Kanalizasiya gen olsa, basılmaz küçə
Emil Axundov: “Bakının yiyəsi yoxdur, olsaydı paytaxtın kanalizasiya, işıq, qaz, su, yol infrastrukturu bu gündə olmazdı”
Fevralın 4-də Bakıya yağan ikinci qardan sonra paytaxtın sosial problemləri bitib-tükənmir. İkinci qarın yaratdığı infrastruktur böhranı paytaxt Bakının nəinki qışa hazır olmadığını, üstəlik şəhəri idarəetmə sisteminin yarıtmazlığını üzə çıxardı. Qarlı hava şəraitində paytaxtın elektrik enerjisi, təbii qaz, su, istilik, yol və nəqliyyat infrastrukturu iflic vəziyyətə düşdü. Qarın əriməsi isə başqa bir problemi üzə çıxarıb: paytaxtın kanalizasiya sistemi qarın suyunu daşıya biləcək gücdə deyilmiş, şəhər başdan-ayağa gölməçələrin əsirinə çevrilib.
Bakı Kanalizasiya İstehsalat Birliyindən Lent.az-a bildiriblər ki, paytaxt ərazisindəki kanalizasiya xətlərinin üçdə biri istismar müddətini başa vurub. Bu səbəbdən də mövcud sistemin yükgötürmə qabiliyyəti aşağı olduğundan qar suyu şəhərin küçələrində problemlər yaradır. Belə xətlər daha çox şəhərin çoxdan salınmış yaşayış məntəqələrindədir. Əksəriyyəti müharibə dövründə və 1950-ci illərdə çəkilmiş belə kanalizasiya borularının diametri də olduqca azdır - 200 millimetr.
Birliyin mütəxəssislərinin fikrincə, normal kanalizasiya borularının diametri heç olmasa, 400-500 millimetr olmalıdır ki, onların su, tullantı keçirmə qabiliyyəti tələbata uyğun olsun. Ancaq boruların diametri kiçik olduğundan, onların içi zibillə dolur, tıxaclar yaranır və Bakı küçələrinin su ilə dolması da bundan başlanır.
Yeri gəlmişkən, köhnə salınmış ərazilərdən fərqli olaraq, şəhərin yeni salınan qəsəbələrində su yığnaqlarına o qədər də rast gəlinmir. Bu ərazilərə yeni kanalizasiya xətlərinin çəkildiyi Rəşid Behbudov, Fətəli Xan Xoyski, Süleyman Rüstəmov, Səməd Vurğun küçələrini, Zərifə Əliyevanın, Bakıxanovun adını daşıyan prospektlərin ətrafı da aid edilir.
Bakı Kanalizasiya İstehsalat Birliyindən onu da bildiriblər ki, artıq Türkiyənin “Kanalize İnşaat” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Bakıda kanalizasiya boruları dağıdılmadan əsaslı təmir olunur. Belə ki, “Kanalize İnşaat” şirkətinin tətbiq etdiyi texnologiya əsasında kanalizasiya quyularına yüksək təzyiqlə su vurulur və sonra tullantılar aqreqatla sovrulub çıxarılır. Tullantılardan təmizləndikdən sonra borulara ölçülərindən asılı olaraq robotlar buraxılır. Robotlar borunun təmizlənmə səviyyəsi barədə məlumatı kompüter mərkəzinə ötürür. Bu qurğular həm də borulardakı çatlar və sınmalar barədə məlumatı dəqiqliyi ilə kompüterin yaddaşına köçürür. Bunun əsasında torpağın və ya tikinti obyektlərinin altında yerləşən kanalizasiya xətləri qazılmadan borularda əsaslı təmir işləri aparılır.
Məsələyə münasibət bildirən əməkdar memar Emil Axundov isə bildirib ki, Bakının vahid kanalizasiya sisteminin qurulması üçün yeni baş plan hazırlanmalıdır. Onun sözlərinə görə, istismar müddətini başa vurmuş magistral kanalizasiya xətləri elə vəziyyətə gəlib çatıb ki, onlar tam yeniləşməsə, 4-5 ilə Bakının çox hissəsi kanalizasiya sularına qərq olacaq: “Avtomobil yolları və körpülərin, hündür mərtəbəli binaların tikintisi zamanı ərazinin mövcud kanalizasiya sistemlərinin imkanları nəzərə alınmır. Əvvəl kiçik bir tikili aparan zaman su və kanalizasiya idarələri də sənədləşmə zamanı tərəf kimi iştirak edirdi, onların rəyi alınırdı. Amma indi necə gəldi, kanalizasiya xətləri bir yerə qoşulur, onlar da yağış, qar yağan kimi tutulur və ətrafa daşır”.
Ekspert deyir ki, Bakının yağış və qar sularından təmizlənməsi üçün kanalizasiya sisteminin yükgötürmə qabiliyyəti ən azı 18-20 dəfə artırılmalıdır. Çünki mövcud boruların diametri yağış sularını daşımaq gücündə deyil.
Elxan SALAHOV

669