Gəncədə su və kanalizasiya problemi həll olunacaq
11 sentyabr 2012 16:48 (UTC +04:00)

Gəncədə su və kanalizasiya problemi həll olunacaq

Azərbaycan Hökumətinin Almaniyanın KfW Bankı və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin ilkin mərhələsi bu ilin sonunadək başa çatdırılacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq Gəncə şəhərinin bir hissəsini içməli su ilə təmin edəcək Göygöl su mənbəyindən çəkiləcək 24,5 kilometrlik magistral su xəttinin 20 km-lik hissəsi tikilib.


Magistral su xəttinin üzərində həcmi 4 min kubmetr olan su anbarının inşası üzrə də əsas işlər yekunlaşmaq üzrədir. Magistral su xəttinin və su anbarının tikintisinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Gəncə şəhərinin digər hissəsini içməli su ilə təmin edəcək Qızılqaya su mənbəyində bərpa işləri davam etdirilir. Bu mənbədən şəhərə qədər çəkiləcək 2100 metrlik xəttin artıq 1600 metrlik hissəsində işlər yekunlaşmışdır. Layihəyə uyğun olaraq burada tikilən ümumi tutumu 12 min kubmetr olan 3 ədəd yeni su anbarının inşası üzrə işlərin 40 faizə qədəri görülüb.


Qeyd edək ki, 2 mərhələdə həyata keçirilən Gəncə şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi çərçivəsində şəhərin təqribən yarısını əhatə edən şəbəkələr üzrə tender prosedurası başa çatıb və qalib şirkətlə podrat müqaviləsi imzalanıb. Tikinti işlərinin başlanması üçün hazırlıq işləri aparılır. Şəhərin qalan hissəsində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə isə tender sənədləri hazırlanaraq Almaniyanın KfW Bankına təqdim edilib. Layihə çərçivəsində Gəncə şəhərində ümumi tutumu 39 min kubmetr olan 5 ədəd yeni su anbarı tikiləcək, müxtəlif diametrli borularla 576 km uzunluğunda paylayıcı su xətti, 582 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 52 minə qədər ünvanda birləşdirmə aparılacaq və sayğac quraşdırılacaq. Gəncə şəhərində çirkab sutəmizləyici qurğuların tikintisi üzrə texniki iqtisadi əsaslandırma sənədləri hazırlanıb, yaxın vaxtlarda tender prosesinə başlanılacaq. Layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 388 min nəfərin keyfiyyətli içməli su ilə təmin edilməsinə və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1922

Oxşar yazılar