Dünyanı dağılmağa qoymayan adamların hekayəsi
Bu yazı yol kənarında məsum, məlul baxışlarını sonsuzluqlara zilləyib durmuş bir ahılın gözlərindən mayalanıb. Onun bu dünyada heç kimi yoxdur, dedilər. Həmişə kimsəsizlərə, köməksiz qalan ahıllara, atasız-anasız böyüyən uşaqlara ürəyim ağrıyıb. Fikirləşmişəm ki, görəsən bir dəfə də olsun bu adamların qayğısına qalıb onları sevindirə bilərəmmi? Sən demə, bircə dəfə onların qapısını açıb hallarını soruşmaq bəlkə də Cənnətin qapısını açmaqdan da üstünmüş.
Qarşıma məqsəd qoyub kimsəsizlərdən yazacağımı düşünəndə ağlıma da gəlməzdi ki, rastıma çıxan bir qadının daşıdığı vəzifə haqqında heyran-heyran düşünüb, çox yaxşı əhval-ruhiyyəylə geri dönəcəm. Sən demə, dünya hələ də yaxşı adamlardan xali deyilmiş. Həmişə biz media mənsubları məşhurlardan balaca bir məqalə də olsa yazmaq üçün dəridən-qabıqdan çıxırıq. Amma elə adamlar var ki, onların bir günlük işi, bir çox məşhurun özünüreklam üçün gördüyü 10 illik işdən min dəfə üstündür. İldə bir dəfə də belə adamları tapıb onlardan yazmaq elə də çətin deyilmiş…
Tərtərin Evoğlu kəndi. Əyri-üyrü kənd yolları bizi bir həyətin həndəvərinə gətirdi. Yarıqarğı, yarıçırpı çəpərə biləkdən bir az yoğun dəmir dirəklə bərkidilmiş balaca qapını nə qədər silkələsəm də açılmadı. Geri qayıtmaq istəyəndə aynabəndin qapısını açıb sürətlə bizə tərəf gələn ev sahibini görüb dayandıq. Çatıb, anlaşılmayan qırıq-qırıq nidalarla nəsə dedi. Əl hərəkətlərindən “xoşgəldin”i və bizi içəri dəvət etdiyini ifadə elədi…
Hazırda 40 minlik əhalisi olan Tərtərdə tənha və kimsəsiz kimi yaşayan 78 nəfərdən biridir qəhrəmanımız. İllərdir kimsəsizliyin çəkib gətirdiyi yükə çiyin verməkdən qaməti əyilib. Haradasa uzaqlarda yaşayan uzaq qohumlarından özgə heç kimi olmayan bu lal qadın qapısında qonaq görmüşdü deyə, 70 illik ömründə bir dəfə də olsun bir kəlməni deməyə dönməyən dili az qala açılacaqdı. Öz aləmində idi. Tez-tez qırıq və anlaşılmayan səslər çıxarır və demək istədiyini sanki bizə öz “dili”ylə çatdırmağa çalışırdı. Bizi uşaq kimi qarşısına salıb komasının qapısından içəri ötürdü. Evin girişindəki divarda əsgəri yataqxanadakı hərbi ənənələri əks etdirən bir neçə maarifləndirici plakat yapışdırılıb. Qapıdan içəri keçəndə isə səni uzaq illərin o tərəfindən gözəl, nərmənazik bir gözəlin gözəlliyini yaddaşına hopdurub bu günə gətirən bir fotoşəkil qarşılayır. Həmin şəkildən boylanan bir cüt gözün baxışlarının müşayiəti ilə qonaq otağına keçib oturduq.
Əslən Şuşadandır Siyatel qarı. Ömrünün ən şövqlü çağlarında, 20-22 yaşlarında ailəsiylə birlikdə Tərtərin Evoğlu kəndinə köçüb. Atasını, anasını, qardaşını çox erkən itirib bir-birinin ardınca. Lal olduğundan heç vaxt ailə qurmayıb. Ömrünü-gününü kolxoza, sovxoza həsr edib. Damının altında daldalandığı komanı da ona o vaxt işlədiyi kolxozun inşaatçı briqadası tikib. Bəlkə də həmişə qonaq-qara həsrətində olduğundandır ki, səliqə-səhmanıyla göz oxşayan kasıb yataq otağında dörd çarpayı və üstü dolu yataq dəstləri var. Gənclik illərindən bəri qoruyub saxladığı fotoalbomunu bizim istəyimizlə masaya gətirdi. Mən, içərisində onun ata-anasının, qardaşının, özünün, qonum-qonşularının, Heydər Əliyevin müxtəlif illərdə sərgilənən fotolarına, hətta daxili işlər naziri Ramil Usubovla Şərqin ilk demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin alt üst yapışdırılmış şəkillərinə baxanda, ev sahibəsi bacardığı qədər kəskin hərəkətlərlə otaqdan otağa keçir, nə isə gətirir, nə isə aparır, konfet, meyvə, qısası, əlinə keçən yaxşı nə vardısa, alicənablıqla süfrəyə düzürdü…
Sevincini büruzə verməkdən özünü saxlaya bilmirdi, tələm-tələsik, limon ağacının üstünə sərilmiş al-əlvan yolka işıqlarını da yandırmağı unutmadı - elə bil, ən əziz adamı gəlmişdi.
Əl hərəkətləriylə qalıb qonağı olmağımızı xahiş elədi. Biləkdən aşağı qollarını göstərib, həyətdəki beçələrdən kabab çəkəcəyini bildirdi.
Nə qədər pensiya aldığını soruşduq. Əl barmaqlarını say işarələrinə çevirib ayda 75 manat pensiya aldığını anlatdı. Ona qayğı göstərilib-göstərilmədiyi ilə maraqlandıq. Siyatel qarıya ünvanlanan sualları bəzən onun əvəzindən cavablandıran sosial xidmət işçisinin (onun kimliyini sonradan bildim) boynunu qucaqlayıb üzünü göyə tutdu və öz “dili”ylə nələrsə söylədi. Bunun, açıqdan açığa minnətdarlıq, razılıq olduğunu sezməmək mümkün deyildi.
Sən demə, Siyatel qarının qonşusu bildiyimiz xanım sosial xidmət işçisi imiş. Kəmalə Səfərova 19 ildir bu sahədə çalışır. Ali təhsillidir. Üç oğul anasıdır. Böyük oğlu Dövlət Sərhəd Akademiyasında oxuyur. Kəmalə xanım deyir ki, öhdəsində öz kəndlərindən olan bir neçə nəfər var. Hamısına vaxtlı-vaxtında baş çəkir, qayğılarına qalır, bazarlıqlarını edir, yeri gələndə həkimə aparır, üstlərinə həkim gətirir.
“Bəzən adamlar öz doğma valideynlərinin qayğısını çəkmirlər, belələri də çoxdu, bəs başqalarının kimsəsiz atasına, anasına baxmaq nə dərəcədə ağırdır?” - sualına sosial xidmət işçisi belə cavab verdi: “Hər şeyi bir kənara qoyaq, göydən Allah baxır axı. Onların qayğısına qalmağımın savabını göydən baxan kişi yəqin ki balalarımın üstünə yazacaq. Çoxları mənə deyir ki, nə işin var, gedib kiminsə əldə-ayaqda qalmışının hayına qalırsan. Amma, nəinki mən, yeri düşəndə balalarım da onların nazıyla oynayırlar. Bəzən bu kimsəsiz adamların həyət-bacalarında görülməli olan kişi işlərini həyat yoldaşım gəlib görür. Odun yarılmalıdırsa odun yarır, çəpər dağılıbsa, onu sahmana salır”.
Yaşlı, ahıl adamların xəstə olduğu vaxtlarında onları öz evinə aparıb günlərlə, bəzən aylarla qayğısına qaldığını deyir Kəmalə xanım. Bəzən isə öz komasının altında darıxan bu kimsəsiz adamların üz tutduğu yeganə ünvan da məhz, öz sosial xidmət baxıcılarının - Kəmalə Səfərovanın evi olur: “Bir də görürsən ki, gəlirlər, nərd, domino oynayırlar, yoldaşımla, özümlə dərdləşirlər. Çay içib, çörək yeyirlər”.
Həmsöhbətimiz bizi Siyatel qarının evindən başqa bir ünvana da apardı. Otaqlarından biri başdan-ayağa dini şəkillərlə, ibrətamiz kəlamla bəzədilmiş bu ev kənddə hamının Seyid Məhərrəm kişi kimi tanıdığı 85 yaşlı Rüstəmov Məhərrəm Müslüm oğlunundur. Məhərrəm kişi 6 qız atasıdır. 25 nəvə, 18 nəticəsi var Məhərrəm kişinin. Deyir ki, uşaq atasına arxayın olan kimi mən də Kəmalə qızıma arxayınam: “Çağıran kimi gəlir, adamın üstündə Allah var. Xudavəndi-aləm onun da, onu işlədənlərin də, hamısının ömrün uzun eləsin, mənsəbə çatmış adamlardan eləsin. Vallah burda işləyənlərin hamısı yaxşı adamlardır. Bu qərar ki var, mənim kimi əlsiz-ayaqsız, kimsəsiz adamlara baxılması üçün şərait yaradıblar, büdcədən pul ayırıblar ki, bizə baxsınlar, Allah onların hamısının canını sağ eləsin”.
Məhərrəm kişi deyir ki, Kəmaləni neçə dəfə bazara göndərəndə yol pulunu vermək istəyib, sosial xidmətçi qadın heç vaxt götürməyib o pulu: “Gedib alıb gətirəcək, xəmirimi qatacaq, çörəyimi bişirəcək, nəyə gücüm çatmırsa o işi görəcək. 6 qızım var, hamısını əvəz eləyir Kəmalə”.
P.S. Ölkəmizdə tanıdığımız və tanımadığımız Kəmalələr çoxdur. Hamısı da ehtirama layiq!
Teymur Zahidoğlu

531