“Qardaş qardaşa borc vermir, əlindən tutur...”
07 noyabr 2012 15:46 (UTC +04:00)

“Qardaş qardaşa borc vermir, əlindən tutur...”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi - Qardaş köməyi” adlı beynəlxalq simpozium keçirilib.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açılış mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir İsmayıl Alpər Coşkun, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Sərdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti, bir sıra dövlət qurumlarının, Azərbaycan Gəncliyə Yardım Fondunun, QHT-lərin və Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri iştirak ediblər.


Simpoziumu giriş sözü ilə açan Nizami Cəfərov simpoziumda Azərbaycan-Türkiyə arasında olan qardaşlıq münasibətlərinin tarixinə nəzər salınacağını və bu əlaqələrin ölkələr arasında olan münasibətlərin inkişafında rolundan söz açılacağını, simpozium çərçivəsində TİKA-nın dəstəyi ilə nəşr edilmiş “Qardaş köməyi” adlı kitabının təqdimatı keçiriləcəyini söyləyib. Kitabda iki qardaş ölkə arasında olan münasibətlərin tarixindən, xeyriyyəçilik və yardımlaşma ənənələrindən bəhs edilir. Səməd Seyidov çıxışında TİKA ilə olan əməkdaşlığa toxunub, ADU-da Sinxron Tərcümə Laboratoriyasının istifadəyə verildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Türkiyə Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf edir. O, qardaş xalqların çətin sınaq anında həmişə bir-birinə dayaq olduğunu vurğulayıb: “Nə qədər Türkiyə Azərbaycan qardaşlığı var, Türkiyə Azərbaycanın yanında, Azərbaycan da Türkiyənin yanındadır, Türk milləti basılmaz”.


Necdet Ünüvar çıxışında rəhbərlik etdiyi Türkiyə-Azərbaycan Dostluq Qrupunun fəaliyyətindən danışıb. O qeyd edib ki, Türkiyə və Azərbaycanın bir dost deyil, həm də qardaşdır, bu ölkələr həmişə bir-birinə dəstək veriblər: “ XX yüzillik tarixinə nəzər yetirsək, bunun bariz nümunəsini görərik. Qardaş qardaşa borc vermir, əlindən tutur. Türkiyə və Azərbaycanın bayrağı daim zirvələrdə dalğalansın”. Dostluq Qrupunun rəhbəri bir illik fəaliyyəti dövründə Azərbaycana 6-cı dəfə gəldiyini diqqətə çatdırıb . Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi Haluk İpək də çıxışında ölkələr arasında olan strateji əməkdaşlıqdan, qardaş münasibətlərindən söz açıb. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşkun Azərbaycanın yüksələn xəttə üzrə inkişaf etdiyini və türk xalqının bundan məmnun olduğunu bildirib. TİKA-nın prezidenti Sərdar Çam nəzərə çatdırıb ki, TİKA-nın həyata keçirdiyi layihələr də ən çox pay Orta Asiya və Cənubi Qafqaza düşür: “TİKA bu regionda yerləşən türkdilli ölkələrdə bir sıra önəmli layihələr həyata keçirir. Burada yerləşən ölkələrdə fəaliyyətimizi iki dəfə artırmışıq. Bu ölkələr bizim qürur mənbəyimizdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Azərbaycan-Türkiyə arasında olan münasibətlərin uzun illərin sınağından çıxmış bir qardaşlıq olduğunu bildirib. Hər iki ölkəni mənəvi və ədəbi dəyərlərin birləşdirdiyini deyən xalq yazıçısı bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvardır. Digər çıxış edənlər də iki qardaş ölkə arasındakı münasibətlərdən danışıblar. Sonra simpozium bölmələrdə öz işini davam etdirib. İlk bölmədə professor Cahit Baltacının “Türk İslam dünyasında xeyriyyəçilik”, professor Firdövsiyyə Əhmədovanın “Türk dünyasında örnək bir xeyriyyəçi: Zeynalabdin Tağıyev”, professor Betül Aslanın “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və Qardaş Yardımı” və Əhməd Niyazovun “Azərbaycanda Vəqflərin dünəni, bu günü və sabahı” mövzusunda məruzələri dinlənilib. Simpozium bağlanış nitqləri ilə başa çatıb.

Qeyd edək ki, simpoziumun keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665

Oxşar yazılar