Hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, “Polyup” resursları şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin həyata təsirini əyani şəkildə anlamağa dəstək olur.
Portalda sözügedən resurslarlardan faydalanmaq üçün “Teams > General” bölməsində “Polyup” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.
“Virtual məktəb” platformasında tədris aparan müəllimlər “Polyup” platformasını onlayn dərslərində istifadə edə bilərlər. Əyani olaraq Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Elvin Əliyevin distant dərsini izləmək mümkündür.
Qeyd edək ki, funksionallığı və imkanları genişləndirilən portalda hazırda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, elektron dərsliklər, video dərslər, “Polyup”, testlər kimi interaktiv resurslardan istifadə, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlər üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi imkanları təqdim edilib.
Aprelin 2-dən Təhsil Nazirliyinin start verdiyi “Virtual məktəb” layihəsi hazırda ölkə üzrə 500 mindən çox şagird və 45 mindən çox müəllimi əhatə edir. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.