Həbsxanada yatan üç oğru qardaşın dramı – HƏYAT HEKAYƏTİ
“Məni ən çox ağrıdan anamın həbsxana qapılarında olmasıdı”
Lent.az Penitensiar Xidmətin müxtəlif cəzaçəkmə müəssisələrindən hazırladığı silsilə yazıları davam etdirir.
- ...Nə üstündə tutulmusan?
- Oğurluq.
- Nə oğurlamışdın?
- Birdi, ikidi bəyəm? O qədər şey oğurlamışam ki... Daha çox da maşınlardan maqnitofonları “götürürdük”.
- İlk oğurluğun yadına gəlir?
- Yox.
- Bəlkə yadına salasan.
- (bir qədər düşünür) Yox, xatırlaya bilmədim...
Bu söhbəti E. ilə Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində aparıram. Əslində başqa yerdə söhbət edə də bilməzdik. Çünki o, Tərbiyə Müəssisəsinin 40 daimi sakinindən biridir. Bakıda doğulub, heç 18 yaşı tamam olmayıb. Ailənin sonuncu övladıdır: üçüncü oğul. Özündən böyük iki qardaşı var, onlar da həbsxanadadır. Qardaşlardan da danışacağıq, ancaq hələlik özü barədə. Deyir nəinki ilk dəfə nə oğurladığı, heç bu “iş”ə nə vaxt başladığı da yadında deyil. Təxminən bilir ki, 14-15 yaşı olanda, yəni atası vəfat edəndən sonra başlayıb. Özü də uzağa getmirmiş: elə qonum-qonşuda gözünə dəyən, satılmalı olan nə varsa, əkişdirirmiş. Ən çox oğurladığı isə avtomobil maqnitofonları olub. Soruşuram ki, neyləyirdin oğurladığın əşyaları? Deyir dəyər-dəyməzinə satırdım: “Misalçün, maşından maqnitofon götürürdüm. Onu aparıb 50 manata satırdım. Sonradan eşidirdim ki, maqnitofonun əsl qiyməti 250 manatdı...”
Oğurluğa eyni məhəllədə yaşayan üç oğlan və... böyük qardaşıyla birlikdə gedirmiş. Qardaşı ondan 4 yaş böyükdür. Boynuna almasa da, çox güman ki, oğurluğu elə ondan öyrənib.
E. sonralar cibgirliyə də başlayır: digər üç nəfər marşrut avtobuslarına minir, telefon, pul, bir sözlə, əllərinə və gözlərinə dəyən nə varsa, imkanları daxilində oğurlayırlar.
Oğru olduğunu anası da bilirmiş: “Əvvəl böyük qardaşımı bilirdi. Sonra məni də bildi. Görürdü ki, üstümdə həmişə pul olur. Daha soruşmurdu ki, bunu hardan gətirmisən? Mən də demirdim. Anam böyük qardaşıma qəti heç nə demirdi. Ancaq mənə tez-tez deyirdi ki, ay bala, belə iş eləmə, axırı pis olar. Mən deyirdim ki, “heç nə olmaz”. Yenə də gedirdim “işimi” görməyə”.
Soruşuram ki, “oğurluqla qazandığın pulları neynirdin, heç anana verirdinmi?” Deyir yox, ancaq özüm xərcləyirdim: “Uşaqlarla bara, diskotekaya gedirdik, ya da hardasa oturub yeyib-içirdik...”
Artıq bu beş nəfər məhəllə arasında oğru kimi tanınırdı, hamı onlardan ehtiyat edirdi. E.-nin dediklərindən belə başa düşürəm ki, camaatın onlara oğru kimi baxması onu artıq bir kompleksə salmışdı. Yəni, bundan sonra oğurluqdan çəkilsə, hətta yaxşı işlər görsə belə, bu, gözə görünməyəcəkdi, çünki alnında “oğru” damğası vardı. Bəlkə də buna görə anasının “ay bala, belə iş eləmə, axırı pis olar” deməyini qulaqardına vurub. Nəysə...
Beş yoldaş oğurluğunu davam etdirdikləri günlərin birində sahə müvəkkili gəlib onların hamısını tutub aparır. Sonra hamısı da buraxılır. Bir-iki gün keçmiş isə E. ilə böyük qardaşı təzədən tutulub: “Axşamüstü qapımızın ağzında durmuşdum, “uçastkovı” gəlib məni apardı. Sonradan bildim ki, böyük qardaşımı da tutublar”.
Sonra məhkəmə olur, onların ikisinə də həbs cəzası kəsilir. Böyük qardaşı böyüklər üçün nəzərdə tutulan Cəzaçəkmə Müəssisəsinə, E. isə 18 yaşı tamam olmadığı üçün Tərbiyə Müəssisəsinə gətirilir. Buna qədər isə ortancıl qardaş həbs olunmuşdu: hərbi xidmətdən yenicə qayıtmış oğlan tanımadığı bir nəfərə qarşı soyğunçuluq edir. Konkret olaraq onun telefonunu əlindən alıb. Buna görə də həbs olunub. Düzdür, E. mənimlə söhbətində qardaşına bir növ haqq qazandıraraq deyirdi ki, “içkili olub, bilmədən edib”. Ancaq əlbəttə ki, bu, onun fikirləridir. Kiminsə telefonunu almaq faktına, yəni soyğunçuluq hərəkətinə heç cürə haqqa qazandırmaq olmur. Ümumiyyətlə, ailədəki qardaşların üçünün də həbsxanaya düşməsinin özü maraqlı olduğu qədər də ziddiyyətsiz görünür: yəqin elə belə olmalıymış.
İndi E. də başqa əksər məhbuslar kimi peşman olduğunu deyir: “Cəzam var, çəkib çıxacam. Ancaq məni ən çox ağrıdan anamın daim həbsxana qapılarında olmasıdı. O oğulun yanına gedir, bu oğulun yanına gedir... Bu mənə çox pis təsir edir, zülm verir. Heç bir oğlana belə zülm arzulamıram”.
Həbsxanadan çıxandan sonra əvvəlcə hərbi xidmətini çəkmək, sonra isə bir iş tapıb işləmək, anasını dolandırmaq niyyətindədir. Ancaq hansı işlə məşğul olacağını bilmir...
Pərvin ABBASOV

499