“Azərbaycan və Ermənistan prezidentləri artıq dəfələrlə görüşlər keçiriblər. Bu görüşlər zamanı biz Ermənistan rəhbərliyindən tələb edirik ki, Azərbaycanın torpaqları işğaldan azad edilsin. Ermənistan tərəfi isə torpaqlarımızı işğaldan azad etmir. Belə olan halda isə işə vasitəçilər qoşulur. Vasitəçilərin Ermənistana təzyiqlər göstərməlidirlər. Amma ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə turist kimi gəlirlər, elə buna görə də nəticə yoxdur”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti dəfələrlə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib: “Amma Azərbaycan xalqının da səbr kasası var. Biz dəfələrlə şahid olmuşuq ki, Ermənistan prezidenti danışıq xatirinə danışıq aparır. Ermənistan bu problemin həllində maraqlı deyil. Belə olan halda unutmasınlar ki, Azərbaycanın çox güclü ordusu var. Biz Ermənistanın bu şıltaqlığına çox dözə bilmərik. Ermənistan son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmaqla, insident yaratmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir. Ermənistan hazırda müharibə etmək gücündə deyil”.