1992-ci ilin ağır sosial-siyasi, iqtisadi böhran dövründə Respublikanın 91 nəfər ziyalısı dövləti bu ağır şəraitdən çıxaracaq şəxs kimi “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Ulu Öndərin 1970-80-ci illərdə xalqımız üçün, dövlətçilik ənənələrimizin inkişafı üçün verdiyi töfhələr bu inamın əsasında dayanırdı. Bütün bu çağırışların məntiqi nəticəsi olaraq 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Partiyanın adından da göründüyü kimi partiyanın qarşıda duran məqsəd - yeni, totalitarizmin buxovlarından azad olmuş, həmçinin ictimai-siyasi sabitliyə nail olmuş Azərbaycanın yaradılmasından, demokratik inkişaf yolunun seçilib, xalq müqəddaratının təyinindən ibarət idi. Nizamnamədə qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi meydana gəlməmişdi. Partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı düçar olduğu acı vəziyyətdən çıxarmaq üçün yaranmışdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaranmasıyla müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. İnsan fəaliyyətinin bütün sferalarını əhatə edən əsaslı islahatlar aparıldı. Azərbaycan dünyaya yol açdı. Xalq milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu.
Bu gün Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası xalq partiyası imicini formalaşdırmışdır. Partiya Azərbaycanda hakim qurumdur. Üzvlərinin sayı 600 mindən çoxdur. Bu say özlüyündə Partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbul edildiyini göstərir. Digər bir vacib amil partiya sıralarına qoşulan gənclərin artım statistikasıdır. Bu gün gənclik YAP-ı təkzibedilməz güc kimi qəbul edir, Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə kimi tanıyır. Çünki partiyanın fəaliyyəti onun məqsəd və vəzifələrinə uyğun şəkildə reallaşır ki, bu da gənclərə, bütövlükdə vətəndaşlara güvənli təsir bağışlayır.
Yeni Azərbaycan Partiyası yarandığı andan etibarən öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirə bilmiş, Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan strateji inkişafa imza atmışdır. Çünki partiyanın amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf və sosial rifahdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”