Azərbaycanlıların soyqırımı günü
31 mart 2017 13:42 (UTC +04:00)

Azərbaycanlıların soyqırımı günü

 

Tarixən "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni şovinistləri bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız məkrli ərazi iddialarını gerçəkləşdirmək naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" adı altında qələmə verərək dövlət səviyyəsində dəstəkləmişlər. Daim "əzabkeş erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışan müəyyən xarici qüvvələr tərəfindən “maddi və mənəvi dəstək” alan ermənilər zaman-zaman bədxah niyyətlərini reallaşdırmışlar. XVIII əsrdən etibarən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülən ermənilər sonradan tarixi ərazilərimizə iddialarla çıxış etmişlər. Bu qeyri-hüquqi iddialarını həyata keçirmək naminə isə qəddar addımlardan çəkinməmişlər. 

Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq – özlərinin bu torpaqda məskunlaşdığı dövr qədər -  tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır. Hər il ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilən 31 mart tarixi də erməni vəhşiliyinin ən qanlı səhifələrindən birini təşkil edir. 1918-ci il martın 30 və 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Erməni vandalları milli memarlıq incilərimizi, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımını Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Rəsmi mənbələrə əsasən iyul ayınadək davam edən soyqırımı nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. Bakıda törədilən bu soyqırımına “vətəndaş müharibəsi” adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan, soyqırımının təşkilatçısı və rəhbəri  Stepan Şaumyan 13 Apreldə Moskvaya göndərdiyi məktubda yazır: “ Üç gün içində, yəni 30-31 Mart və 1 Apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və Erməni milli ordusu Müsavat partiyasının liderliyindəki müsəlman “Dikaya Diviziya”sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılar. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə yox edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3000-dən çoxdur. Əgər müsəlman Türklər qalib gəlsəydilər Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə qətliama məruz qalacaqdılar”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Mart soyqırımına əsl hüquqi-siyasi qiymət Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində anılır.

2007-ci ildə Qubada qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar olunmuş, bölgəyə mütəxəssislər cəlb edilmişdir. Aparılan araşdırmalar nəticəsində tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir. Kütləvi məzarlıq Qubanın əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu.  30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında  “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalamış, 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondu tərəfindən inşa edilən Kompleksin açılışı baş tutmuşdur.

Ulu öndər Heydər Əliyevin vurğulamışdır: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. Bəli, biz tariximizi unutmamalı, gələcək nəsillərə də çatdırmalıyıq. Bunun üçün birlik nümayiş etdirməliyik. Əsrlər boyu erməni vandalizminin qurbanı olmuş  xalqımızın qan yaddaşında dərin izlər buraxan bu tarixi hadisələr beynəlxalq hüquqi-siyasi qiymətini tapmalı,  özləri haqqında "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilərin iç üzü bütün dünyaya bəyan olunmalıdır.

Nailə Məmmədova

“Azerbaijan Realities”

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar