1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi hakimiyyətə gətirilən Ulu Öndər Heydər Əliyevin qayıdışı tarixi-siyasi zəmin daşıyırdı. Xalq bu seçimi ilə uzun müddətdir ki, Ümummilli liderin qayıdışını gözlədiyini və qəbul etdiyini sübuta yetirdi. Milli və siyasi xaosun “fəalları” da dövlətin taleyüklü məsələlərinin həllini bir tərəfə qoyub, milli qurtuluşun qarşısını almaq istiqamətindəki “ əməli canfəşanlıqları” ilə əslində qayıdışın tarixi zərurət olduğunu istər-istəməz təsdiq etdilər. Ulu Öndərin hakimiyyətə qayıtdığı dövr məhz daxili və xarici xaosla xarakterizə etmək olar. Yeni müstəqilliyini əldə edən dövlətimizin düçar olduğu ağır və mürəkkəb iqtisadi-siyasi qarışıqlıq dövlətçiliyimizin qorunmasının təminini sual altına salmışdı. Belə bir şəraitdə nəinki daxildə çaxnaşma yaratmaqla məşğul olan, qurtuluşa qısqanclıqla yanaşan, hakimiyyətə hərsicəsinə meyil edən qüvvələr, o cümlədən xarici müşahidəçilər, siyasətçilər xalq dəstəyilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Çox keçmədi ki, bu fikirlərin yanlışlığı, əsassızlığı sübut olundu.
Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrü yaşadı, tarixi nailiyyətlər qazandı. Xalqın, respublikanın taleyi və məsuliyyəti bir rəhbər , bir lider kimi Heydər Əliyevi daim düşündürürdü. Onun ictimai rəydə yekdilliklə qəbul edilən lider imici obyektiv təməllərdən, həyata keçirilən nəhəng quruculuq planlarından, layihələrdən, ali insani keyfiyyətlərdən qaynaqlandığı üçün xalqda bu böyük dövlət xadiminə sarsılmaz inam, dərin məhəbbət yaranmışdı. Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadimi olaraq xalqın inamını qazanmağa nail olmuşdur.
Azərbaycan gerçəkliyində tələb olunan siyasi lider fenomeni Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev siyasi liderliyində ideal səviyyəyə qaldırılmışdır. O, həqiqətən tarixi şəxsiyyətdir. O, xalqını hakimiyyət aləti kimi istifadə edən siyasətçilərdən deyildi. Əksinə, öz siyasi hakimiyyətini xalqın adından və xalqın gələcəyi naminə vasitə hesab edirdi. O, bütün ömrünü bu idealın gerçəkləşməsinə həsr etmişdi. Bu baxımdan Ulu Öndərin 1992-ci ildə söylədiyi “ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” ifadəsi öz səmimiliyi ilə seçilir.
Artıq Milli Qurtuluş tariximizdən 20 il keçir. 20 il bir tarix kimi qısa səslənsə də, dövlətçilik tariximiz və əldə etdiyimiz uğurlarımız baxımından heç də qısa bir dövr kimi xarakterizə olunmur. Azərbaycanın 20 il ərzində nail olduğu istər daxili, istər xarici sabitlik, ictimai ahəngdarlıq, imza atdığımız qlobal miqyaslı uğurlar belə deməyimizə zəmin yaradır. Bu imicin formalaşmasının banisi, səbəbkarı Ulu Öndər olmuşdur. Bugün Azərbaycanın qazandığı hər bir nailiyyətin arxasında Heydər Əliyev fenomeni tərəfindən əsası qoyulan uğurlu gələcək perspektivlərinə istiqamətlənən milli inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də varislik prinsipinə sadiqlik fonunda bu uğurları davam etdirməsidir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"
İctimai Birliyinin fəalı