Hansı sənədsiz evlər söküləcək?- ARAŞDIRMA
28 sentyabr 2012 22:03 (UTC +04:00)

Hansı sənədsiz evlər söküləcək?- ARAŞDIRMA

Bakıda köhnə həyət evini satıb və bir neçə il qabaq metronun «Əhmədli» stansiyasının yaxınlığında üç otaqlı mənzil alan Tariyelin başı dərdə girib - 25 yaşı bir neçə ildir ki, tamam olmuş gənc bu alqı-satqı üzündən özünə təzə şəxsiyyət vəsiqəsi ala bilmir. Çünki kimliyində qeydiyyat yeri kimi köhnə evinin ünvanı göstərilir, həmin ev isə sökülüb və ünvan məlumat bazasından çıxarılıb. Üç ildən çoxdur ki, yaşadığı 16 mərtəbəli binanın isə ünvanı yoxdur və ora da qeydiyyata düşə bilmir. Səbəb 4-5 il qabaq tikilərək, sakinlərin istifadəsinə verilən binanın mənzillərinin texniki pasportunun, yəni «kupça»sının olmamasıdır. Bu sənədin və uyğun olaraq sahib olduğu mənzilin rəsmi ünvanının olmaması üzündən Tariyelin yeni doğulmuş qızı da doğum şəhadətnaməsi ala bilmir, çünki atanın şəxsiyyət vəsiqəsi tələb edilir.

Tariyelgilin «Bakı» kinoteatrının yaxınlığında yerləşən binasının problemi tək ünvansızlıqla bitmir, texniki pasport olmadığından binaya qaz da verilmir, qış vaxtı evləri elektriklə qızdırmalı olurlar və ay ərzində işıq pulu 140-150 manatı keçir. Binanı inşa edənlər ev başına pul yığıraq qazanxana tikməyi təklif edirlər, amma istilik enerjisi qarşılığında aylıq ödənişlərin çox olması üzündən camaat bu variantdan imtina edir. Mənzillərə qaz və ya istilik xətti çəkilməsi məsələsi həll edilmədiyindən bina sahibləri həyəti də səliqəyə salmırlar ki, xətlər çəkiləndən yenidən qazılmalı olacaq. Nəticədə binada yaşayan sakinlər yay vaxtı həyətə də düşə bilmirlər. Sakinlər həm də mənzillərinin gələcəyindən narahatdırlar - əllərində mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur və yalnız payçı müqaviləsinə malikdirlər.

ANS PRESS-in araşdırmasına görə, «Bakı» kinoteatrının binasının yanında tikilmiş sözügedən bina oxşar problemi olan yüzlərlə binadan biridir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin (ƏBİ İB) icraçı direktoru Ramil Osmanlının məlumatına görə, hazırda ölkədə təxminən 60 minə yaxın mənzilin yiyəsi eyni problemlə üz-üzədir. Bu mənzillərin əksəriyyəti Bakıda yerləşir, başqa şəhərlərdə də az sayda belə mənzillər var. Bu binaların içərisində eləsi var ki, artıq 8-10 ilə yaxındır sakinlər yaşayır. Amma bina sahibləri mənzil yiyələrini mülkiyyət hüququ ilə təmin etməyiblər, təbii ki, evlərə ünvan, təbii qaz və s. də verilməyib.

Amma bu cür mənzillərin sakinlərini narahat edən təkcə belə səbəblər deyil. Sakinlər mənzillərin yerləşdiyi binaların yararsız sayılaraq sökülə biləcəyindən qorxurlar. Məntiqlə düşündükdə, belə bir hal baş verdikdə, mənzil sahiblərinin pulunu tikinti şirkətləri verməlidir. Amma Azərbaycan reallığı budur ki, adətən tikinti şirkətlərinin əlində bina tikmək üçün pul olmur. Ona görə də belə qurumlar öz fəaliyyətlərini mənzil-tikinti kooperativi adı altında rəsmiləşdirirlər. Sənəd üzərində kooperativ tikinti şirkəti ilə saziş bağlayır ki, onun üçün layihəsi təsdiq edilmiş binanı tiksin. Əslində kooperativin sədri ilə tikinti şirkəti təxminən eyni olur. Yəni belə variantda sökülən binaya görə mənzil yiyələrinin pulunu qaytaracaq hər hansı bir ünvan qalmır. Bəzən bina tikdirməyə qərar verən qruplaşmanın tikinti şirkəti olmur və onlar binanı mərhələ-mərhələ, mənzillərə yeni müştərilər tapıb maliyyə cəlb etdikcə, müxtəlif şirkətlərə, «qul bazarı»ndan cəlb etdikləri təsadüfi işçilərə tikdirirlər. Belə olan halda, binanın tikintisinin məsuliyyəti tamamilə kooperativin üzərinə düşür.

Belə mənzillərin sakinlərini qorxudan digər səbəb isə yaşadıqları binaların söküləcəyi qorxusudur. Hazırda yeni tikilən binalar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yoxlanılır və mətbuatda onlarla yeni tikilən binanın söküləcəyi barədə məlumatlar dolaşır. Söküləcək binaların konkret hansının olması açıqlanmadığına görə, sakinlər bu barədə verilən istənilən məlumatı təlaşla qarşılayırlar.

Əmlak Bazarı İştirakçıları İB-nin icraçı direktoru Ramil Osmanlı da 50-dən çox yeni tikilən binanın sökülmə təhlükəsi ilə üz-üzə olduğunu bildirir: «İndiyə kimi FHN bu cür binalar barədə belə qərarlar çıxarıb və həmin binaların sökülməsi ilə bağlı presedent artıq var. Sökülən binalarda da insanlar məskunlaşmışdı. FHN-in 3 ay bundan qabaq bir açıqlaması olub və o açıqlamada 50-dən artıq binanın müvafiq qanunvericiliyin tələbinə uyğun tikilmədiyi, qəzalı vəziyyətdə olduğu vurğulanır. Amma düşünmürəm ki, bu binaların hamısı söküləcək. Yalnız o binalar sökülə bilər ki, orada yaşamaq təhlükəlidir». ƏİB İB-nin icraçı direktoru bildirir ki, yeni tikilən binaları imkan daxilində möhkəmləndirərək yaşamaq üçün yararlı hala gətirmək lazımdır. «Bu, böyük problemdir. Bu binaların əksəriyyəti Bakının mərkəzində yerləşir. Özü də binalar çox böyükdür, hər binada yüzdən artıq ailə yaşayır, kiçik bir kəndin ailəsi deməkdir. Buna görə də bu evlərin sənədləşdirilməsi çox vacibdir»,- deyə Ramil Osmanlı vurğulayıb.

Ekspertin sözlərinə görə, ölkədə tikilmiş və sənədləşməsi tam başa çatdırılmamış, yaxud sənədi olmayan 500 minə yaxın fərdi evin də sənədləşdirilməsi vacibdir: «Magistral qaz, su, elektrik xətlərinin, yolların, dəmir yollarının və s. mühafizə zolağına düşən tikililər kompensasiya ödənilməklə sökülməlidir. Qalan evlərin hamısına isə sənəd verilməlidir. Bu evlərin sənədləşməsindən sonra əmlak vergisi kimi dövlət büdcəsinə yetərincə vəsait daxil ola bilər. Hər ev ildə 100 manat əmlak vergisi ödəsə, il ərzində 50 milyon manat vəsait deməkdir. Bu, hal-hazırda dövlət büdcəsində mənzil-kommunal sistemi üçün ayrılmış vəsaitdən xeyli çoxdur».

Yəni əmlak sektoru mütəxəssisinin fikrincə, bu vəsaitlə sökülən evlərin kompensasiya haqqını da qarşılamaq olar. Ramil Osmanlının sözlərinə görə, belə halda söküləcək fərdi evlərin sayı da elə çox deyil: «İki il qabaq Nazirlər Kabineti məsələ ilə bağlı müvafiq qurumlara - «Azərenerji» SC-yə, «Azərbaycan Dəmir Yollları» QSC-yə, Nəqliyyat Nazirliyinə, ARDNŞ-ə və «Azəriqaz» kimi qurumlara tapşırmışdı ki, mühafizə zolağına düşdüyünə görə söküləcək evlərin siyahısını tutsun. O vaxt mən siyahı ilə maraqlanmışdım. Hər bir qurumda belə evlərin sayı 2-3 min arasında idi. Yəni toplam 10 min ev ətrafında idi. Bu da ölkə üzrə sənədsiz evlərin təxminən 2 faizi deməkdir».

Onun sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq imicinin yaxşılaşmasına da yardım edəcək: «Azərbaycan istər MDB məkanı, istərsə də Avropa üzrə adambaşına düşən mənzil göstəricisinə görə axırıncı yerlərdən birini tutur. Həmin mənzillərin sənədlərinin qaydaya salınması, yəni tam olaraq mülkiyyət sənədlərinin təqdim edilməsi nəticəsində biz mənzil fondumuzu təxminən 1,7-1,8 dəfə genişləndirə bilərik. Bu da təbii olaraq Azərbaycanın beynəlxalq nüfuzu, həm də daxildə mənzil probleminin həlli üçün atılmış müsbət bir addım sayılar».

Lakin bu evlərin sənədləşməsi üçün xüsusi prosedur qaydaları işlənməlidir. Çünki nisbətən sadələşdirilmiş yeni Şəhərsalma və Tikinti Məcəlləsinin bu evlərə dəxli yoxdur. Həm də yeni məcəllədə də prosedur qaydaları o qədər çoxdur ki, məhz bu cür uzun çəkən proseslər üzündən əhali vaxtında xərc çəkib tikdirdiyi evlərə sənəd ala bilməyib: ev sahibi lisenziyalı memar tapmalı, ona evin cizgisini çəkdirməli, bu barədə rayon İH-ya məlumat verməli, sonra müəyyən müddətdən sonra rayon İH-nın xüsusi komissiyası evin istismar üçün yararlı olması barədə xüsusi sənəd verməlidir. Daha sonra vətəndaş həm sənədi və həmçinin ünvan bürosundan, kommunal xidmətlərdən götürdüyü sənədlərlə birgə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir. Göründüyü kimi, yenə də yetərincə çox sənəd toplanmalıdır.

ANS PRESS-in müxbirinin şəxsən tanıdığı yaşlı, pensiyaçı bir qadın, yəni yetərincə vaxtı olan bir insan bu sənədlərin düzəldilməsini heç bir «makler»in yardımı olmadan, heç bir əlavə «xərc» çəkmədən, vəzifəli tanışın yardımı ilə özü yerinə yetirmək qərarına gəlmişdi. Qadın dediyini yerinə yetirdi, amma bunun üçün ömrünün düz 2 ilini sərf etdi və çox sayda ayaqdöymələr hesabına məqsədinə nail ola bildi. Amma vəzifəli tanışı olmayan, vaxtının çox hissəsini ailəsi üçün pul qazanmağa sərf edən insanlar bunu necə edə bilərlər? Həm də məsələnin bu cür həll edilməsi üçün torpaq sahəsi özəl olmalıdır. Amma tikilmiş 500 min evin böyük hissəsi rayon İH-ların və bələdiyyələrin sərəncamı ilə tikilib, əksəriyyətində torpağın özəlləşdirilməsi sənədi yoxdur. Yəni bu kimi problemlər açıq qalır və həll edilməlidir. Bu məsələdə «vahid pəncərə» sistemi təmin edilməlidir ki, insanlar «harda qırılar, qırılsın» məntiqindən əl götürərək, sənədləşməni başa çatdırsınlar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) mətbuat xidmətinin rəhbəri Cahangir Qocayevin sözlərinə görə, bu barədə dövlət başçısının xüsusi iradəsi var: «Keçən il martın 9-da ölkə başçısı Bakı şəhər İH-da görüş keçirərkən bu barədə sərəncam verib. Bu yaxınlarda prezidentin xüsusi sərəncamı olub və bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb. Bəzi infrastruktur obyektlərinin mühafizə zolağından olan obyektlər barədə xüsusi qərar veriləcək. Bəziləri bunun üçün xüsusi qaydalar, bəziləri isə xüsusi qanun qəbul edilməsinin tərəfdarıdır. Bundan hansısa biri seçilməlidir. Yəqin ki, bu barədə qanun işlənəcək və bundan sonra ölkə başçısının siyasi iradəsi reallaşdırılacaq»,- deyə DŞAK təmsilçisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3626

Oxşar yazılar