"Arxayınlaşmağa haqqımız yoxdur" - Deputat
30 aprel 2020 15:39 (UTC +04:00)

"Arxayınlaşmağa haqqımız yoxdur" - Deputat

Aprelin 27-dən karantin rejiminin nisbətən yumşaldılması insanların əksəriyyətində koronavirusun sovuşması əhval-ruhiyəsini yaradıb. Bu səbəbdən artıq bəziləri maska və əlcək geyinmir, sosial məsafə tələbinə əməl etmirlər. Aidiyyatı orqanlar isə dəfələrlə vurğulayıb ki, ölkədə yoluxma hallarının qarşısı alınmasa, məhdudiyyətlər daha da sərtləşdiriləcək və karantin müddəti uzadılacaq.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a deyib ki, pandemiya başladıqdan etibarən Azərbaycan çox ciddi önləyici tədbirlər görüb və hazırda vəziyyət tam nəzarət altındadır:

"Təkcə pandemiyanın təsirlərinin qarşısını almaq üçün deyil, eyni zamanda, postpandemiya mərhələsində həm sosial-iqtisadi problemlərin həlli, həm də iqtisadiyyatın yenidən dirçəldilməsi iüçün kompleks tədbirlər görülür. Bu günə qədər atdığımız addımların uğurlu nəticəsini gördük. Hər bir Azərbaycan vətəndaşı bilir ki, koronavirus bir neçə fazada özünü büruzə verən pandemiyadır. Gözümüzün önündə dünya təcrübəsini saxlamalıyıq".

Deputat onu da diqqətə çatdırıb ki, ayrı-ayrı ölkələrdə müxtəlif mərhələlərdə problemin səngiməsinin və sonra yenidən baş qaldırmasının şahidi oluruq: "Ona görə də heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik. Çünki bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub. Virusla bağlı Azərbaycan  ictimaiyyəti kifayət qədər maarifləndirilib, çoxsaylı videoçarxlar paylaşılıb. Cəmiyyətə yetərli səviyyədə informasiya ötürülüb. Həkimlərimiz lazımi qədər tibbi maarifləndirmə prosesini reallaşdırıblar".

Deputatın fikrincə, cəmiyyətin ortaq maraqları üçün sosial izolyasiya tədbirlərinə əməl edilməlidir: "Düşünürəm ki, belə vəziyyətdə arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət hər birimizin və bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq. Özümüzü qorumalıyıq ki, yaxınlarımızı mühafizə edə bilək. Yaxınlarımızı qorumalıyıq ki, ətrafdakı insanların sağlamlığının qorunmasına nail olaq. Ətrafdakıları qorumalıyıq ki, bütövlükdə cəmiyyətimizi və xalqımızı qoruyaq. Ona görə əsla karantin rejimi qaydalarının yumşaldılması prosesini arxayınlıq kimi qəbul etməməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar