Avropa Parlamenti 1988-ci ildən bəri insan haqlarının müdafiəçilərini Saxarov adına mükafatla təltif edir.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu ilki mükafata İrandakı müxalifətin vəkili, elə bu yöndə fəaliyyətinə görə, hazırda həbsdə olan Nəsrin Sutudeh və rejissor, məhbus Cəfər Pənahi layiq görülüblər.
Qeyd edək ki, onların hər ikisi Güney Azərbaycan türküdür.
Mükafat dekabrın 12-də Strasburqda keçirilən tədbirdə yiyələrinə təqdim olunmalı idi. Yuxarıda qeyd etdiyimiz səbəbdən onlar bu mərasimə qatıla bilməyib. Saxarov mükafatı 50 min avrodur.
Ötən il bu ödül «ərəb baharı»na öncüllük etmiş 5 hüquq müdafiəçisinə verilmişdi.
Akademik Andrey Saxarov keçmiş SSRİ-də dissidentlərdən sayılıb. 1975-ci ildə isə ona Nobel Sülh mükafatı verilib.
Sutude və Pənahinin adından mükafatlar Nobel Sülh Mükafatçısı Şirin İbadiyə, yunan əslilli Fransa vətəndaşı Kosta Gavrasa, İran hüquqçuları və insan haqları dərnəyinin qurucusu Kərim Lahiciyə, Pənahinin qızı Solmaz Pənahiyə və Fransa kinosu xadimi Serge Tubiana təqdim olunub.
Sutudenin quruma göndərdiyi ismarıcı Şirin İbadi oxuyub. Ailəsinə və yaxınlarına Tehran hakimiyyəti tərəfindən edilən basqılara etiraz olaraq, o, 7 həftə aclıq aksiyası keçirib. O, mesajında ölkəsi üçün «ədalət və müstəqil məhkəmə sistemi» arzuladığını bildirib.
C.Pənainin mesajını isə Kosta Gayras oxuyub:«Hakimiyyət hər ötən gün daha da qəddarlaşır. Tarix çoxluğun həyatına bədbəxtlik gətirmiş azlıq tərəfindən qəbul edilməyəcək gərəkçələrdən istifadə edilərək, yazılır. Bura cinsiyyət, dil, din və siyasi görüş ayrımçılığa aiddir».
İrana dönəcəyindən Pənahinin qızına söz verilməyib.
Avropa Parlamentinin sədri Martin Şults isə İranda ədalət təməl insan haqları və azadlıqları üçün mükafat sahibələrinin çağırışlarını dəstəklədiyini söyləyib.
Almaniyada yaşayan Tehran rejiminə müxalif jurnalistin «Bir yandan İranda insan haqlarının dəstəklədiyinizi söyləyirsiniz, o biri tərəfdən də Avropa Birliyi ölkələri İrana qarşı sanksiyaları gücləndirmir. Burada bir qarışıqlıq yoxmu» sualına cavabında M.Şulst deyib:«Sanksiyalardan kim zərər görür? İqtidardakı mollalarmı, yoxsa küçələrdəki insanlar?»
Sutude və Pənahi bu mükafata Avropa parlamentindəki Sosial Demokrat, Liberal və Yaşıllar qrupları tərəfindən namizəd kimi irəli sürülmüşdü
1963-cü ildə anadan olmuş Nəsrin Sutude 2009-cu ildə İranda keçirilmiş prezident seçkisindən sonra həbs edilib. O, 18 yaşdan kiçik olanların ittiham olunaraq, həbsxanalara göndərilənlərin, qadınların, həbsdəki siyasi müxalifətin haqqının müdafiəçisi kimi tanınır.
N.Sutude «milli təhlükəsizliyi təhdid edən təbliğat aparmaqda» ittiham olunub.O, 2010-cu ildə həbs edilib və təkadamlıq kamerada saxlanılıb.
Cəfər Pənahi isə 1960-cı ildə anadan olub. Onun ssenarisi və rejissorluğu ilə 1995-ci ildə çəkilmiş «Ağ şar» filmi Kann film festivalında «Qızıl kamera» mükafatı alıb. 2010-cu ildə həbs olunaraq, 6 il azadlıqdan məhrum edilib, 20 il isə ona film çəkmək yasaqlanıb.
C.Pənahi çəkdiyi filmlərdə daha çox yoxsul, qadın və uşaqların haqlarını müdafiə edib. Onun həbsdən öncəki «Bu, bir film deyil» adlı filmi qaçaq yolla İrandan çıxarılaraq, Kann Film Festivalında göstərilib.