Yenə həmin ünsürlər, yenə iftira, yenə "yalan maşını" - ŞƏRH
11 noyabr 2021 17:39 (UTC +04:00)

Yenə həmin ünsürlər, yenə iftira, yenə "yalan maşını" - ŞƏRH

Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəallaşmaqdadırlar. Heç kimə sirr deyil ki, ölkə Prezidenti də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir.

Dünyadakı erməni lobbisinin, onu müdafiə edən anti-Azərbaycan şəbəkənin illərlə apardığı təbliğata zidd olaraq, Azərbaycanın Vətən müharibəsindəki böyük qələbəsi, münaqişənin başa çatmasından ötən bir il ərzində heç yerdə görünməmiş sürət, yüksək əzm, güclü siyasi iradə ilə azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işləri, yaradılan strateji infrastruktur, Prezident İlham Əliyevin getdikcə artan beynəlxalq nüfuzu anti-Azərbaycan dairələrində yeni “isterika” yaradıb, Azərbaycana qarşı “yalan maşını”, iftira, qaralama kampaniyaları bir-birini əvəzləyir.

Bir fakta diqqət yetirək. 2021-ci il iyunun 15-də qardaş Türkiyə ilə Azərbaycan arasında imzalanan böyük tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi dən sonra Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya bu müqaviləni dəstəkləyən birgə bəyanat imzaladı. Xarici qüvvələrin əlində alətə çevrilən, daim ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən Milli Şura və onun rəhbərliyi bu bəyanata da qarşı çıxdılar. Öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan bu “liderciklər” siyasi partiyaların birgə bəyanatına imza atmadılar. İmza atmaqdan imtina etmələri bir yana, üstəlik bu bəyanata qarşı həyasızcasına qara piar kampaniyası aparsalar da heç nəyə nail ola bilmədilər. Əksinə, xalqın nifrətini qazandılar, cəmiyyətin böyük etirazı ilə qarşılaşdılar.

Azərbaycan dövlətinə qarşı kampaniyalara ayrılan “qara pullar”dan pay almaq üçün canfəşanlıq edən, özlərini irəli atan antimilli ünsürlər ermənilərlə sinxron qaydada eyni tezislərlə çıxışlar etməyə, yeni təlimatların icrasına girişiblər. Bunlar vaxtı ilə erməni vəhşiliyini, vandalizmini məhz ermənilərin dediyi kimi azərbaycanlıların, soydaşlarımızın üzərinə yıxmağa cəhd etməklə bir daha öz iç üzlərini ortaya qoyan adamlardı. Milli Şura ətrafında yığışan 5-10 nəfər antimilli ünsürlər Ermənistanın səfirliyi funksiyasını həyata keçirirlər və bu quruma rəhbərlik edən adamlar özlərini birbaşa Ermənistanın səfiri kimi aparırlar.

Bu dəfə Azərbaycana qarşı çirkli oyunların koordinasiya ünvanının Vaşinqtondan Londona keçirilməsi, məhz burada bir müddət öncə qondarma “Pandora sənədlərinin” açıqlanmasının ardınca, Azərbaycan xalqı tarixi Zəfərin birinci ilini qeyd etdiyi bir vaxtda, üçtərəfli bəyanatın imzalandığı 10 noyabr tarixində Britaniya parlamentində qondarma “erməni soyqırımının” müzakirəyə çıxarılması, növbəti müzakirənin bir öl öncə Bakıda Türkiyə Prezidentinin iştirakı ilə Zəfər paradının keçirildiyi 10 dekabr tarixinə təyin edilməsi, həmçinin, “Milli Şura” adlanan qurumun rəhbərləri və fəalları olan Cəmil Həsənlinin, Qubad İbadoğlunun, Gültəkin Hacıbəylinin və onların ətrafının İngiltərə paytaxtında peyda olması Azərbaycana və Türkiyəyə qarşı növbəti planlaşdırılmış və koordinasiya olunan hücumun təşkil edildiyini göstərir. 

Vətən müharibəsi dövründə Britaniyanın BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamə qəbul etdirmək cəhdinə qarşı çıxması və anti-Azərbaycan dairələrin ölkəmizə qarşı növbəti hücum cəhdinin iflasa uğramasından sonra erməni lobbisi və onu dəstəkləyən Qərb dairələri Azərbaycan və Britaniya arasında yüksək səviyyəli ikitərəfli münasibətlərə kölgə salmağa, Londonda Bakının “vahiməli” obrazını yaratmağa cəhd göstərirlər. Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdi. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdi.

Son vaxtlar ortaya atılmış “Pandora sənədləri”nin də bir məqsədi var: mümkün qədər çox adamı bu feyklərə inandırmaq. Prezident İlham Əliyev hələ ötən ay İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bu çirkin hekayələrin onun və Azərbaycan xalqı üçün heç bir mənası olmadığını, bu informasiya təxribatlarının da əvvəlkilər kimi iflasa uğradığını açıq şəkildə bildirmişdi. 
"Mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz".
Antimilli ünsürlərin Azərbaycana və Türkiyəyə qarşı qarayaxma platformasında özlərinə yer axtarmaq üçün dəridən-qabıqdan çıxması ikrah və acı təəssüf doğurur.

Böyük Britaniya parlamentində qondarma “erməni soyqırımı” dinləmələrinin müzakirəyə çıxarılması ermənilərin, onların himayədarlarının və Azərbaycanın radikal müxalifət təmsilçilərinin özünüifşa və acı məğlubiyyət hirsinin miqyasını göstərir.

Bu adamlar adi həqiqəti başa düşmürlər ki, artıq siyasi meyitdirlər. Meyit isə heç vaxt dirilməz. Bu qədər sadə yəni...

# 1845
avatar

Oxşar yazılar