“Birmənalı olaraq demək olmaz ki, xəstəliyin sayının artmasının səbəbi yalnız məktəbdir və ya sadəcə ictimai nəqliyyatdır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, bu səbəbdən Tədbirlər Planı hazırlananda və tədbirlər görüləndə bir neçə istiqamətdə iş aparılır: “Koronavirusla mübarizə baxımından hamımız rahatlamışdıq. Bunu yalnız məktəblərdə aparılan dərslərlə bağlamaq olmaz, bu, bizim hər birimizə aiddir. Məktəbdə işləyən müəllimlərin də ailə üzvləri var, hansı ki, onlar da ictimai nəqliyyatdan istifadə edir, ayrı-ayrı müəssisələrdə işləyirlər və s. Onlar da bu infeksiyanı gətirib məktəbdə işləyən müəllimi yoluxdura bilərlər. Virusun coğrafiyasından danışanda, bildiyiniz kimi, biz lokal qapanmalara getmişik. Bunun əsasında da görə bilərsiniz ki, hansı bölgələrdə hazırda ciddi yoluxmalar var. Hansısa rayonda, kənddə yoluxmanın çoxluğunu aşkarlayanda, çalışırıq, tez bir zamanda o yeri bağlayaq ki, yayılma başqa bölgələrimizdə baş verməsin”.