Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DGK sədri Aydın Əliyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycanın xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. A. Əliyev əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edərək iki ölkə arasında iqtisadi-ticari münasibətlərdən, ticarət dövriyyəsindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı söhbət açıb.
İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, A. Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə Azərbaycan Gömrük Xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin Azərbaycanla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb. Ölkədə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların türkiyəli iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və umidvar olduğunu bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar tükiyəli iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər.
Türkiyənin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə hər iki ölkə arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, xüsusilə, türk iş adamlarının gömrüklə bağlı razılıqlarını ifadə etdiklərini, heç bir problemlərinin olmadığını vurğulayıb.
Səfir bütün sahələrdə,o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə, eləcə də tükiyəli iş adamlarının ölkəmizə investisiya yatırması, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılması işində yaxından iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.