Şəkərsiz qara çay sağlamlıq üçün faydaları ilə yaxşı tanınır. Bir çox insan yüksək qan təzyiqi — yəni hipertoniyadan əziyyət çəkir. Eyni zamanda bəzi qidaların qəbulu təzyiqi azaltmağa kömək edə bilər. Onlardan biri də qara çaydır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, şəkərsiz qara çay sağlamlıq üçün bir çox faydalara malikdir; o, beyin funksiyalarını yaxşılaşdırır, 2-ci tip diabet və ürək xəstəliklərindən qorunmağa kömək edir.
Araşdırmalar zamanı məlum olub ki, gündə cəmi 2 fincan qara çay içmək işemik ürək xəstəliyi riskini 14 faiz azalda bilər. Bunun üçün isə sağlam arterial təzyiqin qorunması vacibdir.
Qidalanma mütəxəssisləri bildiriblər ki, qara çay qan təzyiqinə üç əsas yolla təsir edə bilər.
Ekspertlər bildirir ki, qara çayın tez-tez qəbulu sistolik arterial təzyiqi — yəni təzyiq ölçülərkən alınan yuxarı göstəricini azalda bilər.Onlar həmçinin sistolik təzyiqin normal səviyyədə saxlanılmasının ürək-damar xəstəlikləri və insult riskinin azaldılması üçün vacibliyini də qeyd ediblər. Qara çayın tərkibində olan polifenollar qan damarlarının daxili səthini örtən endotel hüceyrələrinin fəaliyyətini yaxşılaşdıra bilər.
Qara çayın damar sağlamlığını qorumasının başqa bir yolu da var; qara çayın polifenolları həm ümumi xolesterinin, həm də “pis” LDL xolesterinin səviyyəsini azalda bilir. Bu isə damar divarlarının qalınlaşmasına səbəb olan aterosklerozun inkişafından qorumağa kömək edir.
2. İltihabla mübarizə aparır
İltihab hipertoniyanın inkişafında müəyyən rol oynayır. Araşdırmalar göstərib ki, qara çay qanda olan C-reaktiv zülal adlı iltihab markerinin səviyyəsini azalda bilər.
Mütəxəssislərin fikrincə, qara çaydakı polifenollar — xüsusilə katexinlər — iltihaba qarşı qoruyucu təsir göstərən əsas maddələrdən biridir.
3. Hipertoniyadan qoruya bilər
Çay içmək yüksək qan təzyiqi riskinin təxminən 10 faiz azalması ilə əlaqələndirilir. Bu göstərici çayın növündən asılı olaraq dəyişir.
Qara çayın tərkibindəki polifenollar kompleksi uzunmüddətli perspektivdə, kofein olmasına baxmayaraq, sağlam qan təzyiqini dəstəkləyir.
Bundan əlavə, qara çay qan təzyiqinin yüksəlməsində mühüm rol oynayan renin fermentinin istehsalını azaldır.
Qara çayı hər gün içmək təhlükəsizdirmi?
Mütəxəssislərin fikrincə, hər gün qara çay içmək təhlükəsizdir və ümumi sağlamlıq üçün faydalı ola bilər. Lakin bu içkinin tərkibində kofein var. Əgər o sizdə əsəbilik yaradırsa və ya gecə yuxusuna mane olursa, istifadəsini azaltmaq məsləhətdir.
Qara çayın başqa bir mənfi tərəfi isə tərkibindəki taninlərdir. Onlar dəmirin mənimsənilməsini zəiflədə bilər.