...Və dilənçi – HƏYAT HEKAYƏTİ
15 fevral 2010 18:00 (UTC +04:00)

...Və dilənçi – HƏYAT HEKAYƏTİ

3 baçı, 1 qardaş Uşaq Evinin sakinlərinin qabağında əl açıb dilənməyə başladılar...

“Dövlətin uşaqları” silsiləsindən

Uşaq Evində olanda ən sonda onlarla görüşdüm. Daha doğrusu, təkcə qızlarla. Qardaşı da çağırmaq istədilər, dedim lazım deyil. Sözün düzü, oğlanın qüruruna toxunmaqdan çəkinməyim, onu görmək marağıma üstün gəldi; axı necə də olsa, bacıları qardaşın yanında sorğu-suala tutmaq vardı. Ancaq, qızlarla da indiyədək söhbətləşdiyim başqa uşaqlar kimi ehtiyatla danışırdım, hətta daha artıq ehtiyatla. Çünki ehtiyatsızlıq ucbatından verilən hansısa sual onlara toxuna bilər, aylarla göz yaşı axıtmasına səbəb olar. Tək bircə fakt: mən onlarla söhbət edəndə analarının öldüyünü bilirdim. Ana 7 ay əvvəl ölüb və bunu mənə uşaq evinin rəhbərliyi demişdi. Ancaq... övladların heç birinin bundan xəbəri yoxdur! Ona görə də mən qızlarla danışanda heç “ana” sözünü işlətmədim. Heç “ata” sözünü də. Çünki bədbəxtliklərinin əsas səbəbkarı ataları olub...

Uşaqlarını diləndirən ata

Sözün düzü, adını bilmədiyim, hazırda Şamaxı rayonunda yaşayan atanın nə işlə məşğul olduğundan xəbərim yoxdu. Bəlkə də dilənçi olub. Bunu bilmirəm. Ancaq öyrəndiym odu ki, həmin o adam övladlarını hələ lap balaca olandan dilənçiliyə göndərirmiş: indi uşaq evində olan üç bacı və bir qardaşı. Deyilənə görə, ata psixi xəstəlikdən əziyyət çəkib və indi də belədi. O, uşaqları qonşu kəndlərə dilənməyə göndərir, sonra isə onların yığdığı pulları əllərindən alaraq adətə çevirdiyi “işi” ilə məqğul olurmuş: hər gün spirtli içkilər alıb sərxoşluq edərdi. Vərəm xəstəsi olan ana da bir söz deyə bilmirdi bütün bunlara; deyəndə də döyülürdü. Bioloji baxımdan uşaqların atası sayılan adam uşaqları da döyüb-incidərdi. Uşaqlar isə nəinki bir gün qaçmaq, evə dönməmək barədə düşünmür, hətta onlara verilən bu dəhşətli tapşırığı – dilənməyi canla-başla yerinə yetirirdilər. Bir növ manqurta çevrilmişdilər. Məhz manqurta! Bu, sonradan bilinəcəkdi – onlar Uşaq Evinə gətiriləndə...

Uşaq Evində (dilənmə)

Dörd uşağın halını hər kəs, qonum-qonşu görür, atanı qınayır, ancaq çoxu heç səsini çıxarmırdı. Baxmayaraq ki, sabah artıq növbəti faciələr baş verəcəkdi. Axı artıq qızlar böyüyürdü: böyüyünün 13 yaşı vardı... Bunu əslində cəmiyyətin dörd uşağın faciəsinə biganə münasibəti kimi də dəyərləndirmək olar. Nəysə. Günlərin birində uşaqların atasının əmisi oğlu onları götürüb Bakıya gətirir: Uşaq Evinə. Bütün sənədləşmə işləri başa çatdıqdan sonra dörd uşaq buranın sakini olur. Onların bayaq dediyim manqurtlaşması da indi üzə çıxır: Üç bacı və qardaş əllərini Uşaq Evinin digər sakinləri olan uşaqların qarşısında açaraq dilənməyə başlayır! Bu, beş il əvvələ əvvəl təsadüf edir və həddindən artıq dəhşətli, tükürpədici mənzərə olub. Ancaq kim idi onlara pul verən? Əslində vermək üçün gərək əvvəl pul ola axı. Uşaq Evinin uşaqlarında pul nə gəzir?!...
İndi qızlar 18, 17 və 15 yaşına, oğlan isə 14 yaşına çatıb. Ancaq hamısı eyni sinifdə – beşinci sinifdə oxuyur. Bunun tək səbəbi onların yalnız Uşaq Evinə qoyulduqdan sonra məktəbə getməsidir. Heç vaxt məktəb üzü görməyən uşaqlar birinci sinifə də elə burada gediblər. Elə burada da normal davranış qaydalarını öyrəniblər. Onu da öyrəniblər ki, dilənmək normal hal sayılmır, ümumiyyətlə dilənmək olmaz...

Həsrətli və vərəmli ana

Bacılar və sonbeşik qardaş ən çox anasını özləyirmiş. Ancaq anayla görüşmək demək olar ki, mümkünsüz olmuşdu. Onları kim idi Şamaxıya aparan? Ana necə gələcəkdi Bakıya? Bunlar mümkün olsaydı belə, görüş baş tutmayacaqdı. Daha doğrusu, tutmamalıydı: çünki ana vərəm idi. Ananın bir-iki saatlıq, ya da bir-iki günlük ünsiyyəti müddətində balalarını bağrına basması onların da bu ağır xəstəliyə yoluxmasına səbəb olacaqdı. Ona görə də görüşə icazə verilmirdi. Övladlar ananın, ana da övladlarının həsrətini çəkirdi: günlərin birində görüşmək ümidiylə. Ancaq sən demə, həmin gün gəlməyəcəkdi. Çünki ana təxminən 7 ay əvvəl dünyasını dəyişib; elə vərəmdən ölüb.

Olmayan və olan söhbət

Bacılarla söhbət eləyirəm: hamısının gözlərində ana həsrəti, dodaqlarında qəribə, utancaq təbəssüm. Onlara ehtiyatla sual verirəm. Əslində, anaları barədə sual verərək onların ürəkdağlayan cavablarını da eşitmək olardı. Məsələn belə:

- Anandan ötrü darıxırsan?

“Hə, çox darıxıram” - kiçik bacı dillənir. O biriləri də bunu deyir: ortancılı “hə” söyləyir, böyüyü də başıyla təsdiqləyir. Kiçik bacı davam edir: “Atamızı yox, ancaq anamızı çox istəyirik, ondan ötrü çox darıxırıq. Deyirlər xəstədi, görüşmək olmaz. Sağalmağını gözləyirik...”

Ancaq qarşılarına maskalı suallarla çıxmaq istəmirəm. Çünki onsuz da özümü maskalanmış sayıram: onların anasının öldüyünü bilib-demədiyimə (bəlkə də gizlətdiyimə) görə özümü birtəhər hiss eləyirəm, qəribə hisslər keçirirəm. Ancaq danışmalıyam. Nəhayət, ehtiyatla soruşuram ki, yanınıza gəlib-gedən var? Heç birindən səs çıxmır. Bunabənzər daha bir sual verirəm. Yenə cavab eşitməyinc, onlardan bura çağırdığıma görə məni bağışlamamı istəyib, sağollaşıram. Elə bu vaxt ən kiçik bacı dillənir. Deyir ki, “əmim gəlir yanımıza”. Yenə sual verirəm:

- Nə vaxtdan-nə vaxta gəlir?

- Tez-tez gəlir (bunu böyük bacı deyir).

- Axı tez-tez gəlmir. Niyə yalan deyirsən?! (bunu isə ən kiçiyi deyir)

- Əmin sizə nə gətirir?

- Gətirir... Hər dəfə bir şey...


Qürur məsələsi

Qızlarla söhbətim uzun çəkmir və sağollaşıb ayrılıram. Sonra Uşaq Evinin işçisi M. xanım mənə deyir ki, əslində onları yoluxan qohum heç də tez-tez gəlmir. Məsələn, dörd-beş aydan bir gələ, ya gəlməyə. Elə də olub düz iki il heç görünməyib. Beləysə bəs böyük bacı niyə “tez-tez gəlir” deyirdi? Bunu özümçün belə aydınlaşdırdım: bu, qürur məsələsidi. O, əslində “tez-tez gəlir” söyləməklə “kimsəsiz deyilik, bizə yazığın gəlməsin” demək istəyir mənə. Belə... Qururla başlamışdıq, qürurla da qurtardıq. Dövlətin uşaqlarının qüruruyla...

Pərvin ABBASOV

pervinabbasov@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar