Aydın Quliyev: “Fərqlənmə diplomu“nu alıb getdim fəhləliyə...” – MÜSAHİBƏ
16 iyul 2010 10:00 (UTC +04:00)

Aydın Quliyev: “Fərqlənmə diplomu“nu alıb getdim fəhləliyə...” – MÜSAHİBƏ

“Bu yaşda dönüb arxaya baxmaq fikrim yoxdur”

İyulun 18-də “Bakı-Xəbər” qəzetinin sahibi və baş redaktoru Aydın Quliyevin 50 yaşı tamam olur. Lent.az-ın əməkdaşı yubiley münasibətilə Aydın Quliyevdən müsahibə alıb.

- İyulun 18-də 50 yaşınız tamam olur. Geridə qalan 50 ilə baxanda nələr görünür? İndi peşmançılığını çəkdiyiniz çox iş olubmu?

- Sözün düzü, bu yaşda dönüb arxaya baxmaq fikrim yoxdur. Çünki hələ ki, qabağa hərəkət etmək fikrindəyəm. Dönüb arxaya baxaraq qazanıb-itirdiklərimi saf-çürük etmək və tərəzinin gözünə qoymaqdan, sözün doğrusu, ehtiyatlanıram. Çünki qorxuram ki, hər iki halda nəticə mənim üçün ziyanlı olsun. Əgər arxaya baxanda bəlli olsa ki, itirdiklərim çoxdur, qorxuram bu, məni ruhdan salsın; yox əgər məlum olsa ki, qazandıqlarım daha çoxdur, ehtiyatlanıram ki, məndə müvəffəqiyyətdən başgicəllənmə əmələ gəlsin. Ona görə də mən 50 yaşı dönüb geriyə baxmaq və təhlil aparmaq üçün münasib yaş saymıram, hələ qabaqda buna vaxt olacaq.

- “Qazandığım”, “itirdiyim” deyərkən daha çox nələri nəzərdə tutursunuz?

- Sözsüz ki, insanın həyatda həm mənəvi olaraq, həm maddi olaraq, həm də əlaqələri baxımından itirdikləri və qazandıqları olur. Bu, geniş bir anlayışdır. Bu məsələni çox dərindən təhlil etmək istəmirəm. Amma düşünürəm ki, insanın qazandığı və itirdiklərinə bu üç konteksdə yanaşmaq lazımdır: maddi, mənəvi və əlaqələri baxımından.

- Neçə övladınız var?

- Üç övladım var. Biri Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Sonra ABŞ universitetlərindən birində dil kurslarında bir il təhsil alıb. Sonra Vətənə qayıdaraq ordu sıralarında xidmət etdi. İkinci övladım Tibb Universitetini bu il bitirib. Üçüncü övladım orta məktəbdə oxuyur.

- Bəlkə ən böyük qazancınız elə haqqında danışdığınız övladlarınız olub...

- Sözsüz. Bütün hallarda, ömrün hansı hissəsində təhlil aparmaqdan asılı olmayaraq övladlar, onların sağlamlığı və normal təhsil alması üçün valideynin etdikləri onun üçün şəksiz bir qazancdır. Mən bunu bütün qazanclardan üstün olan qazanc sayıram. Amma əvvəlki suala cavab verərkən heç də bu mövzuya toxunmaq istəmədiyimə görə sualınızı detallı cavablandırmamışdım. Əlbəttə, övlad, ailə, özü də sağlam övlad və sağlam ailə insan üçün bütün hallarda qazancdır. Mən ailəni insanın əldə edə bildikləri arasında mənəvi tərəfinə aid olan qazanc hesab edirəm.

- Övladlarınızdan işləyəni var?

- Hələ ki, işləmirlər.

- Bəs həyat yoldaşınız?

- Həyat yoldaşım orta tibb işçisidir. O da uzun illər işləyib. Sonradan uşaqların tərbiyəsi və qayğısı çox ciddi bir ehtiyaca, tələbata çevrildiyindən, təəssüf ki, əmək fəaliyyətini davam etdirə bilmədi. İndi isə xəstəliyə görə təqaüddədir, nəvələrimizi böyütməklə məşğuldur. İki nəvəmiz var, biri 3, o biri 1 yaşındadır.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Onunla bir razılaşmamız var ki, mən nə qədər tanınmış adam olsam da, həyatımızın onunla bağlı, şəxsən bizə aid olan məqamları barədə çox açıqlama verməyim. Çünki burada həm də onun adı var. Ancaq sualla bağlı qısaca deyim ki, onunla qohum olduğumuzdan xüsusi bir tanışlığa ehtiyacımız olmayıb.

- Bir az da uşaqlıq və gəncliyinizdən danışmağınızı istərdim.

- Mən Naxçıvanın məşhur Cəhri kəndində anadan olmuşam. Tipik bir kənd həyatı yaşamışam. Uşaqlığım o qədər asan keçməyib. Kənd həyatının özünün çətinlikləri var. Həmin çətinlikləri yaşamışam. Həmin çətinliklər sonrakı həyatımda məni sındıran, məni nədənsə çəkindirən yox, formalaşdıran rol oynayıb. Ona görə də uşaqlıq illərimdə gördüklərimə və yaşadıqlarıma çox sevinirəm. Başqa cür uşaqlıq yaşasaydım, indi bir qədər fərqli adam ola bilərdim.

- Uşaqlıq illərindən ötrü darıxırsız?

- Uşaqlıq illəri çox şirin olur. Bəzən həmin illərin xatirələrini vərəqləyəndə məni darıxdıran şeylər olur. Hətta nə qədər fantastik görünsə də, həmin illərə qayıtmaq istəyi baş qaldırır.

- Uşaqlığınızla bağlı maraqlı bir əhvalat danışmaq istəyərdinizmi?

- Yox. Çünki uşaqlıqdan sonrakı vaxtlarda daha maraqlı hadisələr olub. Həm də, uşaqlıq dövrümdən sonrakı həyatımda baş verən maraqlı hadisələrin cəmiyyətimiz üçün daha böyük tərbiyəvi əhəmiyyəti var.

- Çoxuşaqlı ailədə böyümüsüz?

- Bəli. Üç bacı və beş qardaş olmuşuq. Mən ən sonuncudan əvvəlki övladam. Şükür Allaha, indi hamısı yaşayır.

- Bacı-qardaşlarınız Sizinlə fəxr edir?

- Bilmirəm. Ancaq hər halda bilirlər ki, üzümə deyilən təriflərdən xoşum gəlmir. Ona görə də fəxr edib-etmədiklərini aydınlaşdırmamışam.

- Necə oldu ki, siyasətə, sonra da mətbuata gəldiniz?

- 1983-cü ildə Universitetin Tarix fakültəsini bitirdim. Universiteti “Fərqlənmə diplomu” ilə bitirməyimə baxmayaraq, tikintidə uzun müddət fəhlə işləmişəm. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor olmuşam. Naxçıvan Dövlət Universitetində laborant və müəllim işləmişəm. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışam, ta 1998-ci ilə qədər. Həmin ildən siyasət və mətbuat sahəsindəyəm.

- Siyasət və mətbuat. Birinci sahəyə gəlməyinizə peşman deyilsiz? Fikirləşmirsiz ki, “kaş mətbuata gələrdim, siyasətlə məşğul olmazdım”?

- Bunların hər ikisinin nə qədər çətinlikləri olsa da, hər ikisi çox maraqlı peşələrdir. Həm də adam eyni vaxtda siyasət və mətbuat sahəsində olan şəxs özü təkcə cəmiyyətdə baş verən proseslərlə maraqlanmır. Bunun bir cəhəti də odur ki, bu sahədə olan adamın özü cəmiyyət qarşısında maraqlı bir obyektə çevrilir. Bax, gözəlliyi bundadır. Düzdür, bir el məsəli var ki, bir əldə iki qarpız aparmaq olmaz. Amma mən bu təcrübəni yaşamış adam kimi deyə bilərəm ki, ayrılıqda jurnalistika ilə məşğul olmağın öz romantikası var, siyasətlə məşğul olmağın öz gözəlliyi var. Nə qədər qəribə olsa da, bunu öz praktikamda yaşamış adam kimi deyim ki, eyni vaxtda həm siyasət, həm də jurnalistika ilə məşğul olmağın ayrı gözəlliyi var. Qismət olsa, taleyim yenə fırlayıb gətirə bilsə, mən bu iki sənəti yenə də böyük məmnuniyyətlə yenə də eyni vaxtda apara bilərəm.

- Bu il keçiriləcək parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Sözün düzü, bununla bağlı hələ ki, içimdə bir qeyri-müəyyənlik var. Bunun da mənbəyi özümdən deyil, daha çox ölkədəki ictimai-siyasi reallıqlarla bağlıdır. Seçki Məcəlləsində müəyyən prinsipial dəyişikliklər edildi, seçkinin daha da ədalətli keçiriləcəyilə bağlı ortada Prezidentin bəyanatı var. Bunlar sözsüz ki, bu il keçiriləcək seçkilərin əvvəlki illərlə müqayisədə fərqli olacağına ümid yaradır. Amma doğrusu, seçkilərin heç də bütün seçki dairələrində demokratik və ədalətli olacağı barədə məndə hələ təminat formalaşmayıb. Yəni, ola bilər ki, bəzi dairələrdə seçkinin ədalətli keçirilməsi prinsipi pozula və bədbəxtlikdən bu, mənim təmsil olunduğum dairə ola bilər. Məni ikinci narahat edən məqam da odur ki, seçkiyə o vaxt gedərəm ki, heç olmasa 95-100%-lik qələbə təminatım olsun.

- Artıq iki dəfə deputatlığa namizədliyinizi irəli sürmüsüz. Millət vəkili olmaqda əsas məqsədiniz nə olub, indi nədir? Xalqın səsini yüksək tribunadan səsləndirməkdir, yoxsa yüksək deputat maaşı alaraq və nüfuza sahib olmaqdır?

- Bütün hallarda çiyninə ictimai yükü götürmüş, ictimai işə məşğul olan adamlar üçün pillədən-pilləyə qalxmaq bir tələbata çevrilir. Çiynində ictimai yükü olan adam üçün onu demək düzgün deyil ki, əldə etdiyi bir pillə ilə kifayətlənməlidir. Ancaq deputat olmaqda məni məsələnin maddi tərəfləri maraqlandırmır. Düşünürəm ki, maddi təminat baxımından baş redaktorla deputat olmağın arasında o qədər də böyük fərq yoxdur. Yaşayış eynidir. Məni daha çox cəlb edən odur ki, cəmiyyətin, dövlətin problemlərinin həll olunması sahəsində gündəlik qəzet kimi tribuna ilə bərabər, parlament kimi tribunada deyilən sözün kəsərini artırmaq və onun ictimai effektini gücləndirmək baxımından daha əhəmiyyətli ola bilər.

- Ad gününü təntənəli şəkildə keçirməyi xoşlayırsınız?

- İndiyədək ad günlərimi təntənəli şəkildə qeyd etməmişəm. Hələ ki, 50 illik yubileyimi də təntənəli formada qeyd edib-etməmək barədə içimdə bir tərəddüdüm var. Hələlik qətiliyə yaxın olan bir qərarım budur ki, 50 illiyimi yalnız ailə çərçivəsində və bir neçə yaxın dostlarımın əhatəsində qeyd edim. Hələ ki, fikrim budur. Çünki düşünürəm ki, həm illərin sayına, həm də bu illər ərzində yaşanmış ömrün məzmununa uyğun olaraq daha təntənəli tədbir keçirmək üçün hələ qabaqda ömür var.

- Həm də bu, o deməkdir ki, 50 o qədər də böyük yaş deyil?

- Hər halda, məndə o ümidlər var ki, hələ qarşıda ömrün müəyyən bir hissəsi var. Təəssüf ki, insanlar üçün – mən də həmin insanlardan biri olaraq – indiyə qədər ömrümüzün hansı hissəsini yaşadığımızı, hansı hissədə olduğumuzu müəyyənləşdirmək çox çətindir. Əslində, qeyri-mümkündür. Ömrün az, yoxsa çox hissəsini yaşadığımızı bilmirik. Şəxsən mən prinsipcə insan ömrünün uzunluğuna o qədər də önəm vermirəm. İnsan 50 il də yaşaya bilər, 100 il də yaşaya bilər. Çox vacibi odur ki, insan ömrünü məzmunlu yaşasın, bu ömürdə Tanrının, taleyin onun üzərinə qoyduğu missiyanı yerinə yetirə bilsin. Bu, mənim üçün daha önəmlidir. Həm də önəmli olan odur ki, insan yaşa dolduqca kamilləşə bilsin. Bəzi hallarda elə insan olur ki, yaşa dolduqca mənəviyyatında, xislətində neqativ gizlinlər daha qabarıq şəkildə üzə çıxmağa başlayır. Mənim üçün önəmli olan odur ki, birincisi, insan yaşa dolduqca kamilləşsin; ikincisi nə qədər ömür yaşamasından asılı olmayaraq taleyin onun üzərinə qoyduğu missiyanı yerinə yetirə bilsin, öləndə peşman olmasın.

- Adətən ad günlərində təbriki birinci kimdən gözləyirsiniz?

- Artıq təbriklər gəlməyə başlayıb. İndi məni beş-üç adam tanıyır, tanınmış adam sayılıram. Tanınmış adam olaraq ilkin təbrikin haradan gəlməsi barədə düşünməmişəm. Çünki yalnız məişət səviyyəsində tanınmış adamlar ilk təbrikin haradan gəlməsinin marağında ola bilərlər. Mən bunun marağında olmamışam. Təbriklər o qədər çox olur ki, hesabını aparmaq belə mümkün deyil. Amma əlbəttə, həmkarlarım və dostlarımın təbriki mənim üçün daha önəmlidir, ailə üzvləri isə sözsüz öz yerində.

- 50 illik yubileyiniz münasibətilə dövlətdən nəsə gözləyirsiniz?

- Səmimi deyim ki, yaşadığım illərin sayına və məzmununa uyğun olaraq dövlətdən nəsə bir təbrik olsa, bunu özümə şərəf bilərəm. Ancaq sözün doğrusu, təbrik və hədiyyə gözləmirəm. İnşallah gələcək illərdə məzmunlu xidmətlər göstərəndən sonra dövlət səviyyəsində belə təbriklərə layiq olub-olmadığım barədə düşünəcəyəm. Ancaq indi düşünürəm ki, dövlət təltifləri üçün mətbuat sahəsində elə böyük xidmətlərin müəllifi deyiləm. Məndən də çox xidmət edənlər var.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493

Oxşar yazılar