"Xalqımız çətin dövrdə birləşib həmrəylik göstərə bilir" - DEPUTAT
10 iyun 2020 17:55 (UTC +04:00)

"Xalqımız çətin dövrdə birləşib həmrəylik göstərə bilir" - DEPUTAT

Ölkə rəhbərliyinin koronavirusla mübarizə tədbirləri çərçivəsində atdığı addımlar və verdiyi göstərişlər pandemiya bəlasının geniş vüsət almasına, yoluxma və ölüm sayının artmasına, iqtisadiyyatın iflic olmasına imkan vermədi. İstər sadaladığımız məqamlarla, istərsə də pandemiya dövründə əhalinin sosial durumunun gücləndirilməsi istiqamətində atılan addımlarla Azərbaycan dünya ölkələrinə örnək oldu. Qazanılan uğurun əsasında xalqın dövlətlə həmrəyliyi, hər cür yardımı əsirgəməməsi durur. İstər Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün 100 milyon manat vəsaitin toplanması, istər ölkədə ayrı-ayrı şxəslər, ictimai təşkilatların aztəminatlı ailələrə yardım paylaması, istərsə də 10 modul tipli xəstəxananın 4-nün özəl sektor tərəfindən tikilməsi bu həmrəylik və birliyin ən bariz nümunələridir.

Deputat Hikmət Babaoğlu Lent.az-a Azərbaycanda pandemiyaya qarşı aparılan effektli üsulların uğurlu alındığını söyləyib:

“Koronovirus pandemiyası bütün dünyada həm dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu. İqtisadi sferadan başlamış, səhiyyəyə qədər bütün sahələrdə mövcud problemləri bir qədər daha da dərinləşdirdi. Operativ və effektiv tədbirlər görə bilməyən yaxud görmək imkanları olmayan ölkələrdə koronovirus sözün tam mənasında bir fəlakətə çevrildi. Təəssüf ki, bu proses hələ də davam edir. Bu müqayisədə bir də Azərbaycan təcrübəsinə baxdıqda onun ən nümunəvi təcrübələrdən biri olduğu ortaya çıxır. “COVID-19” infeksiyası başlayandan bəri ölkəmizdə koronovirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı. Dövlətin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır. Bunlardan birincisi, dövlətin, ikincisi cəmiyyətin davranışları və üçüncüsü alınan tədbirlərin doğruluq payının dərəcəsidir. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Elə Prezident İlham Əliyev iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronovirusa qarşı aparılan mübarizənin nə qədər effektli olduğunu göstərmiş oldu”.

Həmsöhbətimiz 10 xəstəxanadan 4-nün özəl sektor tərəfindən tikilməsini təqdirəlayiq əlamət hesab edib. Onun sözlərinə görə, həmin modul tipli tibb ocaqlarının özəl sektor tərəfindən tikilməsi dövlətin üzərinə düşən yükü azaldacaq:

“Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar “COVID-19” pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sistemində əlavə, 2000 çarpayılıq ehtiyatı yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir. Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərindəki yük bir qədər azalacaq. Ən mühüm məsələlərdən biri isə koronovirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olmasıdır. Bu məsələni də Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi ki, koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər. Bu bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğrudan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümumi maraqlar naminə səfərbər olmasının ən gözəl nümunələrindən biridir. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər. Bu proses indi də davam edir”.

Deputat pandemiyanın fəsadlarının əksər inkişaf etmiş və əhalisinin sayı Azərbaycanla eyni olan ölkələrlə müqayisəolunmaz dərəcədə olduğunu da deyib:

“Qeyd olunanlarla bərabər əldə etdiyimiz uğurlar bir də müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır. Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Əhalisi bizimlə təxminən eyni olan bəzi inkişaf etmiş ölkələrdə, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - yanaşması ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq. Bu faktlar özlüyündə bir obyektiv qiymətləndirmədir və Azərbaycanda koronovirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki, arxayınçılıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar