Ukrayna Ali Radasında (parlament) hakim Regionlar Partiyası tərəfindən millətlərarası və dinlərarası problemlər, antisemitizm, irqi ayrı-seçkilik halları və bununla bağlı qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə bağlı müzakirələr keçirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinden (BUAK) Lent.az-a verilən məlumata görə, Ukraynada yaşayan az saylı xalqların icma rəhbərlərinin, parlamentdə təmsil olunan hakim və digər partiyadan olan deputatların iştirakı ilə keçirilən “Millətlərarası razılıq və vətəndaş həmrəyliyi” adlı konfransda azərbaycanlılar da daxil olmaqla digər etnik xalqlarla bağlı yeni layihələr təklif olunub.
Hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko çoxmillətli Ukraynada millətlərarası və dinlərarası münasibətlər barədə qanunvericilikdə olan çatışmazlıqlardan, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik halları ilə üzləşmə və bu halların aradan qaldırılması yollarının hüquqi əsaslarla tapılmasının vacibliyindən danışıb. O, çıxışı zamanı konfransda iştirak azərbaycanlı icmasını prezident seçkiləri ilə bağlı təbrik edib və Azərbaycanı tolerantlıq nümunəsi kimi göstərib. Hakim Regionlar Partiyasından olan digər deputat Aleksandr Pressman da ölkədəki çoxsaylı millətlərdən danışaraq, son illər azərbaycanlıların Ukraynada daha çox aktiv olmasından danışıb. O, Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı da BUAK, eləcə də bütün Azərbaycan xalqını təbrik edib və millətlərarası, dinlərarası münasibətlər sahəsində qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycanı nümunə kimi götürməyi təklif edib. Ukrayna Millətlərarası razılıq Komissiyasının sədri Vasil Kostetskiy, parlamentin Azsaylı xalqlar və millətlərarası münasibətlər üzrə komitənin sədri Valeriy Patskan, deputatlar İvan Pepesku və İştvan Qaydoş, çıxış edərək qanunvericilikdə lazımi dəyişiklərin labüdlüyündən danışıblar, təkliflər səsləndiriblər. Çıxış edən ölkədəki tatar, yəhudi, rus, qaqauz və digər xalqların nümayəndələri də öz təkliflərini səsləndiriblər. Azərbaycanlı icmasının rəhbəri kimi çıxış edən BUAK sədri Rövşən Tağıyev çıxışında vətəni Azərbaycanda millətlərarası münasibətlərin nümunəvi hal olduğunu tarixi ardıcıllıqla iştirakçıların diqqətinə çatdıraraq, Ukrayna rəhbərliyinə, yerli deputatlara çoxmillətli dövlətdə bu kimi vacib məsələlərin daim diqqətdə saxlanmasının vacibliyini vurğulayıb. O həmçinin yaxın gələcəkdə Ali Radada azərbaycanlıların da təmsilçisinin olacağına əmin olduğunu bildirib.
Konfransda Ukrayna xalqına ünvanlanmış bəyannamə qəbul olunub, 2014-cü ilin iyin-iyul aylarında “Millətlərarası münasibətlərin qorunması və inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul olunub.