Dərsə gedən “Qıl körpü”...
21 may 2010 10:15 (UTC +04:00)

Dərsə gedən “Qıl körpü”...

Dan yeri söküləndən gedib bu “Qıl körpü” nün yanını kəsdirmişəm ki, dərsə gedən şagirdlərdən bir-ikisi ilə həmsöhbət olum, şəkillərini çəkim. Uzun bir məsafə boyunca Ağdamı Bərdə ilə ayıran, hər iki tərəfini yuyub uçurmuş Xaçın çayının “cəhənnəm xarabalıqları”nı xatırladan sahili ilə birtəhər gedib çatmışdım mənzil başına. İki dəfə büdrəyib çaya düşəcəkdim, Tanrı üzümə baxdı… Üç-dörd uzun çinar ağacının bir-birinə bərkidilib altından dayaq qoyulmasıyla çayın üzərinə uzadılmış, “Rüstəm Zalın meyitinə” oxşayan körpüyə çatıb, o biri sahilə keçdim. Necə deyərlər, yellənə-yellənə, sallana-sallana…

Yaxşı ki uşağı çay aparmadı…

Cəmi 10 gün! Bu 10 günün gəlib keçməsini 111 saylı Ağdam köçkün məktəbinin şagirdləri və müəllimləri indi elə həvəslə gözləyirlər ki… Onlar nə dərs oxumaqdan yorulub-beziblər, nə də məktəbə gedib-gəlməkdən usanıblar… Sadəcə, canlarının hayındadırlar. Onlar üstündəki nataraz körpüdən gündə iki dəfə keçdikləri Xaçın çayındakı daşqınlardan salamat qurtardıqlarına görə kimə minnətdar olduqlarını da bilmirlər: “Xətirlərinə dəyməyən” Xaçın çayınamı, “Bala, hələ bir-iki gün dərsə gəlməyin” deyən müəlliməmi, “Sel səni aparar, qaxıl otur yerində” deyən valideynlərinəmi. Yoxsa ki, səsinə səs verdikləri “Ağıllı Şeytana”mı?!…

…Körpünü bir-iki dəfə o üz-bu üzə keçmişdim ki, əli torbalı bir ağsaqqal gəldi. Şəkil çəkdiyimi görüb, sorğu-suala tutdu məni. Əslində mənim görməli olduğum işin “siftə”sini ağsaqqal elədi… “Jurnalistəm, dayı”, - dedim.

- Bala, halımızı görürsən də, çayın belə axdığına baxma, iki-üç gün bundan öncə sahilinə sığmırdı… Yaxşı ki, uşağı sel aparmadı.

Pul yadımdan çıxıb, bir də necə qayıdım geri…

Məndən sonra körpünü keçən üçüncü adam 5 sinif şagirdi Rövşən Ağayev oldu. Məktəbə gedirdi. Bir-iki sualıma cavab vermişdi ki, birdən “Ay dədə, mən bir də geri qayıtmalıyam!” dedi. Səbəbini soruşdum. Dedi ki, gündəliyə 1 manatdan pul yığırlar, o da yadından çıxıb: “Mən bir də necə qayıdım geri?”…

Yenə leysan deyiblər…

Aradan xeyli keçmişdi. Əlində bel bir kişi salamladı məni. Dayandığı sahilə çıxıb, əl tutuşdum. Ağdamın Baş Qərvənd kəndindən məcburi köçkün düşüb Xaçının sahilində məskunlaşmış Abbas dayı idi. Abbas Abbasov...
Deyir ki, körpünü yaxınlıqda yaşayan qonşularla birgə düzəldiblər. Adını bilmədiyim qonşu həyətindəki uzun çinarları kəsib çayın qırağına gətirib: “Gəlin bir keçid düzəldək, bu uşaq yazıqdır. Heç olmasa, dərsdən qalmasınlar”, - deyib. Hamı əlbir olub, sahildən-sahilə keçid düzəldiblər. 10 günə yaxın “ağzıgünə” qalan məktəbin divarlarında yenidən sevimli balacaların şən səsləri cingildəməyə başlayıb. Abbas dayı deyir ki, Xaçın çayında suyun səviyyəsinin yenidən qalxacağı gözlənilir. “Yenə leysan deyiblər, bala. Bu çay Xaçınçay Su Anbarından axıb gəlir. Onun da bir belə suyu saxlamağa yeri yoxdu. Ermənilər yəqin ki, açacaqlar suyu...”

Sel cəhənnəm, mina da bir azar olub canımıza.

Abbas dayı uzaqdan ağaran beton işıq dirəyini göstərir: “Bax o şalbanı görürsən, oradan o gün Bərdənin polisləri nə qədər mina tapdılar… Ay bala, dilbilməz, qanmaz uşaqlardı hamısı, görərlər, toxunub partladarlar. Özlərini də bədbəxt edərlər, bizi də. Sel cəhənnəmə, mina da bir azar olub canımıza. ANAMA-dan, Bərdə Polisindən gəlmişdilər. Qapı-qapı düşüb hamıya tapşırdılar ki, kim mina, mərmi, patron görsə, toxunmasın, rəhbər işçilərə xəbər versin”.

Bundan ötrü Prezidentə ağız açmağa adam utanır…

Söhbətimiz dolanıb Şirvandan, Sabirabaddan, Saatlıdan düşdü. Selin camaata vurduğu zərəri, ziyanı hesablamağa çalışdıq dayı-bala. Vaxtında Kürün deltasını təmizləməyənləri qınamaqdan tutmuş, gecəsini-gündüzünə qatıb fəlakət zonasında çalışanlara Tanrıdan can sağlığı diləməyə qədər mövzuları “gözdən-dildən” keçirdik… Başımıza xeyli adam toplaşmışdı artıq. Öz mövzumuzun qəhrəmanı olan “Qıl Körpü”nün nə qədər suya dözəcəyini soruşdum. Dedilər ki, 5 gün əvvəlki su gəlsə, cəmi 5-cə dəqiqə. O da tab gətirsə… “Vallah, burda bir şey yoxdur. Bu nədir ki, bundan ötrü bura Bakıdan gəlsinlər, bundan ötrü yığışıb Prezidentə məktub yazaq? Adam utanır. Nə şeydi ki, rayondan gəlib baxsınlar. Heç nə yox, təkcə dəmirini versinlər, vallah, sementini də özümüz alarıq, “svarka”layıb basdırarıq, betonlayarıq. Hanı, gəlib baxan var ki heç?…”

O gün olsun ki…

…Bir dəstə gülü möhkəm-möhkəm qucaqlayan bir uşaq gəldi keçməyə hazırlaşırdı körpüdən. Elə səliqəli geyinib, elə bəzənib-düzənmişdi ki, elə bil, gələcəyinin tən yarısı olan xanımla görüşə gedirdi. Əslində, o, həqiqətən də gələcəyə-məktəbə gedirdi. Laxlayan, yellənən və qorxunc bir görkəmdə olan körpüdən… O, özündən böyük olan çələngi üzünə tutmuşdu ki, onu bu qorxunc yollarla məktəbə yola salan, rayonda 3-5 ağac əkəndə “dünya qurmuşuq” deyənlərə münasibəti gözlərindən oxunmasın. Bu balaca oğlan, özündən illər sonrakı balacaların da qorxunc yollarla məktəbə getməməsi üçün “Qıl Körpü”nü keçməyin bütün risklərini gözü altına alıb, oxumağa gedirdi…

Teymur Zahidoğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar