Zaxarova Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması ideyasından danışdı
17 noyabr 2016 18:03 (UTC +04:00)

Zaxarova Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması ideyasından danışdı

"Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, hələ 2011-ci ildə Soçidə keçirilən Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin görüşündə Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri işlənib hazırlanması ideyası ilə çıxış edib.

 

"ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin köməkçisi bu mexanizmlərin layihəsini birlikdə hazırladılar. Daha sonra bu mexanizmlər ATƏT-in ekspertləri tərəfindən yenidən işlənildi. Vyana sammitində isə qısa müddətdə bu işin sona çatdırılması haqqında razılıq əldə olundu. Lakin bu ilin iyununda üç ölkə prezidentinin iştirak etdiyi Sankt-Peterburqda keçirilən sammitində bu məsələ ilə bağlı təəssüflər olsun ki, razılıq əldə olunmadı. Azərbaycan tərəfi münaqişə bölgəsində hərbi insidentlərin araşdırılmasına ehtiyac olmadığını israr etdi. Belə ki, həmin anda münaqişə bölgəsində vəziyyət sabit idi. Nəticədə mexanizm mövzusu Sankt-Peterburq görüşünün yekunlarına dair birgə qəbul olunan bəyanatda qeyd olunmadı. Bizim fikrimizcə, mexanizm məsələsi aktual olaraq qalır", - deyə M. Zaxarova bildirib.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

APA Baycan

Oxşar yazılar