunub.

Yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin “Azərbaycan qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsi çərçivəsində elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2138

Oxşar yazılar