Kür qırağı sərindir... - FƏLAKƏT BÖLGƏSİNDƏN
13 may 2010 10:00 (UTC +04:00)

Kür qırağı sərindir... - FƏLAKƏT BÖLGƏSİNDƏN

Aranda yeni çadır şəhərcikləri cücərdi...

…Artıq üçüncü gündür ki, burdayam. Və artıq üçüncü gündür özümü başqa aləmdə hiss eləyirəm. Çünki burda gördüklərim həmişəkilərdən hər detalıyla fərqlənir: boşalan kəndlər, canlarını seldən qurtarmış sadə camaat, onların ümidsiz sifətləri, yorğun və qayğılı məmurlar, bir tərəfdə pulsuz bahalı yeməklər, su basmış ərazilərdən çıxan yiyəsini itirmiş sahibsiz itlər və daha nələr…

Gözlərdəki qığılcım sönəndə...

Ən çox yadımda qalan isə oğlu itkin düşmüş qadının cırılmış sifətidir. Yəqin bu sifəti heç vaxt unutmayacam: dilindən ümidsiz sözlər çıxan, ancaq yaşlı gözlərinin dərinliyindən “bəlkə sağdır” ümidini oxuduğum qadın. Onunla əraziyə gəldiyim ilk gün tanış oldum. Məmurlardan, hadisə yerlərindən xəbər gözləyən jurnalistlər heç bu qadına diqqət yetirməmişdi. Əslində, onları qınamaq fikrindən uzağam. Ancaq onunla maraqlanan olmaması ananı dəli eləmişdi. Onu elə Sabirabad rayonunun girişində qurulmuş Operativ Qərargahın yaxınlığında tapdım. İlk sözü də bu oldu ki, “bala, mən oğlumun meyitini istəyirəm. Tapsınlar meyitini aparıb basdırım…”

18 yaşlı oğlu Tərlan İsrafilovun itkin düşdüyünü eşitmişdim, öldüyünü yox. Ancaq ana deyirdi ki, oğlumun meyitini istəyirəm. Zatən 4-5 gündür sularda itkin düşən adamın diri tapılacağını gözləmək də yersiz olardı. Ancaq mən onun gözlərində ümid qığılcımı görürdüm. Mənimlə danışan günün səhəri Tərlanın meyitini də tapdılar. Ondan sonra ananı görməmişəm. Ancaq yəqin gözündəki qığılcım da sönüb.

Tərlanın faciəsi isə mobil telefonu olmadığına görə olmuşdu: atası Ağaqasımla qonşu kənddə çoban işləyən Tərlan Qaragüney kəndini su basan vaxt “iş”də imiş. Yəni, örüşdə. Birdən onlara kimsə deyir ki, bəs kəndinizi sel basır. Rabitə əlaqəsi olmadığından ata oğluna deyir ki, “atı min, get kəndə, gör bizimkilər neynir?” Oğul isə gələndə suda batır: lap elə ananın gözlərindəki qığılcım kimi (kənd hələ də su altında qaldığından Tərlanı Şirvan şəhərindəki qəbiristanlıqda dəfn elədilər).

Ağlayan və… gülən sifətlər

Bölgədə insan ölümü faciəsini bir ailə yaşayıbsa, başqa fəlakəti yüzlərlə ailə yaşayıb: insanlar on illərlə tikib-başa çatdırdığı evlərini qoyub çıxıblar. Sonra kənardan həmin evlərin su altında qalmasını seyr ediblər. Həyətində yetişən bu mövsümkü meyvələrindən dadmayan kim, yumurtadan çıxan cücələrini götürməyə imkan tapmayan kim. Mən bu adamlarla Şirvan şəhərində qurulmuş çadır düşərgəsində danışdım (başqa bir düşərgə Sabirabadda salınıb). Düşərgədə yüzlərlə çadır var. Kənardan sırayla, səliqəylə qurulduğu görünür. Ancaq içəridə nəfəs almaq olmur. Xəstəsi, qocası. Biri deyinir, başqası zarıyır. Biri öz canının hayındadı, başqası qoyub gəldiyi evinin, qış üçün bağladığı bankalarının, toyuqlarının, cücələrinin, inəklərinin, hətta itinin, pişiyinin. Düşərgədə xoş sifət görmək olmur, uşaqlardan başqa. Onlardan kimi bir-birinin üstünə su atır, kimisi oyuncaq düzəldib oynayır. Onlardan birinin əldə düzəltmə oyuncağına da görüb, lap məəttəl qaldım. Deməli, 7-8 yaşlı bir oğlan uşağı almanı çöplə, ortadan bir az yuxarı hissədən deşib. Çöplərin ucu hər iki tərəfdən çıxıb. Uşaq uzun bir ipi almadan çıxan çöplərin hər iki tərəfinə bağlayıb əlində ora-bura fırladır, bununla da əylənirdi.

Köçməyə hazırlaşdığı evi sel apardı...

Düşərgə sakinlərinə yaxınlıqdakı restoranda gündə üç dəfə pulsuz yemək verilir (restorana getməyənlər də var. Belələri üçün yemək çadıra göndərilmir). Onların çadırlarına gündə bir neçə dəfə su və peçenye də paylanılır. Ancaq yenə də, dediyim kimi, sakinlər deyinir, danışır, ağlayır. Hətta kişilərdən də ağlayanı gördüm. Çadırın girəcəyində təxminən 40 yaşlarında kişi “belə də dərd olar?! Hər şeyi qoyub gəldim. O qədər zəhmət çəkib ev tikmişdim” deyib ağlayırdı. Onun yanındakı digər üç kişi isə nə qədər “əsas can sağlığıdı” deyib təsəlli verməyə çalışsa da, alınmırdı. Yaxınlaşıb maraqlanıram. Müsahibim ailə qurandan sonra uzun müddət atası evində qalıb. Həmin vaxt özünə ev tikirmiş ki, ata evini tərk eləsin. 8-10 ilə çətinliklə bir ev tikib. Evə köçməyə hazırlaşanda sel gəlib binəsini viranə qoyub.

Qaragüney kənd sakini olan Qurban Əhmədov üç övladı və həyat yoldaşı ilə birlikdə mayın 7-də yaşadığı evi tərk edib. Deyir evdən heç nə götürməmişəm, inanmırsan gir çadıra bax (onunla çadırın yanında danışırdım). Söhbətə həyat yoldaşı da qarışır. Deyir, heç nə götürməmişik, bircə sənədlərimizdən başqa. Əhmədovlar ailəsi kənd təsərrüfatı ilə məşğul olurmuş. Dolanışıqları əkin-biçindən və həyətdə saxladıqları çoxsaylı cücələrdən çıxarmış. Əvvəllər bir-iki inəkləri də olub. Ancaq evin qadını xəstələnən vaxt inəkləri satıb, pulunu onun müalicəsinə sərf ediblər. Onların avtomobili olmadığından (yaxınlarından da bir nəfərdən maşın tapa bilməyiblər) kəndi piyada tərk etməli olublar. Gəliblər Sabirabadla Şirvanın birləşdiyi yerə. Hansı ki, burada operativ qərargah da fəaliyyət göstərir. Həmin ərazidə isə dövlətin ayırdığı avtobusla indiki çadır düşərgəsinə gəliblər. Əhmədovlar ailəsinin böyük övladı iki aydan sonra hərbi xidmətə getməlidir. Onlar indi ən çox övladlarını əsgərliyə haradan və necə yola salmağın dərdini çəkirlər.

“Bir stəkan süd tapmıram”

Bayaqdan məni qonşu çadıra çağırırlar. Keçirəm. Buradakıların ürəyi lap doludu. Çatan kimi çarpayıda uzanmış orta yaşlı qadın deyir ki, “ay bala yaz: Sabirabad rayonunun Hacıbəbir kəndi. İsrafilova Maral…” Bu qadının böyrəkləri və ciyərləri xəstədir. Ancaq o xəstəlikdən daha çox uşaqlarının problemini qaldırır. Qadının iki azyaşlı övladı var. Deyir kəddə iki sağmal inəyimiz vardı. Ancaq burda bir stəkan süd tapmır ki, onlara versin. Bunları deyə-deyə başlayır ağlamağa. Və sonra ağlaya-ağlaya danışır: “Mənim bir sürü heyvanım vardı. İndi gör nəyə möhtac olmuşam”.

Risk

Ərazidə işləmək çox çətindir. Bu çətinlik jurnalistlərə də aiddir. Onlarla bağlı Bakıya dönəndən sonra ayrıca yazı hazırlamağı düşünürəm. Ancaq bizim mayın 11-dən 12-nə keçən gecə yarısında yaşadıqlarımızı indi yazıram. Gecə yarısı, yatmağa hazırlaşan vaxt redaksiyadan zəng gəldi ki, Ulacalıya getməlisən, orada bəndin yarılması barədə xəbər var. O biri jurnalistlərlə zəngləşib ora getdik. İTV-nin müxbiri Mais, operatoru Tural, APA-nın müxbiri Əlibəy Zeynallı və mən. Bir də, İTV-nin sürücüsü idi. Düz bəndin dağıldığı yerin yaxınlığına getdik. Əslində bizi ora buraxmırdılar. Tanışlıqla (!) yolda duran polisdən xahiş edib maşını ora sürdürdük. İcazə verən polis isə ciddi şəkildə deyirdi ki, yaxınlıqdan çəkiliş aparıb tez qayıdın, yoxsa sel gəlib sizi də aparar. Ancaq İTV-nin müxbiri Mais bunun axırıncı çəkiliş olacağı barədə düşünmədən maşını düz bənd dağılan yerin yaxınlığına sürdürdü. Qorxulu və həyəcanlı idi: ayağımız altında dağılmış bənddən gələn sular, yaxınlıqdan gələn Dəli Kürün vahiməli səsi. Şükür Allaha, sağ-salamatlıqla geri qayıtdıq.

Yazılası, deyiləsi çox şey var. Hələlik bu qədər. Az da olsa dincəlmək lazımdı. Axı burada jurnalistlər sutkada 3-4 saat yatır...

Pərvin ABBASOV (Sabirabad-Şirvan)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar