Avropa Parlamentində “Etnik təmizləmə və İnsanlıq Əleyihinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” (“İmpunity and Responsibilities after Crime against Humanity and Ethnic Cleansing”) adlı beynəlxalq konfrans keçirilib.
Avropa Parlamentinin Brüsseldəki Mənzil qərargahında baş tutan konfransda AP-nın müxtəlif ölkələrdən olan deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
"Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın Lent.az-a verdiyi məlumata görə konfransın açılış mərasimdə Avropa Parlamentinin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əleyhinə törədilən qətliamları pisləyib, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildiriblər. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa Briliyi üzrə nümayəndəsi Arif Məmmdəov, çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat verib, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra beynəlxalq konfrans panel müzakirəsi ilə davam etdirilib. "Xocalıya Ədalət" beynəlxalq təbliğat kampaniyasının koordinatoru Sevinc İsgəndərova tərəfindən kampaniyanın təqdimatı olub. Məruzəçilər Jean Mukimbiri, Mark Barüick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan bu cinayətin soyqırım aktı olduğu və ona Ruanda, Srebrenisa, Sudanda törədilmiş soyqırımlar kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilmişdir.
Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ("Justice for Khodjaly") 2009-ci ildən, Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyət nəticəsində Xocalı qətliamı İƏT Dövlət başçıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırım aktı kimi tanınıb.