Moskvada Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Ukrayna-Radisson” hotelində keçirilən iclasda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK prezidenti Mammədbağır Əliyev, Rusiyanın regionlarındakı ÜAK bölmələrinin rəhbərləri iştirak ediblər.
İclası giriş sözü ilə ÜAK prezidenti M.Əliyev açıb. O, konqresin Mərkəzi Şurasının iclasın keçirilməsi üçün yetərsayın olduğunu bildirib. Daha sonra söz Azərbaycan prezidentinin köməkçisi Əli Həsənova verilib.
Əli Həsənov çıxışında Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin Azərbaycanda izlənildiyini söyləyib: "Təşkilat yarandığı gündən biz ÜAK-a Rusiya-Azərbaycan arasında olan siyasi, iqtisadi və digər sahələrdə olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün bir resurs kimi baxırıq. Biz bu resursdan məmnuniyyətlə istifadə edirik".
Prezidentin köməkçisi Azərbaycan və Rusiya arasında keçirilən görüşlərdə ÜAK-ın fəaliyyətinin müzakirə olunduğunu söyləyib: "Rusiya dövləti Ümumrusiya Azərbaycan Konqresinin dinamik fəaliyyətinin tərəfdarıdır. Ona görə də biz Konqresin güclü bir təşkilat olmasında maraqlıyıq".
Daha sonra ÜAK icraçı direktoru İlqar Hacıyev təşkilatın 2015-2016-cı illərdə gördüyü işlərlə bağlı hesabatla çıxış edib.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, səfir Polad Bülbüloğlu çıxış edərək, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.