“Papanin”də yaşayanlar evlərinə niyə çıxarış ala bilmir? - <span style="color:red;">Reportaj
30 oktyabr 2019 11:43 (UTC +04:00)

“Papanin”də yaşayanlar evlərinə niyə çıxarış ala bilmir? - Reportaj

Paytaxtın Nəsimi rayonundakı şəhid Namiq Məlikov küçəsinin sakinləri evlərini sənədləşdirə bilmir. 

“Papanin” kimi tanınan bu məhəllənin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat olmasa da, sakinlər deyir ki, hər il onlara paytaxtın bütün ərazisində olduğu kimi, memarlıq baxımından əhəmiyyət kəsb etməyən, kommunikasiya xətti olmayan birmərtəbəli tikililərin hamısının söküləcəyini eşidirlər. Ömrünün 60-80 ilini bu məhəllədə yaşayan Bakı sakinləri  hələ də çıxarış problemini həll edə bilmir. Bu azmış kimi, onlara özlərinə məxsus ərazilərdə tikintiyə də icazə verilmir:

Ələkbər Məmmədovun ata-babası əvvəldən burada yaşayıb: “100 ilə yaxındır bu məhəllədə yaşayırıq. Yəni bu mülk bizə ata-babamızdan qalıb. Bununla bağlı məhkəməyə müraciət etdim, bildirdi ki, siz həmin ərazidə qeyri-qanuni məskunlaşmısınız. “Kupça”larımızı vermirlər. “ASAN Xidmət”ə müraciət edirik, göndərirlər gedin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə. Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməmişik, çünki heç bir köməklik göstərməyəcəklərini bilirik. Öz həyətyanı sahəmdə belə tikinti apara bilmirəm. Çünki pul verməsən, icazə vermirlər”.

Əlixan Nuriyev 60 ildir bu ərazidə yaşayır: “Qızım, döymədiyim qapı yoxdur, amma “kupça” ala bilmirəm.  Birdəfəlik desinlər nə edək”.

Mərdəli Ağayev isə 50 ildir bu evdə yaşayır: “Axı Prezident İlham Əliyevin evlərin sənədləşdirilməsi ilə bağlı sərəncamı var. Buna baxmayaraq, illərdir biz gözləyirik. Evlər sənədləşdirilmir, axı biri evini satmaq və yaxud dəyişmək istəsə, buna hüquqi sənəd lazımdır. İndi əvvəlki dövr deyil, qızım”.

Ədalət Həsənov əlaqədar qurumların yalan vədlərindən zara gəlib: “İnanın, hər il yalan vəd verirlər. Bütün evlərin köhnə dədə-babadan qalma bir pasportu var. Amma nə yeniləmirlər, nə öz həyətimizdə daşı-daş üstə qoymağa imkan vermirlər. Şəhərin mərkəzində “kupça” verilmir”. 

Zöhrə Bayramovanın həyat yoldaşı Qarabağ müharibəsinin veteranıdır: “İstəyirəm mən də yeni evdə yaşayım. Biz xahiş edirik, axı belə yaşayış olmaz. Baxın, bu evə işıq da düşmür. Heç olmazsa, “kupça”lar verilsin. Ən azı sənədlərimiz qaydasında olsun ki, biz sabah bunu sata bilək. İllərdir burda yaşayırıq, burda doğulub böyümüşük. Heç olmazsa, icazə versinlər, mən də bir ev tikim. Axı Prezident sərəncamı ilə bu mümkündür. Ətrafda birinə tikinti üçün icazə verilir, birinə yox”.

Sakinlərin problemini dinlədikdən sonra üz tutduq Nəsimi Rayon İcra Hakimiyyətinə. Mühafizə polisinə gəlişimizin məqsədini açıqladıq. Bildirildi ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı məzuniyyətdə, müavinləri isə iclasdadır. Təxminən gözləmə otağında 40 dəqiqəyə yaxın gözlədik. Səsimizə səs verən olmasa da, gördüklərimizi olduğu kimi təqdim edirik.

- Biz bir saatdır gözləyirik. Sakinlərin şikayəti ilə bağlı əlaqədar şəxslərdən cavab almaq üçün. 
- Ərazi üzrə nümayəndəliyin müaviniyəm. İnanmıram ki, sizi qarşılamasınlar. 
- Baxmayaraq ki, mühafizə polisi məlumat verib, sualımıza cavab verən yoxdur.
- Mən yuxarı çıxıb, onların diqqətinə çatdıraram.

Təxminən 20 dəqiqə bizi yenə gözlətdilər, amma İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Nuru Əhmədovdan cavab çıxmadı. 

Prezident İlham Əliyevin təsdiq etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklərə əsasən, bu il  aprelin 18-dən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etdikdə, komitənin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7, 10 iş günü ərzində yalnız elektron qaydada hazır olmalıdır. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirildi ki, elektron çıxarışlar “Elektron hökumət” portalına yerləşdirilir. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481
avatar

Oxşar yazılar